İranda soydaşlarımızın hüquqları bərpa olunmalıdır
Digər xəbərlər

İranda soydaşlarımızın hüquqları bərpa olunmalıdır

Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum bir daha İranda insan haqlarının pozulduğunu sübut etdi. Məlumdur ki, uzun müddətdir İranda etiraz aksiyaları davam edir və hökumətin əhaliyə qarşı göstərdiyi zorakılıq vəziyyətin necə acınacaqlı olduğunu təsdiqləyir. Öz əhalisinin hüquqlarını kobud şəkildə pozan İranın burada yaşayan azərbaycanlıların hüquqlarını necə pozduğunu isə sözlərlə ifadə etmək mümkün deyil. Təsadüfi deyil ki, Güneydə yaşayan soydaşlarımız daxil olmaqla ümumilikdə xalqın hüquqlarının pozulmasına bir sıra ölkələr açıq şəkildə öz etirazını bildirib. Hətta 2022-ci il 10 dekabr tarixində Avstraliya insan haqlarını ciddi şəkildə pozduğuna görə İrana qarşı sanksiyalar tətbiq edib. Tətbiq edilən bu sanksiyalar İranın bir daha vandalizm siyasətini beynəlxalq ictimaiyyətə çatdırır.

Hazırda Güney Azərbaycanda 35 milyondan çox soydaşımız yaşasa da, onların hüquqları məhz hökumət tərəfindən qorunmur. Güneydə yaşayan soydaşlarımızın dilinə, mədəniyyətinə burada hörmət edilmir. Hətta "din qardaşımız" öz konstitusiyasında ölkə ərazisində yaşayan xalqların mədəniyyətinin, dilinin qorunmasına, hüquqlarının pozulmasının qarşısının alınmasına zəmanət versə də bunlara əməl etmir. Konstitusiyada qeyd olunanların əksinə, şovinizmə söykənən fars-molla rejimi İranda yaşayan azərbaycanlıların milli hüquqlarını kobud şəkildə pozur, onları sıxışdırır və Azərbaycan dilinin inkişafına mane olaraq buna qarşı çıxanları sərt şəkildə cəzalandırır. Cəzalar isə bir-birindən ağırlığı ilə hər kəsi heyrətə gətirir. Sırf öz milli mədəniyyətini, ana dilini qoruduğu üçün soydaşlarımız ya vəhşicəsinə qətlə yetirilir, ya da uzunmüddətli həbs cəzasına məhkum edilir. İranda davam edən etirazlar burada yaşayan azərbaycanlıların daha çox təzyiqlərə məruz qalmasına, anti-Azərbaycan siyasətinin günü-gündən artmasına təkan verir.

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarının pozulmasından ciddi narahat olduğunu bildirmişdir: "Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb". Ölkə başçımız, həmçinin Azərbaycanın hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin bu imkanlardan məhrum olduğunu vurğulayaraq lazımi addımların atılmasının vacibliyini qeyd etmişdir.

Əlbəttə, bütün bunlara İranda yaşayan soydaşlarımız da susmamalı, öz haqlarını tələb etməlidirlər. Çünki baş verən hadisələrin hər biri beynəlxalq hüquq normalarına ziddir. Güney Azərbaycandakı həmvətənlərimiz Azərbaycan dilində danışmaq və təhsil almaq uğrunda əzmlə mübarizə aparmalıdırlar. İranda 2013-cü il 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirdə üzərində "İran azərbaycanlılarının hüquqlarını dəstəkləyin", "Siyasi məhbusları azad edin" sözləri yazılmış plakatlar qaldırılmış, "İran yalnız farsların deyil" kimi şüarlar səsləndirilmişdir.

Qeyd edək ki, İrandakı siyasi böhranlar soydaşlarımıza təsirsiz ötüşməmişdir. Belə ki, İraq-İran müharibəsi zamanı yüzdən çox azərbaycanlı pilot, o cümlədən minlərlə həmvətənimiz şəhid olmuşdur. Hətta İran İslam Respublikasının xaricdəki intellektual mənəviyyatı da məhz azərbaycanlılar tərəfindən qorunur. Bütün bunlara baxmayaraq, İranın hazırkı rejimi qeyri-fars qruplarını fundamental hüquqlarından məhrum etməyə davam edir. Hətta Güney Azərbaycanda yerli mətbuat, idarəçilik və rəsmi sənədləşdirmələrin Azərbaycan dilində aparılması qadağan edilmişdir. Hər nə qədər təəssüf hissi keçirsək də inanırıq ki, bütün baş verənlər bir gün sona çatacaq və haqq-ədalət öz yerini tapacaq. İranda yaşayan soydaşlarımızın səsi dünyaya çatacaq və onların hüquqları bərpa olunacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".