Fransa törətdiyi cinayətlərə görə üzr istəməlidir
Siyasət

Fransa törətdiyi cinayətlərə görə üzr istəməlidir

Fransanın daxili işlər naziri Jeral Darmaninin “France-2” telekanalına müsahibəsində Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasındakı münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirlər böhtan xarakterlidir. Yeni Kaledoniyada öz müstəqilliklərinə qovuşmaq istəyən kanakların haqq səsini qaldırmaları onların  təməl hüquqlarıdır. XXI əsrdə neokolonializm siyasəti yürütmək və azad yaşamaq istəyən xalqların hüquqlarını silah gücü ilə boğmaq cinayətdir. Fransanın daxili işlər naziri ölkəmizə şər-böhtan atmaq əvəzinə, kanakların və digər müstəmləkə ölkələrdə yaşayan xalqların azadlığa qovuşması  üçün yolları açsa daha yaxşı olar. Fransa  kanak xalqının istəyi ilə razılaşmalı, Yeni Kaledoniyada aborogen xalqların assimilyasiya olunması, onların seçim hüquqlarının məhdudlaşdırılması və adaya aid olmayan fransızlara səsvermə hüququnun verilməsi kimi çirkin niyyətlərinə davam etməkdən çəkinməlidir. Azadlıq uğrunda səsini ucaltmaq istəyən gənc kanakları gülləbaran etmək, qanunsuz həbslər həyata keçirmək və insanları qorxu altında saxlamaq Fransanın əsil simasını açır. Əgər Fransa özünü demokratiyanın carçısı kimi təqdim edir, beynəlxalq hüquq və ədalətdən danışırsa, bunu ilk növbədə kolonializm siyasəti ilə istismar etdikləri xalqlara azadlıqlar verməklə nümayiş etdirsin. Bu gün yeni Kaledoniyada “Tiktok” sosial şəbəkəsini bağlayaraq insanlara verdiyi işgəncələri dünya ictimaiyyətindən gizlətmək və ümumiyyətlə internet şəbəkəsini bağlayacağı ilə hədələmək insan haqlarının tapdanması deyilmi? Beynəlxalq hüququn təminatçısı  olan BMT  Yeni Kaledoniyada baş verən proseslərə müdaxilə etməli və Fransa hökuməti tərəfindən kanak xalqına qarşı cinayətlərin davam etdirilməsinə dayan deməlidir. 

Fransa törətdiyi cinayətləri gizlətmək üçün başqa dövlətlərə böhtan atmaq və günahlandırmaqla özünə haqq qazandırmağa çalışır. Amma yaxşı olardı ki, rəsmi Paris müstəqil ölkələrin daxili işlərinə qarışmaq əvəzinə, neokolonilizm siyasətini dayandırsın və köləlikdə saxladığı xalqların hüquqlarını tanısın, kanakları hərbi güclə əsarətdə saxlamaq və assimilyasiya etmək siyasətindən əl çəksin. O cümlədən Fransanın daxili işlər naziri Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlara görə xalqımızdan üzr istəməlidir.

Azər BADAMOV,

Milli Məclisin deputatı.