Meliorasiya və su təsərrüfatı müasirlik və səmərəlilik prinsipləri ilə inkişaf etdirilir
İqtisadiyyat

Meliorasiya və su təsərrüfatı müasirlik və səmərəlilik prinsipləri ilə inkişaf etdirilir

Azərbaycanda müasir infrastruktur quruculuğu siyasəti çərçivəsində meliorasiya və su layihələrinin icrasının prioritetliyi təmin edilir ki, bu da təsadüfi deyildir. Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirən əsas amillərdəndir. Məhz bu konteksdən yanaşmaqla Azərbaycanda meliorasiya və su təsərrüfatının müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik prinsipləri ilə inkişaf etdirilməsi hədəflənmişdir.

Prezident İlham Əliyevin 2021-ci il aprelin 5-də Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən, onun xüsusi önəm verdiyi meliorativ tədbirlər, tövsiyələr bu gün uğurla həyata keçirilməkdədir.

Respublikamızda icra olunan su layihələrinin statistikası kifayət qədər zəngindir. Son illərdə dövlət başçısının təşəbbüsü ilə respublikamızda Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə kimi su anbarlarının yaradılması ölkəmizin su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması baxımından strateji önəm daşıyır. Bunun nəticəsində ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verilmişdir ki, bu da kənd təsərrüfatı istehsalının, məhsuldarlığın artmasında özünü göstərir. Vətən müharibəsində işğaldan azad edilən ərazilərin su resurslarından istifadə edilməsi, azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi bu gün diqqət mərkəzindədir.

İşğal altındakı ərazilərdə "yaşıl soyqırımı" həyata keçirən, meşələrimizi qıran, torpaqlarımızı amansızcasına istismar edən Ermənistan, həmçinin respublikamızın özünün su mənbələrinə çıxış imkanlarının da qarşısını almışdı. İşğal altındakı ərazilərdə yerləşən Sərsəng və Suqovuşan su anbarları düşmənin nəzarətində idi. Xüsusilə qeyd etmək lazımdır ki, bu iki su anbarını ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyev tikdirmişdi. Sərsəng Su Anbarında 565 milyon kubmetrdən çox su toplanırdı. O vaxtlarda bu mənbədən Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda 100 min hektara yaxın torpağa su verilirdi. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə respublikamızın böyük çay resursları var. Bu ərazilərdə 10-dan çox çay formalaşır. Ölkəmiz işğalın davam etdiyi 30 il ərzində bütün bu su mənbələrindən istifadə edə bilmirdi.

İşğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından söhbət açarkən Xudafərin və Qız Qalası su anbarlarının önəmini ayrıca qeyd edə bilərik. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. Xudafərin Su Anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir".

Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 mart tarixli Fərmanının icrasının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Bununla yanaşı, ölkə başçısının tapşırıqlarından irəli gələn məsələlərlə yerində tanış olmaq və qarşıya qoyulan məsələləri vaxtında yerinə yetirmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər işçiləri vaxtaşırı olaraq respublikamızın müxtəlif bölgələrində olur və mövcud problemlərin operativ həlli üçün təxirəsalınmaz tədbirlər görülür. Bu tədbirlər çərçivəsində cari ilin sentyabr ayında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin mütəxəssisləri ilk olaraq işğaldan azad olunmuş ərazilərdə yerləşən Suqovuşan və Xaçınçay su anbarlarına və su təsərrüfatı obyektlərinə baxış keçirmiş və perspektiv planların həyata keçirilməsi üçün hədəflər müəyyən edilmişdir.

Respublikanın suvarılan torpaqlarının meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görmək, suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətini və onlarda baş verən dəyişiklikləri ötyrənmək, torpaqların şorlaşmasının və bataqlaşmasının səbəblərini araşdırmaq, suvarılan torpaqların meliorativ vəziyyətini qiymətləndirmək və onların yaxşılaşdırılması üçün müvafiq tövsiyələr hazırlamaq, su ehtiyatlarının səmərəli istifadəsini və mühafizəsini, hidrotexniki qurğuların təhlükəsizlik və dayanıqlı istismarını təmin etmək ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin (HGMX və SİMNİ) də qarşısında mühüm vəzifələr kimi qoyulmuşdur.

Suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinə və meliorativ sistemlərin texniki vəziyyətinə nəzarət etmək üçün 2023-cü ilin 9 ayı ərzində respublikanın 1449430 ha suvarılan ümumi torpaq sahəsinin 1353731 hektarında (hidrogeoloji-meliorativ xidmətin nəzarəti təşkil olunmayan 95769 ha torpaq sahələrində: Quba, Qusar, Xızı, Şamaxı, Qobustan, Daşkəsən - 70777 ha və işğaldan azad edilən rayonların istifadəsində olan - 24992 ha suvarılan ərazilərdə) aşağıdakı kompleks işlərin görülməsi təmin edilmişdir:

- suvarma sistemləri və kollektor-drenaj şəbəkələrinin texniki vəziyyətinin tədqiq olunması məqsədilə 1315304 ha sahədə çöl-tədqiqat işləri yerinə yetirilmişdir;

- qrunt, kollektor-drenaj şəbəkəsi və kanal sularının hidrokimyəvi tərkibinin öyrənilməsi məqsədilə rejim-müşahidə quyularından, magistral kanal və kollektorların üzərində qurulmuş 26 hidrometriya məntəqələrindən su nümunəsi götürülmüş və kimyəvi təhlil edilmişdir;

- rejim-müşahidə quyularının fasiləsiz istismarının təmin olunması məqsədilə cari ilin 9 ayı ərzində 439 ədəd quyuda cari təmir, 2312 ədəd quyuda mexaniki təmizlənmə işləri yerinə yetirilmişdir;

- işlək vəziyyətə gətirilmiş quyularda təmir-bərpa işləri başa çatdırıldıqdan sonra, qazıma aqreqatı vasitəsilə quyular yuyulmuş və su çəkmə işləri aparılaraq rejim müşahidələrinin davam etdirilməsi üçün quyular hazır vəziyyətə gətirilmişdir;

- hidrogeoloji-meliorativ xidmətin nəzarətində olan 1353731 ha suvarılan torpaq sahələri qrunt sularının yatım dərinliyinə və minerallaşma dərəcəsinə görə sahələrə bölünmüşdür;

- qrunt sularının, magistral kanal və kollektor sularının və torpaqların şorlaşma dərəcəsinin öyrənilməsi məqsədilə kimyəvi analizlər aparılmışdır;

- torpaqların şorlaşması haqqındakı məlumatlardan istifadə olunmaqla, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar, Ağdaş, Kürdəmir, Zərdab, Göyçay, Ucar, Ağsu, Hacıqabul, Yevlax, Bərdə, Beyləqan, Ağcabədi, İmişli, Abşeron, Siyəzən, Şabran, Xaçmaz, Goranboy və Samux rayonlarında HGMX və SİMNİ-nin apardığı tədqiqatlarla torpaqların şorlaşma dərəcəsi müəyyən edilmişdir.

Qeyd olunan rayonlar üzrə 2023-cü ilin 9 ayı ərzində 100400 hektar ümumi suvarılan torpaq sahəsində şorlaşma dərəcəsinin öyrənilməsi nəzərdə tutulmuşdur. Cari ilin 9 ayı ərzində 79500 hektarda şorlaşma dərəcəsinin təyini üçün aparılan tədqiqat işləri başa çatdırılmış, 20900 ha sahədə isə tədqiqat işləri davam etdirilir.

Hazırda Hidrogeoloji-Meliorativ Xidmətin təşkil edildiyi ərazilər faktiki olaraq Şirvan, Muğan-Salyan, Mil-Qarabağ, Qanıx-Əyriçay, Masallı-Lənkəran, Gəncə-Qazax və Samur-Abşeron və Arazboyu massivlərinin suvarılan torpaqlarını əhatə edir. Mövcud rejim-müşahidə şəbəkəsi qrunt sularının yatım dərinliyinin və minerallaşma dərəcəsi xəritələrinin tərtib olunmasına, torpaqların meliorativ vəziyyətinə nəzarət etməyə, suvarma rejiminin təshih olunmasına, kollektor-drenaj şəbəkəsinin texniki vəziyyətinin yaxşılaşdırılması və meliorativ tədbirlərin effektivliyinin artırılması istiqamətində tədbirlərin hazırlanmasına imkan verir.

Respublika üzrə 2023-cü ilin 9 ayı ərzində suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin qiymətləndirilməsi və müqayisəli təhlili göstərir ki, qrunt sularının hidrogeoloji-meliorativ vəziyyəti baxımdan əlverişli sayılan yatım dərinliyi 1,5 metrdən artıq olan torpaq sahələri suvarılan torpaqların 1291526 hektarını və ya ümumi suvarılan torpaq sahələrinin 95%-ni əhatə edir. Ərazilərin 62205 hektarı və ya 5% isə qrunt sularının yatım dərinliyi 1,5 m-ə qədər olan torpaq sahələridir. Bu isə mövsümi intensiv yağıntılar və suvarma, təzyiqli yeraltı suları ilə əlaqədardır.

Hesabat dövründə suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin qiymətləndirilməsi məqsədilə, əsas göstəricilərdən biri olan qrunt sularının minerallaşma dərəcəsinin əvvəlki illə müqayisəsi və dinamikası öyrənilmişdir. Müqayisədən belə bir nəticəyə gəlinmişdir ki, qrunt sularının minerallaşma dərəcəsi hidrogeoloji-meliorativ vəziyyətə görə əlverişli (başqa sözlə, minerallaşma dərəcəsi 1 litrdə 3 qrama qədər olan torpaqlar ümumi suvarılan və Hidrogeoloji-Meliorativ Xidmətin nəzarəti altında olan əkin sahələrinin 1068350 hektarını və ya 79%-ni təşkil edir.

