ABŞ-ın dəyişkən
Siyasət

ABŞ-ın dəyişkən "Ukrayna ssenarisi"

Bu gün dünyada baş verən münaqişələrdə ABŞ-ın ikili standartlara əsaslanan yanaşması özünü bəlli edir. Uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsində də rəsmi Vaşinqton fərqli ssenariyə əsaslanır.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrelin noyabrın 11-də Avropa Sosialistlər Partiyasının qurultayında çıxışı zamanı söylədiyi fikirlər bunu bir daha təsdiqləyir. Borrel qeyd edib ki, ABŞ Ukraynaya yardımını azalda bilər.

Şübhəsiz, bunun bir sıra səbəbləri var. İlk olaraq, Ukraynanın əks-hücum əməliyyatlarının nəticəsi rəsmi Vaşinqtonu qane etmir. Bununla bağlı Prezident Cozef Bayden də öz tənqidi fikirlərini səsləndirmişdi. Ağ Evin bu cür mövqe sərgiləməsi əslində, ölkənin "Rusiya" planlarının iflasa uğrayacağı ilə bağlı narahatlığına işarədir. Bu baxımdan, ABŞ-ın hər an Ukraynadan tamamilə üz çevirə biləcəyi ehtimalı da var. Hətta bu, yaxın zamanda baş verə bilər. Ağ Evin nə Ukraynanın, nə də Yaxın Şərqin taleyi barədə düşünmədiyi bəllidir. Rəsmi Vaşinqton bütün siyasi proseslərə "oyun" kimi baxır və öz həmləsini edir. Daha dəqiq desək, ABŞ-ın budəfəki məqsədi Ukraynadan istifadə etməklə Rusiyanı zəiflətmək və bölgəyə təsir gücünü artıqmaqdır. İlkin vəziyyətə nəzər salsaq görərik ki, ABŞ əvvəllər Ukraynanı müharibəyə "şirnikləndirirdi". Bununla da Ukrayna Ağ Evin "tələsinə" düşdü və Rusiya ilə üzləşməli oldu. Rəsmi Kiyevin həyata keçirdiyi əks-hücum əməliyyatları heç bir nəticə vermədi. Ümumiyyətlə, müharibə Ukraynaya baha başa gəldi. Çünki ölkənin böyük bir hissəsi hazırda xarabalığa çevrilib, bərpa işləri isə illərlə davam edəcək. Bununla paralel, Ukrayna Vaşinqtonun siyasi və maliyyə dəstəyindən asılı vəziyyətdədir. Belə olan halda, Zelenski seçim qarşısında qalır. Şübhəsiz, rəsmi Kiyev ABŞ-ın planlarına zidd olaraq danışıqlara razı olsa, Ağ Ev Ukraynadan üz döndərəcək. Bunun nəticəsi isə Ukrayna üçün çox ağır ola bilər. ABŞ-ın Kiyevə göndərdiyi silah-sursat sadəcə müharibəni davam etdirmək məqsədi daşıyır.

Rəsmi Kiyev dəfələrlə silah-sursatın çatışmazlığı barədə Qərbə tənqidi fikirlər ünvanlayıb. Məsələn, bu yaxınlarda Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov Ukraynanın qərbdəki "tərəfdaşlarının" silah tədarükünü təxirə saldığını deyib. Bu isə birbaşa ABŞ və Ukrayna arasında əsən soyuq küləklərdən xəbər verir.

 Rəsmi Vaşinqtonun müharibəni davam etdirməkdə digər məqsədi isə Ukraynada keçiriləcək prezident seçkilərini təxirə salmaqdır. Qərbin Zelenskidən istifadə etdiyi hər kəsə məlumdur. Əgər seçkilər baş tutsa, "Zelenski kartı" Qərbin əlindən çıxa bilər. Müharibə davam etdiyi müddətdə seçkilərin baş tutmaması daha real görünür. Mövcud vəziyyət Rusiya ilə Ukrayna arasındakı müharibənin hələ xeyli müddət davam edəcəyini söyləməyə əsas verir. Rəsmi Vaşinqtona gəldikdə isə onun 2008-ci ildə Gürcüstan kimi, Ukraynanı da riyakarcasına təkbaşına qoyacağı istisna deyil. Ağ Evin hazırkı addımları bunu göstərir.

Bu gün ABŞ-ın sərgilədiyi mövqe bütövlükdə Qərb ölkələrinin ənənəvi yanaşmalarının, siyasətlərinin dəyişmədiyindən xəbər verir. Özgə vaxt sülhdən "dəm vuran", barış üçün çağırış edən, hətta münaqişələrdə "vasitəçi" rolunu oynayan Qərb bu gün münaqişəni daha da alovlandırmaq niyyətindədir. Qərb, eləcə də ABŞ ölkəmizə qarşı eyni mövqe nümayiş etdirmişdi. Hələ işğal dövrünə nəzər yetirsək, Qərb dövlətlərinin söz sahibi olduqları aparıcı beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində heç bir addım atılmadığını görmək mümkündür. Əksinə, tarixə qovuşmuş Qarabağ münaqişəsi 30 il uzanmasına Qərbin selektiv yanaşması da öz təsirini göstərdi. Çünki onlar bir dəfə də olsun işğalçı Ermənistanın barbar əməllərini pisləmədilər. Əksinə, işğala məruz qalan dövlətlə işğalçını bərabər tutdular. Qərb, eləcə də ABŞ hesab edirdi ki, bununla münaqişəni donduracaqlar. Amma ölkə başçımızın qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun gücü ilə onların bu planı iflasa uğradı. Dövlətimiz regiondakı vəziyyəti köklü şəkildə dəyişməklə nəinki rəsmi Vaşinqtona, bəzi Qərb ölkələrinə qüdrətimizi nümayiş etdirdi. Azərbaycan bir daha göstərdi ki, bu gün ABŞ-ın timsalında Qərb ölkələrinin vaxtikən Gürcüstana, indi isə Ukraynaya hazırlatdıqları "ssenarilər" keçərsizdir.

Nəzrin ELDARQIZI,

"Respublika".