Ermənistanın Azərbaycana vurduğu ekoloji zərbə ilə bağlı BMT-də məsələ qaldırılıb
Ekologiya

Ermənistanın Azərbaycana vurduğu ekoloji zərbə ilə bağlı BMT-də məsələ qaldırılıb

Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji zərbə ilə əlaqədar BMT-də məsələ qaldırılıb.

AZƏRTAC xəbər verir ki, "Environmental Protection First" (EPF) Koalisiyasının üzvü olan "Sağlamlığa Xidmət" İctimai Birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva sentyabrın 22-də keçirilən Baş Assambleyanın vərəmlə bağlı yüksək səviyyəli görüşündə Ermənistanın qanunsuz, heç bir ekoloji norma və standartlar gözlənilmədən apardığı dağ-mədən sənayesi işlərinin həm region insanlarının sağlamlığını, həm də region ekosistemini təhdid etdiyini bildirib. P.Vəliyeva Baş Assambleyaya səslənərək deyib: "Təmsil etdiyim təşkilat hazırda Cənubi Qafqaz regionunda Ermənistan Respublikası tərəfindən ekoloji norma və standartları kobud şəkildə pozan dağ-mədən sənayesinin qarşısını almaq məqsədilə advokasiya fəaliyyəti aparır. Ermənistan yüksək zəhərli kimyəvi tullantıların ətraf mühitə atılmasına məsul olmaqla beynəlxalq səviyyədə qəbul edilmiş bir çox konvensiyaları, o cümlədən BMT-nin Espoo Konvensiyasının tələblərini kobud şəkildə pozaraq transsərhəd çayları çirkləndirir. Biz insan sağlamlığına və ekosistemimizə zərər vuran, sağlamlığımızı riskə atan bütün cəhdləri pisləyirik".