Türkiyə yaralarını sarımağı bacardı
Tarix

Türkiyə yaralarını sarımağı bacardı

O çətin günlərdə türk qardaş və bacılarımızla həmrəy, həmdərd olduq

Kahramanmaraşın Pazarçıq rayonu. 6 fevral. Yerli vaxtla 04:17. Hər şey elə bu bircə anın içində baş verdi, yer-göy titrədi. 7,7 bal gücündə zəlzələ bütün Türkiyəni oyatdı, ardınca saat 13:24-də Elbistanda 7,6 bal gücündə daha bir yeraltı təkan oldu. Öz "ağırlığını canından çıxaran" yerin həqiqi mənada altı-üstünə çevrildi. Qaziantep, Malatya, Hatay, Adana, Mersin, Osmaniyə - daha neçə-neçə yaşayış məntəqəsində həyat söndü. Bütün Türkiyə yasa batdı. Tektonik zonada yerləşən bu məmləkət tarixən çox belə fəlakətlər yaşasa da, 2023-cü il 6 fevral tarixli zəlzələ öz dəhşətləri ilə yaddaşlara yazıldı.

1939-cu il dekabrın 27-də baş verən 33 min insanın həyatını itirdiyi Ərzincan zəlzələsi Cümhuriyyət tarixinin ilk böyük zəlzələsi hesab edilsə də, son yeraltı təkanlar daha dəhşətli oldu. Ölənlərin sayı 50 mini ötdü. Bu, adi bir rəqəm deyil və onu sadəcə ifadə etməyin özü belə çətin gəlir insana. Körpə, uşaq, gənc, yaşlı 50 minədək insan bir anın içində torpağa gömülmüşdü. Neçə-neçə arzu, istək, qurub-yaratmaq amalı onların özü ilə yox olub getmiş, arxada böyük acılar, göz yaşları qalmışdı. Yerin 7 kilometr dərinliyində baş verən bu zəlzələdə sağ qalmaq isə bir möcüzə idi. Onların sırasını artırmaq, dağıntılar altında qalanları xilas etmək üçün bütün Türkiyə ayağa qalxdı.

Hökumət təcili tədbirlər görməyə başladı, zəlzələdən zərərçəkmiş bölgələrə 53 mindən çox türk fövqəladə hallar işçisi göndərildi. Somadan 90 nəfərlik mədən işçisindən ibarət qrup yardım göstərmək üçün Osmaniyəyə gəldi. İzmir Böyük Şəhər Bələdiyyəsi də onlarla maşın, texnika göndərdi. Fevralın 9-da Qaziantep şəhərini gəzdikdən sonra Rəcəb Tayyib Ərdoğan zəlzələdən sağ qalanların dağıdılmış evlərini bir il ərzində bərpa edəcəyini xalqına söz verdi, həmçinin bildirdi ki, hökumət evsiz qalanlar üçün müvəqqəti yaşayış evləri üzərində işləyir.

O hadisədən sarsılan təkcə Türkiyə, türk xalqı olmadı, Azərbaycan da, xalqımız da üzüldü, göz yaşı tökdü, lakin özünü itirmədi. Böyüklü-kiçikli hamı köməyə tələsdi. Dövlətimiz lazımi qurumlara öz tapşırığını verdi. Paytaxt Bakıdan yardım karvanları yola salındı, bölgələrdən gələn yardımlar paytaxtda toplanıb türk bacı və qardaşlarımıza çatdırıldı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən ilk yardım təyyarəsi fəlakətdən bir gün sonra qardaş ölkəyə yola salındı. Fövqəladə Hallar Nazirliyinin 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri, zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-in zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti də Türkiyəyə yollandı. 10 hərbi həkim, 8 tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da köməyə getdi. Bir sözlə, xalqımız səfərbər oldu. O çətin günlərdə xalqımız ürəyinin hərarətini, sevgisini göndərdi zərərçəkmişlərə, onların yanında olduqlarını, son tikələrini belə bölüşməyə hazır olduqlarını ifadə etmək üçün. O günlərdə əsrlərin sınağından çıxmış, müəyyən dövrlərdə aramıza çəkilən sədlərlə öləzitməyə çalışdıqları, lakin bacara bilmədikləri Azərbaycan-Türkiyə qardaşlığı da zirvəyə çatdı. Ulu öndərimiz Heydər Əliyev və Mustafa Kamal Atatürkün "Bir millət, iki dövlət", "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" ifadələrinin məna yükü hakim kəsildi varlığımıza. Vətən müharibəsində yanımızda olan: "Biz varız!", - deyən Rəcəb Tayyib Ərdoğan, düşmənə qarşı bizimlə birgə döyüşməyə belə hazır olduğunu deyən türk xalqı qədirbilənliklə xalqımızın onlarla həmrəyliyini, yardımını yüksək qiymətləndirdi.

Türkiyə mətbuatının ən nüfuzlu KİV-ləri bizdən danışdı, bizdən yazdı. "Haber Global" televiziya kanalı öz saytında dövlətimizin, xalqımızın yardımlarını əsl qardaşlıq nümunəsi kimi dəyərləndirdi: "Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkçə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir".

"Milliyyət" qəzeti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun yardımlarından yazdı. "Yeni şəfəq" qəzeti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin axtarış-xilasetmə işlərini yorulmadan davam etdirdiklərini qeyd etdi. "Hürriyyət" qəzetində sadə vətəndaşların bu çətin gündə qardaş türk xalqının yanında olduqlarını və yardım etməyi özlərinə borc bildiklərini xüsusi vurğuladı. "Anadolu Agentliyi" yaydığı "Azərbaycan xalqının Türkiyəyə yardım səfərbərliyi davam edir" sərlövhəli yazıda dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların və QHT-lərin də humanitar yardım aksiyasında fəal iştirak etdiklərindən yazdı, o çətin günlərdə qardaş Türkiyə ilə həmrəylik rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin Dövlət Bayrağı rəngində işıqlandırıldığını qeyd etdi.

Türkiyə zəlzələdən sarsılsa da, ayaqda qalmağa özündə güc tapdı, zəlzələ bölgəsində quruculuq işlərinə başlanıldı. Azərbaycan dövləti Kahramanmaraşda sosial obyektlərin tikintisinə yardım etdi, yeni yaşayış sahəsinin təməli qoyuldu. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq daha da genişləndirildi. 2023-cü il sentyabrın 25-də İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində çıxış edən Rəcəb Tayyib Ərdoğan Azərbaycan şairi Hüseyn Cavidin "Dəniz tamaşası" şeirindən misraları səsləndirərək deyib ki, şairin bir əsr öncə etdiyi duanın qəbul olunmasının bəxtiyarlığını yaşayırıq:

"Hər bəladan əsirgə yurdumuzu,

Kamran eylə şanlı ordumuzu!"

Qoy uca Tanrı bu iki qardaş xalqı hər cür bəladan qorusun!

Zümrüd QURBANQIZI,

"Respublika".