Bununla yanaşı, 2023-cü ilin 9 ayı ərzində qrunt sularının minerallaşma dərəcəsi 1 litrdə 3 qramdan çox olan sahələr 285381 ha və ya nəzarət altında olan ümumi suvarılan torpaqların 21%-ni təşkil etmişdir. Suvarılan torpaq sahələri az olan digər rayonlarda cari ilin yekunu üzrə qrunt sularının kimyəvi tərkibi və minerallaşma dərəcəsində böyük dəyişiklik olmamışdır.

Cari ilin 9 ayı ərzində Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət işləri plana uyğun olaraq həyata keçirilmişdir. İlk növbədə respublikada sudan istifadə edən təşkilat və müəssisələrdən 2-TG forması üzrə sudan istifadə edən obyektlərin statistik hesabatlarını qəbul edilmiş və Elmi-Tədqiqat İnstitutu MMC ilə birgə təhlil edildikdən sonra Cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq olunaraq Dövlət Statistika Komitəsinə təqdim edilmişdir.

Cari ilin 9 ayı ərzində suların tərkibinə analitik nəzarətin həyata keçirilməsi məqsədilə bir çox müəssisə və təşkilatlarla ödənişli əsaslarla müvafiq müqavilələr bağlanılmışdır. Hidrotexniki qurğuların ətraf sahələrində yerləşən yaşayış məntəqələri, sənaye, kənd təsərrüfatı və istirahət obyektləri tərəfindən suyun çirklənməsinin qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçirilmişdir.

İlin 9 ayında ərazi üzrə mühəndis-nəzarətçilər iş planına əsasən, öz səlahiyyətləri daxilində hüquqi və fiziki şəxslər tərəfindən suların istifadəsini-mühafizəsini tənzimləyən su obyektlərində və sahilyanı zonalarda müxtəlif növ istehsal müəssisələrinin və hidrotexniki qurğuların (HTQ) təhlükəsiz istismarına dair normativ aktlarla müəyyən edilmiş qaydalara riayət edilməsi istiqamətində fəaliyyət göstərmişlər. ASC-nin balansında olan obyektlərinin mühafizə zolaqlarında yerləşən sənaye və istirahət obyektləri tərəfindən suyun çirklənməsinin qarşısını almaq üçün tədbirlər görülmüş, cari ilin 9 ayı ərzində həmin ərazilərdən 813 su nümunəsi götürülərək HGMX və SİMNİ-nin suların keyfiyyətinə nəzarət laboratoriyasına təhlil üçün təhvil verilmişdir.

Cənab Prezidentin 16 noyabr 2022-ci il tarixli Fərmanı əsasında "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad olunmuş Ağdam, Tərtər, Füzuli rayonu ərazilərində tikintisi başa çatmış və bərpası tamamlanmış ərazilərdə Meliorasiya və Su Təsərrüfatı obyektlərinin Suqovuşan, Xaçınçay, Aşağı Köndələnçay, Köndələnçay-2 və Köndələnçay-3 texniki vəziyyətinin qiymətləndirilərək elektron kadastr məlumatları və xəritələrin hazırlanması işləri bu il ərzində də aparılmışdır.

Sonda qürur hissi ilə qeyd etmək istəyirəm ki, Şanlı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 19 sentyabrda Qarabağ İqtisadi Rayonu ərazisində, Rusiya hərbi kontingentinin müvəqqəti təsir zonasında başlatdığı lokal xarakterli antiterror tədbirləri düz bir gün sonra dayandırıldı və düşməni bir daha məğlub etməyə nail oldu. Bu dəfə 24 saat belə tamam olmadan erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq təslim oldular, Azərbaycanın şərtlərini yerinə yetirməyi qəbul etdilər.

Bu tarixi qələbəmiz qəlbimizdə sonsuz fərəh və qürur hissi yaratmaqla yanaşı, məsuliyyət hissimizi də xeyli dərəcədə artırıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin aparıcı struktur bölmələrindən olan HGMX və SİMNİ-nin kollektivi hər zaman olduğu kimi, bundan sonra da respublikamızın suvarılan torpaqlarında, xüsusilə işğaldan azad olunmuş ərazilərdə hidrogeoloji-meliorativ xidmət və suların mühafizəsinə, istifadəsinə nəzarət işlərinin yüksək səviyyədə və əzmlə həyata keçirilməsini təmin edəcəkdir.

Saleh SADIQOV,

Azərbaycan Meliorasiya və

Su Təsərrüfatı ASC HGMX və

SİMNİ-nin rəisi, respublikanın

Əməkdar mühəndisi.