Sel və daşqınlara qarşı qabaqlayıcı tədbirlər
Ekologiya

Sel və daşqınlara qarşı qabaqlayıcı tədbirlər

Sel və su daşqınları kəndlərə, təsərrüfatlara, bütövlükdə infrostruktura böyük ziyan vurur, hətta bəzən insan ölümünə səbəb olur. Elə buna görə də su daşqınları ilə mübarizə həmişə aktualdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilir ki, hər il olduğu kimi, bu il də Oğuz rayonu ərazisində mövcud əkin sahələrinin suvarılması, o cümlədən sel və daşqınlara qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Bu istiqamətdə işlər plana uyğun aparılır. Daşağıl çay sistemində güclü sel suları nəticəsində qəzalı vəziyyətə düşən daş-beton bəndin əsaslı təmirinə başlanılıb. İşlər sürətlə davam edir. Əraziyə texnika vasitəsilə beton verilir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Oğuz rayonunda yerləşən yerli idarəsi ümumilikdə 13min hektardan artıq suvarılan sahələrin suvarma suyu ilə təmin olunmasına xidmət edir. Cari ildə 3543 hektar taxıl, 235 ha qarğıdalı, 731 ha yem bitkiləri, 203 ha bostan-tərəvəz, 5954 ha çoxillik əkmələr, 112 hektardan artıq tütün və 1794 ha həyətyanı olmaqla ümumilikdə 12572 ha suvarma aparılıb. Daşağıl çay, Oğuz çay, Xal-xal çay, Qala çay və Türyançay sistemlərində isə 527 min kubmetrdən artıq həcimdə çay məcrasının tənzimlənməsi işləri görülüb. Hazırda Daşağıl çayının əkin sahələrinə yaratdığı problemin aradan qaldırılması üçün çayda düzləşmə işləri həyata keçirilir.

Daşağıl çayın düzləşdirilməsi və təmizlənməsi ətrafda olan əkin sahələrini sel sularından qoruyur. Bununla da fermerlər həmin ərazilərdə asanlıqla əkin işləri apara bilirlər.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Oğuz rayonunda yerləşən yerli idarəsinin balansında 576 kilometr suvarma kanalları mövcuddur ki, onların da əsas hissəsi torpaq məcralı kanal və arxlardır. İlin əvvəlindən idarənin istismar tədbirləri planına uyğun olaraq suvarma kanallarının 160 km uzunluqda hissəsində ekskovatorla və buldozerlərlə 310 min kubmetr həcmdə lildən təmizlənmə işləri aparılıb. İdarənin əsaslı təmir planına əsasən Həsənbəy arxı bu günədək 500 metr hissədə beton üzlüyə alınmışdır.

Nəriman Cavadov,

“Respublika”.