İqtisadi yüksəliş dövrü
İqtisadiyyat

İqtisadi yüksəliş dövrü

Müasir sənaye müəssisələrinin, yeni istehsal sahələrinin yaradılması ixrac potensialını genişləndirir

Ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirilir. Bu islahatlar çərçivəsində iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun stimullaşdırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində kompleks tədbirlər görülür.

Yeni iqtisadi şəraitdə ölkəmizdə həyata keçirilən inkişaf strategiyası, ilk növbədə regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi idxaldan asılılığın azaldılmasına və ixracyönümlü məhsul istehsalına keçməklə iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində qazanılmış uğurların miqyası və əhatə dairəsi xeyli genişlənib.

"İqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir. Düşünürəm ki, biz bu istiqamətdə yaxşı uğurlar əldə etmişik". Bu fikri Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunda bildirib. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən etibarən dövlətin iqtisadi siyasətinin təkmilləşdirilməsi, davamlı iqtisadi islahatların dərinləşdirilməsi istiqamətində qlobal iqtisadi çağırışlara adekvat və müasir konseptual yanaşmalar təmin edilib. Milli iqtisadiyyatın səmərəli formada şaxələndirilməsi istiqamətləri müəyyənləşdirilib, qeyri-neft sahələrinin inkişafı sürətləndirilib. Qlobal çətinliklər şəraitində və dünyada qeyri-sabit maliyyə mühitinin hökm sürdüyü dövrdə ölkə əhalisinin sosial rifahının davamlı olaraq yaxşılaşdırılması kimi mürəkkəb vəzifələrin və problemlərin həlli istiqamətində mühüm qərarlar qəbul edilib.

Hazırda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlayır. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda bu sahənin dayanıqlılığının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır.

Bu sahənin inkişafında əsas məqsəd ölkənin neft amilindən asılılığını minimuma endirməkdir. Bu dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır. Məhz bu səbəbdən, dövlət başçısının sənayeləşmə siyasəti xeyli vaxtdır ki, ölkənin iqtisadi inkişafının əsas istiqamətlərindən biri elan olunub və sözügedən istiqamətdə mühüm tədbirlərin icrası daha da sürətləndirilib.

Ölkəmizdə müasir sənaye müəssisələrinin, yeni istehsal sahələrinin yaradılması nəticəsində daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Belə müəssisələrdən biri də "Diamed Development Group" MMC-nin Pirallahı rayonunda yaradılan dərman zavodudur. Bir hektar ərazisi olan zavod 3 min kvadratmetr qapalı sahədən ibarətdir. Parkda 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. Onlardan "R-Pharm" MMC və "Diamed Co" MMC artıq fəaliyyətə başlayıb. Rezidentlər tərəfindən buraya 36,6 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox iş yeri yaradılıb. Növbəti mərhələdə 30 milyon manat investisiyanın qoyulması və daha 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda "Diamed" dərman istehsalı zavodunun açılışında iştirak edib. Müəssisənin layihəsi İsveçrə şirkəti tərəfindən Qabaqcıl İstehsal Təcrübəsinə (GMP), istehsal xətti isə Avropa Farmakopeyasına uyğun olaraq hazırlanıb. Yüksək texnologiya və tam qapalı sistemlə təchiz edilmiş zavodun istehsal avadanlıqları İtaliya, ABŞ, Almaniya, İsrail kimi ölkələrdən alınıb. İstehsal olunan məhsullar zavoda məxsus müasir laboratoriyada Avropa Farmakopeyasının tələblərinə uyğun mütəmadi olaraq yoxlanılır. Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları) və 5 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri) mövcuddur. Sənaye parkları və məhəllələrdə sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb.

İnvestisiya fəaliyyətinin genişləndirilməsinə, sahibkarlıq mühitinin yaxşılaşdırılması və stimullaşdırılmasına, sənaye istehsalının artırılmasına xüsusi önəm verilir. Qeyri-neft sahələrinin rəqabət qabiliyyətinin artırılması yüksək və davamlı iqtisadi artımın təmin edilməsində mühüm rol oynayır. Ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sahənin inkişafı üçün əlverişli şərait yaradılıb. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişləndirilməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən Dövlət proqramları qəbul edilmişdir. Əhalinin ərzaq məhsullarına tələbatının davamlı şəkildə ödənilməsi məqsədilə son illərdə qəbul edilmiş Dövlət proqramlarının icrası, aqrar sahənin ixracyönümlü məhsullarının istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına səbəb olmuş, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır. Son dövrlər ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Artıq Azərbaycanda aqrar sektorun yeni siması olan - aqroparkların yaradılması istiqamətində kompleks tədbirlər uğurla həyata keçirilir.

Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndirilir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməli olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcək.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar artıq öz bəhrəsini verir. İslahatlar nəticəsində iqtisadiyyatın bütün sektorlarının sürətli inkişafı, tədiyyə balansında müsbət saldoların yaranması bunu bir daha təsdiqləyir. İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri-neft məhsullarının ixracında müsbət tendensiya davam edir. 2024-cü ilin 1-ci rübündə regionlar üzrə iqtisadi göstəricilərdə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə artımlar müşahidə olunub. Belə ki, ümumi məhsul buraxılışı 2,9 faiz artımla (nominal ifadədə) 7,8 milyard manat, kredit qoyuluşu 18 faiz artımla 5,6 milyard manat, əsas kapitala investisiyalar 1,7 milyard manat təşkil edib. Bu ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 30 faiz artaraq, 1 milyard 188 milyon manat təşkil edib.

Aparılan sosial-iqtisadi islahatlar, əldə edilmiş makroiqtisadi sabitlik və yoxsulluğun aşağı olması həyat səviyyəsinə müsbət təsir göstərir. Ölkədə müasir həyat üçün qabaqcıl infrastruktur və təminat mövcuddur. Azərbaycanın dünya iqtisadiyyatına sürətli inteqrasiyası ixracın genişlənməsini şərtləndirir, bu şəraitdə ticarət tərəfdaşlarının sayı isə ilbəil artır. Hazırda dünyanın 180 ölkəsi ilə ticari-iqtisadi əlaqələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi siyasətinin əsas prioritetlərindən biri də məhz qeyri-neft sektorunda "Made in Azerbaijan" brendli rəqabətədavamlı, ixrac potensialına malik məhsulların istehsalı, onların xarici bazarlara çıxarılması və ölkəyə valyuta gətirməsi ilə bağlıdır. Ona görə də ölkəmizdə rəqabətədavamlı məhsul istehsalının və yerli məhsulların ixracının stimullaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb və görülən işlərin qeyri-neft ixrac potensialının yüksəldilməsində əhəmiyyətli rolu durmadan artır.

Mustafa KAMAL,

"Respublika".