LAÇIN: arzularımız çin olub, yurdumuza dönürük
Region

LAÇIN: arzularımız çin olub, yurdumuza dönürük

Laçın rayonunun cənub hissəsini – Güləbird və digər bir neçə kəndi şanlı ordumuz döyüşərək, vuruşaraq azad etdi, ən əsası isə Laçın-Xankəndi yoluna nəzarət ələ keçirildi. Bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi, faktiki olaraq, Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardı. Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur oldu və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzaladı.

Laçın rayonunun ən böyük hissəsinin artıq siyasi yollarla azad edildiyini vurğulayan Qalib Ali Baş Komandan İlham Əliyev 2020-ci il dekabrın 1-də xalqımıza müraciətində qeyd etdi ki, bu, bizim böyük tarixi Zəfərimizdir. Mən müharibənin ilk günündən bu günə qədər - sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşlı insanlar, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri bir arzu ilə, biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik. Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan da böyük xoşbəxtlikdir. Qeyd edək ki, 2021-ci il fevralın 14-də Müzəffər Ali Baş Komandan Laçın rayonunun Güləbird kəndində üçrəngli bayrağımızı qaldırıb.

İşğaldan azad olunmuş ərazilərin bir qismini, əsasən də Laçını görmək bizə də qismət oldu. Bu yaşadığımız ömrün ən unudulmaz səhifələrindən biri idi. Noyabrın 22-də səhər tezdən "Qobu Park-3" yaşayış kompleksindən Laçına növbəti köç yola düşürdü. 21 ailə - 81 nəfərin 31 illik həsrətinin sona çatmasına saatlar qalmışdı. Laçınlıların sevincinə şərik olmaq üçün biz - "Respublika" qəzetinin əməkdaşları da həmin yerə gəldik.

Hava tam işıqlanmamışdı. Laçınlılar yavaş-yavaş onlar üçün təyin olunmuş yerə toplaşırdılar. Keçmiş köçkünlərin üz-gözündən bəlli olurdu ki, bəlkə də onlar bunun real, yoxsa yuxu olduğunun fərqində deyillər. 31 il öncə məcburi şəkildə tərk etdikləri vətənə bəlkə də dönəcəklərini ağıllarından belə keçirmirdilər. Amma bu, həqiqət idi. Onları yola salmaq üçün qohum-qonşu, rəsmi nümayəndələr də orada idi. Doğma yurda qayıdanları qürurlu görünürdülər. Həm də bunu verdikləri müsahibələrdə də bildirirdilər ki, artıq köçkün adı üstlərindən götürülüb buna görə çox sevinclidirlər. Bundan sonra başı dik gəzəcəklərini deyirdilər. Düzdür, işğal dövründə dövlət onlara hər cür şərait yaratmışdı, amma doğma yurdun yerini heç nə vermir. Nəhayət, maşın karvanı ilə birlikdə dağlar diyarını görmək, orada gedən quruculuq işləri ilə tanış olmaq üçün Laçına yola düşdük.

Yolboyu hiss edirdik ki, laçınlılar çox həyəcan keçirir, elə bil rahatlıq tapa bilmirdilər. Bunun səbəbi Vətən həsrəti, ata-baba yurduna qovuşmaq istəyi idi. İşğaldan azad olunam ərazilərə yaxınlaşdıqca həyəcan bir qədər də artırdı. Horadizə daxil olanda ağlımızdan ilk keçən bu oldu ki, Horadiz tarixi qələbəmizin, quruculuq işlərinin başlanğıcıdır. Çünki 1994-cü ildə azad olunmuş bu ərazi, hələ illər öncə düşmənə verilən bir mesaj olmuşdu. Laçına səfərimiz zamanı dağıdılan əraziləri görəndə düşmənin azğınlığının bir daha şahidi olduq. Pezidentimizin Füzuli şəhəri azad olunanda bayraq sancmağa yer tapa bilmədik sözləri tam mənası ilə erməni vəhşiliyini əks etdirirdi. Çünki Füzulidə bir dənə olsun belə salamat tikili qalmayıb. O cümlədən, Cəbrayıl da bu vəhşiliyin qurbanı olub. Yol boyu dağıdılıb yandırılan evlər, minalanmış ərazilər... Zəngilandan keçirik. Rayonun Ağalı kəndinə kənardan baxanda sanki cəhənnəmin ortasında bir cənnət gördük, özü də əsl cənnət…

