İqtisadiyyat

"Yaşıl enerji"nin yeni mərhələsi

1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsası qoyuldu. Ölkəmizin zəngin enerji resursları onun iqtisadi potensialını gücləndirməklə yanaşı, beynəlxalq müstəvidə əməkdaşlığın qurulmasında çox mühüm rol oynayır.

Respublikamızda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Ötən dövr ərzində bu istiqamətdə ölkə rəhbəri tərəfindən Dövlət proqramları təsdiq edilib, müvafiq fərman və sərəncamlar imzalanıb, Milli Məclis müvafiq qanunlar qəbul edib. Görülən işlər nəticəsində ekologiyanın, təbiətin və ətraf mühitin qorunması istiqamətində uğurlar əldə olunub.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdən hesab olunur. Təsadüfi deyil ki, ölkəmizdə "yaşıl enerji"yə keçid əsas prioritet kimi müəyyənləşdirilib. Dünyada texnologiyaların inkişafı bu keçidi sürətləndirdi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ torpaqları "Yaşıl enerji zonası" elan edilib. Həmin ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. Ölkəmizdə hazırda yaşıl kənd təsərrüfatı, yaşıl nəqliyyat layihələri də uğurla tətbiq edilir. Azərbaycan dünyada neft hasilatında nüfuz qazanmış dövlətlərdən olsa da, "yaşıl enerji" ilə bağlı kifayət qədər layihələr həyata keçirir.

Təbii enerji ehtiyatlarının azalması, onların əldə olunması prosesində ətraf mühitə dəyən zərər kimi faktorlar alternativ enerji mənbələrinin axtarılması zərurətini meydana çıxardı. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə deyirdi ki, Azərbaycanda günəş, külək və su energetikasının ehtiyatları böyükdür, amma bunların əsl inkişafı 30-40 ildən sonra baş verəcək və həmin dövrdən sonra alternativ energetika respublikanın yanacaq-enerji balansında mühüm rol oynayacaq. Doğrudan da bu gün ölkəmizdə günəş və külək elektrik stansiyalarının tikintisi bunu bir daha təsdiqləyir.

Aprelin 16-da Baş nazir Əli Əsədov yeni külək elektrik stansiyasının tikintisi ilə bağlı qərar imzalayıb. Qərara görə, bundan sonra Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dövlət mülkiyyətində 3,375 hektar, Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 19,875 hektar və Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 11,25 hektar olmaqla, ümumilikdə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 34,5 hektar torpaq sahəsi qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Bununla yanaşı, yeni günəş elektrik stansiyasının tikintisi də nəzərdə tutulub. Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 454 hektar torpaq sahəsi qoyuluş gücü 445 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Ölkəmizdə "yaşıl enerji"nin istehsalı sahəsində böyük imkan və resurslar var. Bu istiqamətdə xarici şirkətlərlə böyük müqavilələr bağlanılıb. Qonşu ölkələrin və Avropa dövlətlərinin "yaşıl enerji" ilə təmin olunması üçün böyük layihələr işlənilir. Belə ki, ölkəmizdə keçiriləcək COP29 "yaşıl enerji" siyasətimizin dünya ictimaiyyətinə təqdimatı baxımından da çox önəmli beynəlxalq platforma olacaq. BMT-nin ən irimiqyaslı tədbiri olan COP29-un bu il ölkəmizdə keçirilməsi Azərbaycanın "yaşıl enerji" sahəsində qazandığı uğurlardan bələd olmasından xəbər verir. Bu həmçinin bərpaolunan enerji məsələlərində ölkəmizə olan etimadın əyani sübutudur. COP29 Azərbaycan üçün qlobal miqyaslı ekoloji problemlərin müzakirə platforması olmaqla yanaşı, həm də ölkəmizin iqlim dəyişmələri ilə mübarizəyə verə biləcəyi töhfələri nümayiş etdirəcək.

COP29-un baş qərargahında aprelin 15-də ilk mətbuat konfransı təşkil olunub. Konfransda COP29-un loqosu ictimaiyyətə təqdim edilib. Loqo iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönümlü fəaliyyətin əhəmiyyətini əks etdirir. Sonuncu dəfə Avropa oyunlarında 8 minə yaxın qonaq qarşıladığımızı nəzərə alsaq, COP29 ölkə tarixində keçirilən ən böyük tədbir hesab oluna bilər. Mətbuat konfransında bildirildi ki, bu böyük tədbirin keçiriləcəyi məkan kimi isə Bakı Olimpiya Stadionu seçilib. Bu qərar BMT ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ölkə başçımız İlham Əliyevin siyasətinin növbəti parlaq qələbəsi olmaqla yanaşı, son zamanlar Azərbaycana qarşı qərəzli kampaniya aparan bəzi dairələrə də tutarlı cavabdır.

Röya RÜSTƏMLİ,

"Respublika".