TAP: qarşılıqlı əməkdaşlıq və davamlı inkişaf layihəsi
Siyasət

TAP: qarşılıqlı əməkdaşlıq və davamlı inkişaf layihəsi

31 dekabr 2020-ci ildə TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli başlayıb. Ölkəmiz tarixdə ilk dəfə olaraq öz təbii qazını boru kəmərləri vasitəsilə Avropa bazarına çıxarıb. Bununla da dünyanın ən böyük təbii qaz idxalçısı olan, Avropa bazarına birbaşa çıxışı olan Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

Cənub Qaz Dəhlizinin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. "Şahdəniz" layihəsinin tammiqyaslı işlənilməsinin 2-ci mərhələsi olan "Şahdəniz Mərhələ 2" Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə olaraq, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, qitənin enerji təhlükəsizliyini artıracaq. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı.

2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyulub. 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 29 may 2018-ci il tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb. Cənub Qaz Dəhlizinin ümumi dəyəri təxminən, 40 milyard ABŞ dollarıdır.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağından təbii qazı Avropaya daşıyır. 878 kilometrlik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır. Qaz nəqlinə başladığı ilk gün TAP vasitəsilə Avropaya 10,9 milyon kubmetr təbii qaz nəql edilib. Azərbaycan təbii qazını Avropaya çatdırılmasını həyata keçirən Trans-Adriatik Boru Kəməri (TAP) istismara veriləndən Avropaya 18 milyard kubmetrdən çox təbii qaz nəql edilib. Bu, Avropanın enerji təhlükəsizliyinə töhfə verib. Qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya nəql edən TAP artıq maksimum ötürmə gücünə çatıb. Söhbət sutkada 33 milyon kubmetr həcmində təbii qazın ötürülməsindən gedir ki, bu da illik orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir. Bu həcmlərin 10,5 milyard kubmetri İtaliyaya nəql ediləcək. Uzunmüddətli məqsəd boru kəmərinin ötürmə qabiliyyətini iki dəfə artırmaqdır. Daha bir mərhələ! Kommersiya əməliyyatlarının başlanmasından bəri TAP Yunanıstan, Bolqarıstan və İtaliyaya 18 milyard kubmetrdən çox qazı təhlükəsiz şəkildə nəql edib. TAP-ın gücü Avropanın Enerji Təhlükəsizliyinə əlavə töhfə vermək üçün mərhələli şəkildə ikiqat artırıla bilər. Avropa yeni mənbədən alternativ marşrut üzrə təbii qaz əldə etməklə öz enerji təhlükəsizliyini gücləndirəcək. Avropa daxilində hasilatın azalması bazarda əlavə qaz həcmlərinə ehtiyac yaradır və Azərbaycan qazı da məhz bu ehtiyacın ödənilməsinə kömək edəcək. Beləliklə, qoca qitə üçün Azərbaycanın əhəmiyyəti daha da artacaqdır.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr qaz ixrac edib. Bu həcmin 8,2 milyard kubmetri Avropanın payına düşüb. 2022-ci ildə qaz ixracı 22-23 milyard kubmetr həcmində nəzərdə tutulur ki, bunun da 11,5 milyard kubmetri Avropaya ixrac olunacaq. TAP-ın ötürücülük gücü Avropanın enerji təhlükəsizliyinə əlavə töhfə vermək üçün mərhələli şəkildə ikiqat artırıla bilər. TAP-ın çatdırdığı təbii qaz həcmləri Avropa İttifaqı üçün yeni, etibarlı, təhlükəsiz və sərfəli enerji mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır.

TAP Cənub-Şərqi Avropa ölkələrini də qazla təchiz edə bilər. Boru kəmərinin Yunanıstan ilə Albaniyadakı və İtaliya sahilinə çıxışları Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı zəmin, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılmasına böyük imkanlar yaradır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, eləcə də yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın şaxələndirilməsində, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rola malikdir.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin də yekunlaşdırılması və bu nəhəng layihənin tam sistem kimi işə salınması Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi rolunu daha da gücləndirir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasından sonra Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artacaq. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında Prezident İlham Əliyev çıxışında 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi layihəsinin mövcud olan ən yüksək ekoloji standartlara cavab verdiyini qeyd edib. Eyni zamanda, dövlətimizin başçısı bildirib ki, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin etməklə, Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən tranzit ölkə kimi əhəmiyyətini artıracaq.

Hazırda dünya miqyasında enerji təhlükəsizliyi aktuallığını saxlayır. Bu baxımdan, gözəl əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan tranzit və istehlakçı ölkələrlə birlikdə çalışır. Belə layihələr bölgədəki sabitliyi daha da möhkəmləndirir.

Mustafa KAMAL,

"Respublika".