Zəngilandan keçib üzü Laçına sarı gedirik. Sağ tərəfimiz xarabalıqdır, solumuz isə gülüstana çevrilib. Nəhayət, Qubadlıdan keçib dağ yollarıyla Laçın şəhərinə daxil oluruq. Bu yerlərdən keçərkən hər qarışında şəhidlərimizin ayaq izləri, al qanları hopan torpağın Vətənə çevrildiyini hiss edirsən. Sıldırımlı yollarla Laçına daxil olanda dağların əzəmətindən adam lap heyrətə gəlir. Elə bu andaca 2020-ci ilin 10 noyabrını xatırlayırıq. Prezidentimizin döyüşü saxlamaqla böyük bir ərazini ,çətin relyefe malik olan rayonlarımızı bir güllə atmadan geri qaytarması qazanılan zəfərin ən uca nöqtəsidir. Düşünürük ki, əgər burada döyüşlər davam etsəydi sözsüz ki,neçə-neçə oğullarımızı itirərdik. Düzdü, bizim ordumuz hər cür döyüş şəraitinə hazırdır. Lakin itkisiz bu yerləri almaq mümkün olmayacaqdı.

Laçına çatırıq, artıq sakinlər öz doğma el-obasına qovuşur. Əvvəlcə bura köç etmiş qohumlarla, keçmiş qonşularla görüşüb öz yeni evlərinin işıqlarını yandırırlar. Artıq onlar üçün yeni bir həyat başlayır. Yeni güzəran, yeni tale yolları onları gözləyir. Biz isə ayaqüstü də olsa, sakinlərlə söhbət etdik. Uzaqdan erməni kəndlərini görüb qeyri-ixtiyari yerli sakinlərdən soruşuruq ki, qorxmursunuz? Aldığımız cavab çox qətiyyətli oldu. "Nədən qorxacağıq, onlar qorxsunlar ki, biz buradayıq". Bu sözlərdən hiss olunurdu ki, laçınlıların özgüvəni, inamı geri qayıdıb. Dövlətimizin və ordumuzun gücünü tam olaraq hiss edirlər. Onlar 90-cı illərdəki kimi gücsüz ölkənin deyil, indi qüdrətli dövlətin vətəndaşlarıdırlar.

Laçın Gorus-Şuşa-Kəlbəcər-Qubadlı arasında strateji nöqtədə yerləşir. Təbii resurslarla zənginliyi bu diyarın əhəmiyyətini daha da artırır. Coğrafi mənbələrə əsasən deyə bilərik ki, Zəngəzur dağ silsiləsinin bütün zirvələri öz başlanğıcını Laçından götürür. Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlardan, böyük çınqıllıqlardan, yeraltı və yerüstü mədənlərdən, mineral yataqlarından, eləcə də silsilənin ətəkləri isə nadir növlü ağaclara malik enliyarpaqlı meşələrdən və kolluqlardan ibarətdir. Zəngəzur dağ silsiləsinin şimal-şərq və cənub-şərq istiqamətlərində dağlar arasında xeyli sayda böyük şirin su ehtiyatına malik göllər vardır. Təsadüfi deyildir ki, Həkəri, Bərgüşad, Tərtər və Bazarçay çayları öz mənbələrini həmin göllərdən götürür. Bir çox nağıl və əfsanələrdə adı çəkilən Arpaçayın mənbəyi dəniz səviyyəsindən 3000-4000 metr yüksəklikdən başlayır. Göründüyü kimi, bu yüksəkliklər Laçını Qarabağa çox möhkəm tellərlə bağlayıb. Laçın Qarabağla Zəngəzur arasında həm də möhtəşəm bir körpü rolunu oynayır. Düşmən ölkə 1992-ci il mayın 18-də ən mühüm strateji mövqedə yerləşən Laçın rayonunu işğal edərək yerli əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Erməni işğalı nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Həmin vaxt rayonun əhalisi 79.1 min nəfər olub və respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı yalnız Azərbaycan iqtisadiyyatına deyil, mədəniyyətimizə, tarixi-mədəni irsimizə də ciddi ziyan vurub. Erməni işğalı nəticəsində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Laçın rayonunun işğal altına düşməsi böyük faciə idi. Rayonun işğalı imkan verdi ki, artıq Ermənistan ilə keçmiş Dağlıq Qarabağ arasında yol bağlantısı olsun. 30 ildən artıq Ermənistan həmin yol vasitəsilə Xankəndi və ətraf ərazilərdə məskunlaşan separatçıları yemləyib, əllərinə silah-sursat verib. Nəhayət, 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edən müzəffər Azərbaycan Ordusu 2020-ci il noyabr ayının əvvəlində Laçın rayonunun bir çox yaşayış məntəqələrini şiddətli döyüşlər nəticəsində azad edərək Ermənistanla Xankəndini birləşdirən Laçın dəhlizinə nəzarəti ələ keçirdi. 2020-ci il noyabr ayının 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi. Ona görə Laçın rayonunun geri qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Bu barədə dövlətimizin başçısı İlham Əliyev bildirib ki, biz müharibə zamanı təqribən 5 min, kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik. Eyni zamanda, təxminən bir o qədər - 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var. Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə. Mən deyəndə ki, məsələnin hərbi yolu var, bunu nəzərdə tuturdum. Əgər düşmənin başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı. Düşmən bu işğalı əbədiləşdirmək istəyirdi və onların bütün çirkin əməlləri bu məqsədi güdürdü. Laçın rayonuna da bir eybəcər erməni adı vermişdilər. Artıq yoxdur bu ad, zibil yeşiyinə atıldı bütün başqa eybəcər adlarla bərabər.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın həm döyüş meydanında, həm də siyasi yollarla qaytarıldı. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi ordunun qarşısında dayanan əsas vəzifələrdən biri idi.

