Fermerə ögey münasibət göstərilir
Region

Fermerə ögey münasibət göstərilir

Aqrar sahənin inkişafının yüksək keyfiyyətli və məhsuldar toxum sortlarının yetişdirilməsindən asılı olduğu üçün respublikamızda məqsədyönlü tədbirlər həyata keçirilir. İlk olaraq məhsuldarlığı ilə seçilən yeni toxum sortlarının yetişdirilməsinə böyük üstünlük verilir.

Son vaxtlar aqrar sahədə uğurla həyata keçirilən Dövlət proqramlarına uyğun olaraq toxumçuluq təsərrüfatının inkişaf etdirilməsi və məhsuldar toxumlardan istifadə olunması xeyli artıb. Ərzaq təhlükəsizliyinin təmin olunması üçün bu mühüm əhəmiyyətə malikdir. Əgər keyfiyyətli toxumlar əldə edə bilsək, taxılçılıqda daha yüksək məhsuldarlığa nail olar. Belə ki, mütəxəssislərin rəyinə görə, 1 hektardan 45-50 deyil, hətta 60-70 sentner məhsul əldə etmək mümkündür.

Prezident İlham Əliyevin rəhbərliyi sayəsində son 20 ildə taxılçılığın inkişafı üçün müvafiq tədbirlər görüldüyündən və bu sahə diqqət mərkəzində saxlanıldığından mühüm nəticələr qazanılır. Belə ki, taxıl istehsalı son iyirmi il ərzində 1,5 dəfə artaraq 3 milyon tondan çox olub. Bununla yanaşı respublikada ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi və istehsalın təşkili məqsədilə dövlət başçısının müvafiq fərmanına əsasən, ərzaqlıq buğdaya 2023-cü ildən etibarən 5 il müddətində məhsul subsidiyasının verilməsinə başlanılıb.

Qobustan rayonunda taxılçılığın inkişafı üçün son illər qazandığı uğurlara toxunan Cəmcəmli kəndində yaşayan fermer Ruslan Əhmədov bildirdi ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ölkəmizdə torpaq islahatı həyata keçirilib, respublikanın iqtisadi, ərzaq və qida təhlükəsizliyinin əsasları formalaşdırılıb.

Uzun illər əkinçiliklə məşğul olan fermer özəl təsərrüfatını xeyli genişləndirib və istehsal etdiyi yüksək elit toxumlarını respublikamızın əksər rayonlarında fəaliyyət göstərən fermerlərə də satır. Çünki məhsuldarlığı və təmizliyi ilə seçilən toxum sortlarına tələbat ilbəil artır.

Həmsöhbətim qeyd etdi ki, "Dəyanətli" arpa, buğda isə "Qobustan" sortları sınaqdan çıxartmaqla həm özümüz əkirik, həm də iri fermer təsərrüfatlarına satırıq. Böyük aqroparklar bizim toxumlara keyfiyyətinə və məhsuldarlığına görə üstünlük verirlər. Biz də bu səbəbdən daha yaxşı işləməklə məhsul istehsalını artırmağa çalışırıq. Qobustan rayonunun təsərrüfatları üçün toxumun 90 faizini biz təmin edirik. Yetişdirdiyimiz toxumlar aqrar inkişaf mərkəzinin əməkdaşları tərəfindən analiz edilir və ona müvafiq sertifikatlar verilir. Toxumlarımız yüksək kondensatı ilə də seçilir. Dəyanətli arpa sortu quraqlıq şəraitə uyğun hesab olunur. Rayon üçün böyük əhəmiyyət kəsb edir. Çünki iqlim dəyişmələri ilə əlaqədar yağıntının az olması səbəbindən bu sortlara böyük önəm verilir. Qlobal istiləşməyə dözümlü toxum olduğuna görə diqqəti cəlb edir. Xaricdən gətirilən toxumlarla müqayisədə yerli şərait üçün bu toxumlar üstünlük təşkil edir. Bir sözlə, sağlam toxum yetişdirməklə ölkədə ərzaq bolluğu yaratmaq əzmindəyik. Təkcə işğaldan azad edilmiş torpaqlarda əkmək üçün müqavilə yolu ilə bizim fermer təsərrüfatından təkcə 2023-cü ildə 200 tona yaxın toxum alıblar. Lakin problemimizi həll etmək üçün bizə köməklik göstərən yoxdur. Dövlətimizin hərtərəfli dəstəyi biz fermerlərə çatmır.

Qarşılaşdığı problemlərə toxunan Ruslan Əhmədov bildirdi ki, ən böyük çətinliyimiz lazımi texnikanı güzəştli şərtlərlə ala bilməməyimizdir. Rayonda havalar quraqlıq keçdiyindən burada taxıl və arpa istehsalını inkişaf etdirmək heç də asan məsələ deyil. Ancaq dövlətin dəstəyi nəticəsində biz buna nail olmağa çalışırıq. Çünki dövlət siyasətinə uyğun olaraq aqrar sahədə bizə xüsusi qayğı göstərilir. Bütün texnikalar 40 faiz güzəştli şərtlərlə satılır. Məqsəd ölkədə ərzaq bolluğu yaratmaqdır. Lakin xeyli müddətdir ki, 200 hektardan çox sahədə taxıl əkməyimizə baxmayaraq biz kombayn ala bilmirik. Böyük bir əziyyətlə yetişdirdiyimiz məhsulu isə tez və itkisiz toplamaq üçün kombayna son dərəcə böyük ehtiyacımız var və bunun üçün hər il çətinliklərlə qarşılaşırıq.

Müvafiq qurumlara dəfələrlə etdiyimiz müraciətlər cavabsız qaldığından əlacsız qalıb 2023-cü il mart ayının 31-də Şamaxı rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun qəbulunda oldum. Problemimi dinlədikdən sonra nazir göstəriş verdi ki, bu fermerə kombayn verin. "Aqrorservis"in işçiləri isə məni xeyli süründürdülər. Sonra isə dedilər ki, sən taxılı özün üçün əkirsən, pulun yoxdursa, əkmə, məgər sən taxıl əkməsən, dövlət ziyana düşəcək, xalq ac qalacaq?! Növbəti dəfə ötən il yeni kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Quba rayonunda keçirilən qəbulunda oldum. Xahiş etdim ki, problemim araşdırılsın və köməklik edilsin ki, güzəştli şərtlərlə mən də kombayn alım və ilbəil ödənişini edim. O da köməklik göstəriləcəyinə söz verdi və problemin həllini müvafiq şəxslərə tapşırdı, amma bu günə qədər heç bir nəticə yoxdu. Özüm üçün də maraqlıdı, ildə 200 tondan artıq toxumluq və ərzaqlıq buğda istehsal edən fermerə kömək göstərmək istəmirlər. Bu müddət ərzində yalnız bir dəfə zəng edərək mühərriki xarab olan kombayn təklif ediblər, ona görə də razılaşmadım. Mən onların bu mövqeyini başa düşə bilmirəm, niyə kömək göstərmirlər və səbəbini də demirlər.

Fermerin redaksiyamıza ünvanladığı narazılığını araşdırmaq üçün martın 29-da "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə əlaqə saxladıq. Cəmiyyətin mətbuat katibi məsələnin tezliklə tam araşdırılacağını bildirsə də bu günə qədər heç bir cavab yoxdur.

Görəsən, bəzi məmurlar fermerlərə belə ögey münasibətə nə vaxt son qoyacaqlar?..

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".