“Heydər Əliyev İli” çərçivəsində mini-futbol turniri
İdman

 “Heydər Əliyev İli” çərçivəsində mini-futbol turniri

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən silsilə tədbirlər həyata keçirilir.

16 iyun Agentlikdən verilən məlumatda bildirilir ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan ANAMA əməkdaşları arasında mini-futbol turnirinə start verilib.

15 iyun - Milli Qurtuluş Günündə açılış mərasimi baş tutan turnirin 15 iyul Agentliyin yaradılmasının 25 illik ildönümü ərəfəsində başa çatması nəzərdə tutulub.

Agentliyin Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə həyata keçirilən turnir çərçivəsində ANAMA əməkdaşlarından ibarət 8 komanda mübarizə aparacaq. Turnirin ilk qarşılaşması Agentliyin Xocavənd mobil bazasında Şuşa və Xocavənd komandaları arasında baş tutub. Oyundan öncə Azərbaycan Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirin açılış tədbirində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev və digər qonaqlar iştirak ediblər.

Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov açılış nitqi ilə çıxış edərək komandalara uğurlar arzu edib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş turnirin əhəmiyyətindən söz açaraq Ulu Öndər tərəfindən əsası qoyulmuş idman siyasətininin inkişafından  bəhs edib.

“Respublika”.