Döyüş meydanında və siyasi müstəvidə böyük üstünlük qazanan Azərbaycanın tələbi ilə 2022-ci il avqustun 26-da Laçın şəhərində, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşan ermənilər bu ərazilərdən köçürüldülər. Orada yaşayan ermənilər Azərbaycan dövlətinə müraciət ünvanlayaraq, Laçını tərk etmələri üçün onlara əlavə vaxt verilməsini xahiş etdilər. Halbuki, bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan, daha çox xaricdən - Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Azərbaycan rəhbəri humanistlik göstərərək onlara bu imkanı yaratdı. Ermənilər isə öz xislətlərinə uyğun olaraq faşist təfəkkürü ilə uzun illər yaşadıqları evlərə od vuraraq yandırdılar və heç utanıb qızarmadan bu vəhşiliyi törətdilər. Bundan əvvəl isə, Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, rahatlıqla bütün əşyalarını götürdülər. Azərbaycan Ordusunun bölmələri onlara ərazini tərk etmək üçün bütün şəraiti yaratdı. Bunun müqabilində isə Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törətdilər. Təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə ermənilər tərəfindən rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb. Rayondan zorla köçkün düşən əhali özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Bütün baş verənlər azərbaycanlılarla ermənilər arasındakı fərqi anlamaq üçün hazırda ermənidən çox ermənilik edən dövlətlər üçün əyani bir nümunə olsa da həmin dövlətlər erməni cinayətlərini görməməzliyə vururlar.

Öz azadlığına qovuşan Laçında quruculuq, inkişaf, bərpa, ləyaqətli qayıdış dövrü başlayıb. Laçında aparılan quruculuq işləri haqqında Prezident İlham Əliyev bildirib ki, Laçın şəhəri Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, bir cənnət məkan olacaq: "Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik".

Vətən müharibəsi qələbə ilə başa çatdıqdan sonra rayonun böyük bir hissəsi Azərbaycanın nəzarətinə keçsə də, Laçın şəhəri, Zabux və Sus kəndlərində hələ də ermənilər yaşayırdı. Ermənistan məhz bu amildən istifadə edib şəhəri boşaltmaq istəmirdi. Prezidentin siyasi iradəsi nəticəsində imzalanan 10 noyabr bəyanatında şəhərin qaytarılması şərtlər sırasına daxil edildi. Dövlət başçısının təkidilə alternativ yolun çəkilişi Bəyanata salınmış və icra müddəti bir qədər qeyri-müəyyən ifadələrlə göstərilmişdir. Bəyanatda qeyd olunmuşdu ki, üç il ərzində bu məsələ ilə bağlı müzakirələr aparılacaq. Lakin Vətən müharibəsi başa çatan kimi dövlət başçısın göstərişilə yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edildi və bir il yarım ərzində yeni yol inşa olundu. 2022-ci il avqustun 2-də yol istismara hazır vəziyyətə gətirildi. Lakin Qarabağ ermənilərinin nümayəndələrinin xahişləri nəzərə alınaraq avqustun 25-nə qədər onların bu əraziləri tərk etməsi üçün möhlət verildi. Nəhayət, avqustun 26-da Zabux, Sus kəndlərinə və Laçın şəhərinə nəzarət bərpa edildi. 2022-ci il sentyabrın 21-də bölgəyə səfər edən ölkə rəhbəri Azərbaycan Dövlət Bayrağını Laçın şəhərinin mərkəzində qaldırdı və bəyan etdi ki, biz artıq bu doğma diyarımızda əbədi yaşayacağıq. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir və 2020-ci il dekabrın 1-də Ermənistan silahlı qüvvələrinin və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarması keçmiş Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərin azad edilməsi posesini başa çatdırdı.

