Ermənistanın diplomatik transformasiyası: Avropadan əsən külək Rusiya ilə əlaqələri pozur
Siyasət

Ermənistanın diplomatik transformasiyası: Avropadan əsən külək Rusiya ilə əlaqələri pozur

Qazaxıstanın paytaxtı Almatıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Bu barədə KTMT Katibliyinin nümayəndəsi Yuri Şuvalov açıqlama verib.

Y.Şuvalov bildirib ki, iştirakçı ölkələr kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırış və təhdidləri, həmçinin təşkilatın hərbi komponentinin inkişafı məsələlərini müzakirə ediblər. Ermənistan isə uzun müddətdir davam edən tendensiyanı bu dəfə də pozmayıb və İrəvan rəsmiləri toplantıya qatılmaqdan imtina ediblər. Bununla belə, təşkilatın katibliyindən bildirilib ki, Ermənistan Şuranın iclasında iştirak etməsə də, Almatıda məhdud tərkibdə qərarların qəbuluna etiraz etmir.

Əslində, bu, Ermənistan-Rusiya münasibətlərinin indiki dinamikasında təəccüblü deyil. Çünki sözügedən ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurub. Üstəlik, Paşinyan iqtidarının Kremldən uzaqlaşması təkcə hərbi sahədə deyil, diplomatik müstəvidə də müşahidə olunur. Rəsmi İrəvan açıq şəkildə özünə yeni himayədar axtarır. Bu səbəbdən də ölkənin yüksək səviyyəli siyasiləri mütəmadi olaraq Qərb və Avropa İttifaqı ölkələrinə səfərlər edir, gizli görüşlər keçirirlər. Hədəf isə ilk növbədə hərbi və təhlükəsizlik sahəsində Avratlantik məkanla əməkdaşlıq, daha sonra isə Avropa İttifaqına üzvlükdür. Qərb isə təkcə Ermənistana hərbi sahədə dəstək göstərmək niyyətində deyil. "Qoca qitə" üçün vacib maraq Rusiyanın regiondan çıxarılmasından sonra boşalacaq yeri doldurmaqdır. Qərb hazırda faktiki olaraq təlimlər adı ilə təlimatçılarını və müşavirlərini İrəvana göndərərək kəşfiyyat xarakterli məlumatlar toplamaqla məşğuldur. Yəni indiki məqamda Ermənistanın Avropadan hərbi təhlükəsizlik barədə qarant almaq istəyi ilə kollektiv Qərbin öz ambisiyaları naminə İrəvanda möhkəmlənmək marağı üst-üstə düşdüyündən tərəflər bu istiqamətdə səylərini birləşdiriblər. Buna isə rəsmi Moskva ağır formada qarşılıq verə bilər. Artıq bu barədə mesajlar da səsləndirilir.

Rusiya Dövlət Dumasının nümayəndəsi Konstantin Zatulin bildirib ki, Rusiya öz varlığı uğrunda mübarizə apararkən Ermənistan müttəfiqliklə bağlı dəyərlərə xəyanət edir, Kremlə qarşı birləşmiş Qərbin tərəfindən çıxış edir. Amma heç bir güc Rusiya Federasiyası ilə münasibətləri əvəz etməyə qadir deyil. Bu ölkənin yeni müdafiə naziri Andrey Belousov da son çıxışında deyib ki, NATO və Avropa İttifaqının Rusiya ilə qarşıdurma kursu KTMT-nin bir sıra kollektiv təhlükəsizlik regionlarında gərginliyin artmasına səbəb olur. Ziddiyyətləri həll etmək üçün Ermənistan və Azərbaycana həyasızcasına vasitəçilik xidmətləri təklif olunur. Sülh müqaviləsinin yalnız Qərb platformalarında və diktə əsasında imzalanması təklif edilir. Müdafiənin gücləndirilməsi bəhanəsi ilə erməniləri öz maraqları dairəsinə cəlb etmək planları isə xüsusi narahatlıq doğurur.

Müdafiə nazirinin çıxışına diqqət yetirsək, görərik ki, Rusiyanın etirazı təkcə Ermənistanla Qərbin yaxınlaşmasına deyil. Belə ki, NATO-nun ayrı-ayrı ölkələri Qafqazda öz mövqelərini möhkəmləndirməyə, bununla da Xəzər dənizinin resurslarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışırlar. Burada Mərkəzi Asiya regionunun da xüsusilə vurğulanması diqqətəlayiqdir. Çünki son bir neçə ildə fövqəldövlətlərin Mərkəzi Asiyaya marağı Çini və onun "Bir kəmər, bir yol" meqalayihəsini əngəlləmək cəhdi kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Qərb ölkələrinin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini gücləndirməsi postsovet məkanında yeni reallıqlar yaradır ki, bu da Moskvaya qarşı demarş hesab oluna bilər. Bu kontekstdə hazırda Gürcüstanda davam edən etirazları və Vaşinqtonun Ermənistanla yanaşı, Ukrayna, Moldova və Balkan ölkələrinin müdafiə nazirliklərinə də məsləhətçilər göndərməsini xatırlamaq lazımdır. Deməli, rəsmi Kreml açıq şəkildə bildirir ki, əvvəllər Moskvanın təsir dairəsində olan ölkələrin Rusiya modelindən uzaqlaşdırılması siyasətinin fərqindədir.

Yekunda aydın olur ki, Rusiya posta yeni gətirilən müdafiə naziri vasitəsilə mesaj verir ki, Qərbin bütün addımları izlənilir. Hazırda müdafiə mövqeyində olan Kremlin nə zaman hücum taktikasına keçəcəyini isə Ukraynada davam edən müharibə müəyyənləşdirəcək.

Jalə QASIMZADƏ,

"Respublika".