Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisi təyin olunub
İdman

Fernandu Santuş Azərbaycan millisinin baş məşqçisi təyin olunub

AFFA İcraiyyə Komitəsinin (İK) onlayn formatda növbəti iclası keçirilib.

"Respublika" milli assosiyasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komitənin iyunun 3-də təşkil olunmuş toplantısında müzakirə edilən baş məşqçi məsələsinin davamı olaraq, Azərbaycan milli komandasının sükanı arxasına tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.

Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq, Azərbaycan yığmasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.

Prosesin qısamüddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq, portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və Avro-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.