Ermənistan və havadarlarının məkrli planları iflasa məhkumdur
Siyasət

Ermənistan və havadarlarının məkrli planları iflasa məhkumdur

İranın Nurdüz sərhəd-buraxılış məntəqəsindən Ermənistana avtomobil karvanının hərəkəti qeydə alınıb. Sosial şəbəkələrdə yayılan kadrlardan görünür ki, daşınan yük çadırla örtülüb. Daha sonra məlum olub ki, İrandan Ermənistana daşınan yük hərbi təyinatlıdır və İranın Bəndər-Abbas limanına çatdırılıb. Silahların tədarükçüsü isə Hindistandır. Əslində, bu ölkənin Ermənistanla hərbi-texniki əməkdaşlığı sürətlə inkişaf etdirməsi son zamanlar daha çox nəzərə çarpırdı.

Belə ki, Ermənistan və Hindistan 400 milyon dollarlıq hərbi müqavilə imzalayıb, iki ölkənin hərbçiləri arasında təmaslar da intensivləşib. Bu məqamda, Fransanın xeyir-duası ilə Hindistanın tezliklə Ermənistanı özüyeriyən "Trayan" silahları ilə təmin edəcəyi barədə iddiaları da xatırlamaq lazımdır. Bütün bunlar isə Yeni Dehli və İrəvan arasında hərbi əməkdaşlığın dərinləşməsindən xəbər verir. Əslində ciddi siyasi və iqtisadi əlaqələri olmayan, coğrafi baxımdan da xeyli uzaq olan Hindistan və Ermənistanın bu yaxınlığı ilk baxışdan mənasız gələ bilər. Amma Hindistanın maraqlarını nəzərə alanda bu əməkdaşlıq yeni imic qazanır. Belə ki, Hindistan yüksək kompüter texnologiyaları sahəsində müasir məhsullar istehsal etməyə başlayan, böyük irəliləyişlərə malik olan, sürətlə inkişaf edən bir ölkədir. İndi isə Hindistan tədricən hərbi-sənaye kompleksini inkişaf etdirir. Bu səbəbdən də, öz silahlarını reklam etmək və satmaq, qazanc əldə etmək istəyir. Bu niyyətini məhz İrəvan üzərindən həyata keçirməsi də Hindistan dövlətinin maraqlarına xidmət edir.

Ümumiyyətlə, Hindistanın İran vasitəsilə Ermənistana silah ötürməsi onun qlobal maraqlarının təmin edilməsi istiqamətindəki səylərinin tərkib hissəsidir, desək yanılmarıq. Çünki Pakistanın Azərbaycanla qardaşlıq səviyyəsinə çatan əlaqələri var. Məhz bu amil də Yeni Dehlini haqqın tərəfində yer almaqdan uzaqlaşdırır. Digər tərəfdən, Hindistanın Ermənistanı silah-sursatla qidalandırması, ona siyasi dəstək göstərməsi Rusiya-Ukrayna müharibəsinin yaratdığı regional boşluqları doldurmağa çalışan Çinin Cənubi Qafqazda yüksələn nüfuzuna qarşı reaksiya kimi başa düşülməlidir. Çünki Pekinin regiondakı iştirakı Hindistanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Fars körfəzi-Qara dəniz marşrutunu canlandırmaq arzusunu məhv edir. Məhz bu səbəblərdən Hindistan şəxsi maraqlarına görə, Cənubi Qafqazdakı reallığı dəyişdirməyə çalışır. Amma bu cəhdlər Yeni Dehlinin rəsmi Bakı ilə əlaqələrinə ciddi şəkildə zərər vura bilər. Artıq Prezident İlham Əliyev bu məsələdə Hindistana açıq xəbərdarlıq edib. Bu ilin mayında Hindistanın yeni səfiri Sridxaran Madhusudhananın etimadnaməsini qəbul edən İlham Əliyev onun diqqətinə çatdırıb ki, bu gün Ermənistanda ölkəmizə qarşı ərazi iddialarını davam etdirən revanşist qüvvələr baş qaldırır. Dövlət başçımız bununla bir növ Hindistana mesaj verib ki, Ermənistana silah-sursat, ölümcül silahlar, o cümlədən "Pinaka" zenit-raket sisteminin və uzaqmənzilli silahların tədarükü hətta sərhəd bölgəsindən uzaqda yerləşən dinc Azərbaycan şəhərlərinə birbaşa təhlükə yaradır. Rəsmi Bakı isə bu təhlükə real olacağı təqdirdə Ermənistanı və ona dəstək göstərən ölkələri bağışlamayacaq. İyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bu məsələ ilə əlaqədar Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Görünür, Azərbaycan bununla da Hindistana son xəbərdarlığını edib və Yeni Dehli əlaqələri bundan sonra atacağı addımlarla müəyyənləşdirəcək.

Hindistanın Ermənistana istər 250 milyon, istərsə də 2 milyardlıq silah satmasından asılı olmayaraq reallıq dəyişməyəcək. Çünki Cənubi Qafqazda qalib tərəf də, diktə edən də Azərbaycandır. Doğrudur, Hindistanın İran ərazisindən istifadə etməklə Ermənistana silah-sursat göndərməsi bölgədə yeni müharibə ocağının yaranmasına səbəb ola bilər. Amma Ermənistan Hindistandan və ya digər ölkələrdən aldığı silahlara güvənib növbəti dəfə təxribat törətməyə çalışarsa, bu dəfə daha böyük faciələrlə üzləşəcək. Biz artıq bunun bir nümunəsini görmüşük. 44 günlük Vətən müharibəsi zamanı da bəzi ölkələr Ermənistana hərbi texnika və silah göndərirdi. Amma bunun heç bir nəticəsi olmadı. Azərbaycan ordusu işğalçı Ermənistanın dərsini layiqincə verdi. Şübhəsiz ki, növbəti məğlubiyyət Paşinyan Administrasiyasının sonunu gətirə bilər.

Hindistandan Ermənistana göndərilən yükün İrandan keçidinə gəlincə isə burada təəccüblü heç nə yoxdur. Çünki rəsmi Tehranın İrəvana külli miqdarda raket və digər silahlar hədiyyə etdiyi rəsmən təsdiqlənib. Eyni zamanda, İranın yüksək səviyyəli rəsmiləri dəfələrlə bəyan ediblər ki, İran istehsalı olan pilotsuz uçuş aparatlarının alınması üçün 22 ölkə rəsmi müraciət edib və onların arasında Ermənistan da var. Məlum məsələdir ki, Tehranın regiondakı müttəfiqinin hərbi cəhətdən güclənməsinə kömək etməkdə öz marağı var. Hazırda molla rejimi Türkiyə-Azərbaycan birliyindən və İsrailin bu birlikdəki mövqeyindən narahatdır. Amma Azərbaycan-Türkiyə-İsrail-Pakistan əlaqələri təkcə strateji tərəfdaşlıq deyil, həm də dostluq, qardaşlıq səviyyəsindədir. Odur ki, heç bir ortaq milli-mənəvi dəyəri olmayan ölkələrin bu sarsılmaz qardaşlıq qarşısında durması mümkün deyil.

Jalə QASIMZADƏ,

"Respublika".