Həvəskar heykəltaraş
Region

Həvəskar heykəltaraş

İnsan arzuları sərhəd tanımır, hər ömür bir həyat hekayəsidir, acısı da var, şirini də. Ömürdən ömürlər üstünə gün düşəndə daha mənalı olur, zəhmətlə ötüşən hər gün dəyər qazanır. Mirsiyabın da həyat hekayəsi işğal illərini, zamanın sərt sınaqlarını, keçmiş məcburi köçkünlüyün gətirdiyi çətinlikləri, yurd həsrətini əhatə edir. Mirsiyab Birinci Qarabağ müharibəsində erməni faşistlərinə qarşı döyüşlərdə iştirak edib. Çoxdan ürəyində yuva quran arzusu onu rahat buraxmırdı, nəhayət, bir gün əllərini bir ağac kötüyünə toxundurdu, adi bir odun parçasından fiqur düzəltdi. İlk işi yaxşı alınmasa da, ruhdan düşmədi və beləcə, onun ömür hekayəsinə yeni bir səhifə yazıldı.

Ağdam rayonunun “Dördyol-1” qəsəbəsində məskunlaşan keçmiş məcburi köçkün Mirsiyab Abdullayev ixtisasca musiqiçi olsa da, həvəskar heykəltaraş kimi tanınır. Onun müxtəlif illərdə hazırladığı əl işləri zəngin təbii bir muzeyi xatırladır və bura yolu düşənlər onu  böyük maraqla seyr edirlər.

Qeyd edək ki, həvəskar heykəltaraşın əl işləri arasında kababxana, samovarxana, dəyirmi masa, fəvvarə və digər fiqurlar da diqqəti cəlb edir. Qarabağ müharibəsi veteranı olan M.Abdullayev deyir ki, Ermənistanı məğlub edən, yurd həsrətimizə son qoyan qəhrəman əsgərlərimizə həsr olunan kompozisiya üzərində düşünürəm. İstəyim odur ki, bu kompozisiyanı Ağdama qayıtdıqdan sonra orada hazırlayam.

                                             Salman ALIOĞLU,

                                               “Respublika”.