Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təminatında önəmi artır
İqtisadiyyat

Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təminatında önəmi artır

Enerji təhlükəsizliyi sahəsində mühüm hadisə olan Bakı Enerji Həftəsi davam edir. O, özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil&Gas", 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 29-cu Bakı Enerji Forumu. Bu həftə ərzində enerji sənayesinin liderləri Bakıda bir araya gəliblər. Tədbirdə 37 ölkədən 300-dən artıq şirkət iştirak edir. Bakı Enerji Həftəsi dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir.

Tədbir çərçivəsində təqdim olunan layihələr və reallaşdırılan konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulmasına, təcrübə mübadiləsinə və inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir. Yəni ənənəvi enerji resursları sənayesini "yaşıl enerji" istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Bu da ölkəmizin qlobal enerji bazarındakı mühüm rolunu bir daha təsdiqləyir. Bir məqamı da vurğulamaq lazımdır ki, 2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Belə ki, bu il respublikamızın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. "Əsrin müqaviləsi" görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və ölkəmizi dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edilir. Məhz "Əsrin müqaviləsi" ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyulub. Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında bu məsələyə toxunub: "1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, bp şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan bp və ABŞ-dan "Amoco" beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər. Dediyim kimi, bura çox riskli bir ölkə idi, investorlar həmişə siyasi çətinliklərə və geosiyasətə qarşı həssasdırlar. Lakin onlar hökumətə və xalqa etibar etdilər".

Tədbir çərçivəsində müxtəlif beynəlxalq təşkilatlar və dövlətlər ölkəmizə müraciət ünvanlayıblar. Avropa İttifaqı, OPEC və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi kimi təşkilatlar Azərbaycanın enerji sahəsindəki rolunu yüksək qiymətləndirdiklərini bildiriblər. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi ilə bağlı ünvanladığı məktubda isə qeyd edilib ki, uzun illərə əsaslanan və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur layihələri ilə taclandırdığımız əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana fayda gətirməyib, həm də bölgənin və Avropanın enerji təhlükəsizliyinə önəmli töhfələr verib. İndi isə bərpaolunan enerjidə, yeni texnologiyalarda və enerji mənbələrinin şaxələndirilməsində iki ölkə əməkdaşlığı gücləndirəcək. Naxçıvan vasitəsilə elektrik enerjisi ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələri ən yaxın zamanda başa çatdırılacaq.

Bakı Enerji Həftəsi çərçivəsində ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubu isə xüsusi diqqət çəkir. Məktubda bildirilir ki, Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət və sadiqlik məndə məmnunluq doğurur. Xəzərin sahib olduğu əhəmiyyətli külək enerjisi potensialı Azərbaycanın təmiz enerji ixracının neft və qaz ixracını üstələyəcək gələcəyə gətirib çıxara bilər. Bu isə göstərir ki, Bayden bir həftə ərzində 2-ci dəfə məktub göndərərək ölkəmizin mövqeyini dəstəkləyir. ABŞ prezidentinin nadir hallarda belə enerji toplantılarına təbrik məktubu göndərməsi Azərbaycan-ABŞ münasibətlərinin əhəmiyyətini və ikitərəfli əlaqələrin inkişafını göstərir. Eyni zamanda ermənipərəst konqresmenlərin destruktiv siyasətinin iflasa uğradığına işarə edir.

Azərbaycan artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. Ölkəmiz beynəlxalq konqres və sərgilərdə fəal iştirak edir və inkişaf etmiş infrastruktura malikdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin dünyada beynəlxalq və genişmiqyaslı tədbirlərin uğurlu təşkilatçısı statusunu bir daha sübut edir. Dövlət başçısı Bakı Enerji Həftəsində çıxışı zamanı bildirib ki, iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır: "Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq. Çünki Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir". Bir məqamı da qeyd edək ki, bu il mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi Bakıda səfərdə olub. Onlar Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən iqlim dəyişikliyi ilə bağlı narahatlıqlarını bölüşərək bir sıra təkliflər səsləndiriblər. Təkliflər İtki və Zərər Fondunun fəaliyyətə başlaması, iqlim maliyyələşməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin müəyyən edilməsinin yekunlaşdırılması, iqlim dəyişikliyinin qarşısının alınması tədbirlərinin görülməsi, təmiz enerjiyə ədalətli və bərabər keçid prosesinin qəbul edilməsindən ibarət olub. Onlar Azərbaycanın COP29-a sədrliyindən gözləntilərinin böyük olduğunu dilə gətiriblər. Ada dövlətlərinin rəsmiləri hesab edirlər ki, COP29 təkcə qlobal miqyasda deyil, konkret olaraq kiçik ada ölkələri üçün mühüm məsələlərin həllində dönüş nöqtəsi olmalıdır. Buna görə də COP29 çərçivəsində əldə olunacaq razılaşmalar kritik əhəmiyyətə malikdir.

Jalə QASIMZADƏ,

"Respublika".