Fermerlər aqrar sahənin aparıcı qüvvələridir
Ekologiya

Fermerlər aqrar sahənin aparıcı qüvvələridir

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və "Paşa Holdinq"in dəstəyi ilə "Aqrar Fəaliyyətli Azərbaycan Qadınları" (AFAQ) və "Şəhərdən kəndə" layihələri çərçivəsində Kürdəmir Rayon İcra Hakimiyyətində fermerlərlə görüş keçirildi. Tədbirdə "Aqrar tədarük və təchizat" ASC-nin biznesin inkişafı departamentinin direktoru Hikmət Hüseynov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağalı Kərimli və rayonun fermerləri iştirak etdilər.

Tədbirdə "Paşa Holdinq"in dəstəyi ilə həyata keçirilən AFAQ layihəsi çərçivəsində kənd təsərrüfatında qadın sahibkarların sayının artırılmasından və onların inkişafından bəhs edildi. Bundan başqa, "Şəhərdən kəndə" layihəsi haqqında da məlumat verildi. Layihənin əsas məqsədi fermerlər üçün əlavə gəlir mənbələrinin yaradılması, kəndlilərin öz məhsullarını alıcılara çatdırma şərtlərinin asanlaşdırılmasıdır. Qarşılıqlı müzakirələr şəraitində keçən tədbirdə  kənd evlərinə, təsərrüfat və istehsal sahələrinə mütəmadi turların təşkil olunduğu diqqətə çatdırıldı. Turistlərin təsərrüfat sahələrinə daha rahat səfər etmələri üçün "Şəhərdən kəndə" elektron platformasının yaradıldığı qeyd olundu. Fermerlər aqrar sahədə qarşıya çıxan çətinliklərdən, bu çətinliklərin aradan qaldırılması yollarından danışdılar.

Tofiq HÜSEYN,

"Respublika".