İndi Laçın da digər rayonlarımız kimi geniş abadlıq-quruculuq meydanına çevrilib. Artıq Laçın şəhərində 363 ailə - 1389 nəfərin, Zabux kəndində isə 121 ailənin, yəni 475 nəfərin daimi məskunlaşması təmin edilib. Ümumilikdə isə Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox sakin yerləşəcək. Dövlət başçısı tərəfindən Güləbird və Qorçu kəndlərinin Baş Planı da artıq təsdiqlənib və birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 nəfərin yerləşməsi nəzərdə tutulub. 2024-cü ilə kimi 10 minə yaxın laçınlı öz dogma yurdunda rahat yaşaya biləcək.

Laçın şəhərinin girişi hesab olunan poçt dairəsi adlandırılan yerdən başlanılan tikinti-quruculuq işləri artıq tamamlanır. Laçın sakinləri bu yeri həm də dörd yol adlandırıblar və təsadüfi deyil ki, həmin yolun bir tərəfi Ermənistandan, digəri Qubadlıdan, bir tərəfi Şuşadan, sonuncusu isə Laçının mərkəzindən gəlir. Yerli əhalinin dediyinə görə, bir zamanlar buralarda ev tikmək, yurd salmaq çox çətin olub. Çünki ərazi dağlıq, sərt qayalıqdır, evin bünövrəsini qazmaq, özünü tikməkdən çətinimiş və baha başa gəlirmiş. Yerli sakinlər deyirlər ki, Laçın şəhəri əvvəl olduğu kimi, bərpa olunur, yəni, hər kəsin öz evi necədi, eləcə bərpa olunub verilir. Bu da bizim üçün xüsusilə önəmlidir. Laçının çıxışı, Həkəri çayına gedən istiqamətdə, gözəl mənzərəli yerdə Laçın məscidi inşa olunacaq. Füsunkar təbiəti, meşələri, dağları, çayları ilə Laçın torpağı cənnəti xatırladır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma işləri nəticəsində Laçın nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. 30 illik işğaldan sonra Laçının siması dəyişir, yeni və müasir bir görkəmə qovuşur. Qeyd edək ki, Laçının mərkəzində həyata keçirilən infrastruktur layihələr icra ediləndən sonra dağlar qoynundakı bu şəhər sözün əsl mənasında İsveçrədən də gözəl olacaq. Laçın şəhərində yenidənqurma işlərində Azərbaycanın bütün bölgələrindən olan insanlar çalışır və onların böyük əksəriyyəti laçınlılardır. Laçın sakini Mahir Şahverdiyev deyir ki, öz evini tikməkdən, öz yurdunu gözəlləşdirməkdən böyük xoşbəxtlik ola bilməz. Bu sevinci laçınlılara yaşatdığına görə dövlətimizin başçısı möhtərəm İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Laçında həmsöhbət olduğumuz şəhər sakinləri bildirdilər ki, möhtərəm Prezidentimiz, Sizin sərkərdəlik şücaətiniz, liderlik bacarığınız, diplomatik istedadınız nəticəsində laçınlıların taleyində yeni bir həyat başlayır. Biz yalnız köçkünlük həyatımıza son qoymuruq, həm də öz yurdumuzu yenidən qurmağa imkan qazanırıq. Buna görə də sevincimizin həddi-hüdudu yoxdur. Sizin rəhbərliyinizlə doğma torpaqlarımıza həyat qayıdır, quruculuq işləri sürətlə aparılır. Fəxr edirik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Laçının yenidən qurulmasında fəal iştirak edirik. Bundan böyük xoşbəxtlik ola bilməz. Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Laçın şəhərinin 100 yaşı tamam olur. Laçınlılar deyirlər ki, bu hadisələrin üst-üstə düşməsi də qürurvericidir. 100 il keçməsinə baxmayaraq, bizə, laçınlılara elə gəlir ki, biz də, Laçın da dünyaya yenidən gəlmişik və doğma şəhərimizin bir əsrlik yubileyini təntənə ilə, qürurla Qalib Ali Baş Komandanımız cənab İlham Əliyevə minnətarlıqla qeyd edəcəyik.

Salman ALIOĞLU,

Musa BAĞIRLI,

İsmayıl SƏFƏRZADƏ (FOTO),

"Respublika".

Bakı-Laçın-Bakı.