Fernandu Santuş: Ən qısa müddətdə uğur əldə etmək istəyirik
İdman

Fernandu Santuş: Ən qısa müddətdə uğur əldə etmək istəyirik

"Çalışacağıq ki, Azərbaycan millisi reytinq cədvəlində yuxarı yerlərdə olsun. Bu, komandaya əlavə stimul verəcək".

"Respublika" xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Gürcüstan millisinin Avropa çempionatına vəsiqə qazanması Azərbaycan yığması üçün yaxşı stimul olacaq: "Burada nailiyyət əldə etmək üçün çox yaxşı şərait var. Texniki heyətlə birlikdə Azərbaycanda yaşayacağıq. Buranın mədəniyyəti ilə tanış olacağıq. Aşağı yaş qrupları ilə işləyəcək, ölkə çempionatındakı oyunları izləyəcəyik. İşimizə ciddi yanaşacağıq".

Təcrübəli baş məşqçi bundan əvvəl Türkiyənin "Beşiktaş" komandasında işlədiyi üçün Azərbaycana daha rahat uyğunlaşacağını söyləyib: “2021-ci ildə Azərbaycana gələndə təəccüblənmişdim. Ölkəniz çox gözəldir. Türkiyədə yaşamaq xoş idi. Lakin mənim bura gəlməyimdə "Beşiktaş"ın rolu olmayıb. Əgər uğursuzluq yaşasaq, günahı məşqçilər heyətində görəcəyəm".

Türkiyə millisinin sabah Almaniyada start götürəcək Avropa çempionatındakı şanslarını da dəyərləndirən mütəxəssis “ay-ulduzlular”ın uğurlu çıxış edəcəyinə inamını vurğulayıb.