Ermənistanın dramatik sonu uzaqda deyil
Siyasət

Ermənistanın dramatik sonu uzaqda deyil

2020-ci ildən sonra Ermənistanda bir çox sahələr kökündən dəyişməyə başladı. Lakin baş verən dəyişikliklər hər zaman heç də müsbət mənada olmur.

Qərb qonşumuzun iqtisadi vəziyyəti elə sarsılıb ki, 4 ildir özünə gələ bilmir. Belə ki, Vətən müharibəsinin başladığı ilk gündə 1 dollar 485,26 Ermənistan dramına (AMD), 10 noyabrda isə 1 ABŞ dolları 494,76 drama bərabər olub. Getdikcə daha çox geriləyən pul vahidi bir neçə aya daha da dəyərsizləşərək 1 ABŞ dolları 511,69 dram olub. Həmçinin 2020-ci ilin üçüncü rübündə Ümumi Daxili Məhsulda 2019-cu illə müqayisədə 9,1 faiz daralma müşahidə olunub. Qeyd edək ki, Ermənistanda ən son belə daralma 2009-cu ilin üçüncü rübündə baş verib. Bu vəziyyətdən ən çox təsirlənən isə tikinti, dövlət idarəetmə sektorları, su təchizatı, nəqliyyat və saxlama, topdansatış və pərakəndə ticarət olub.

Ümumiyyətlə, milli valyutanın dəyərinin dəyişməsi struktur və mövcud iqtisadi gözləntilərə əsaslanır. Qeyri-sabitliyin davam etməsi nəticəsində isə əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Bundan başqa, baş verən siyasi hərc-mərclik, hakimiyyətin bir tərəfə yönəlib, dəqiq qərar verməməsi, məğlubiyyət psixologiyası, əhalini mövcud milli valyutanı xarici valyutalara dəyişməyə, milli valyutalarda olan depozitlərini geri götürməyə və ya mövcud depozitlərini xarici valyutaya konvertasiya etməyə sövq edir. Nəticədə milli valyuta sosial təzyiqlər nəticəsində daha da dəyərsizləşir. Milli valyutanın devalvasiyası isə digər mənfi sosial-iqtisadi nəticələrə səbəb olur. Pul vahidinin beynəlxalq bazara nəzərən aşağı düşməsi, hazırda bütün dünyada dolların liderlik etməsi domino effekti ilə istehlak mallarının qiymətinin də artmasına gətirib çıxarır.

Məlum məsələdir ki, Ermənistan Respublikası tamamilə idxaldan asılıdır. İstehlak bazarında inflyasiyanın mövcudluğu və əhalinin həm yerli, həm xarici məhsullarda alıcılıq qabiliyyətinin kəskin düşməsi vəziyyəti daha da pisləşdirir. Qeyd edildiyi kimi, rəsmi İrəvanın dəqiq qərarlar verməməsi, gah Qərb, gah da Şərqi seçməsi Ermənistan iqtisadiyyatını uçuruma aparır. Beynəlxalq tədqiqat mərkəzlərinin araşdırmalarının nəticələri də bunu təsdiqləyir. Amerikanın ən böyük üç kredit reytinqi agentliyindən biri olan "Fitch" Ermənistanın reytinqinin "BB-" səviyyəsində olduğunu təsdiqləyib. Həmçinin agentlik açıqlayıb ki, Ermənistan yaxın gələcəkdə Rusiyadan uzaqlaşa bilməyəcək. Proqnozlar onu deməyə əsas verir ki, növbəti onilliklərdə Ermənistan Rusiyadan asılı qalacaq. Həmçinin xüsusi vurğulamaq lazımdır ki, 2021-ci ildən bəri Ermənistandan Rusiyaya mal ixracı təxminən 300 faiz artıb və 2023-cü ilin doqquz ayında ixracın 51 faizi, idxalın isə 30 faizi Rusiyaya məxsusdur. Bundan başqa, Ermənistan hökumətinin yaydığı məlumata əsasən 2023-cü ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarətinin üçdəbirindən çoxu Rusiyanın payına düşüb.

Qərb qonşumuzun bir neçə dəfə Rusiyadan üz çevirməsi, ikili siyasət yürütməsi onun inkişafına olduqca təsir göstərir. Dünya analitiklərinin dediyinə məhəl qoymayan Paşinyan hakimiyyəti bu gün yenə ortalıqda gəzən uşaq kimi kim konfet uzadırsa, ona tərəf qaçır. Belə olduğu təqdirdə, avropalılarla ruslar arasında bir o yana, bir bu yana gedib-gəlir. Şübhəsiz ki, Rusiya da, Qərb də bunun fərqindədir. Buna görə də ötən il rəsmi Moskva öz üslubu ilə Ermənistanı cəzalandırmışdı. Belə ki, Rusiya erməni konyakının ixracını ləngitmiş, nəticədə sərf edilən maliyyənin bir neçə qata çıxarılmasına nail olmuşdu. Səbəb kimi də Rusiya gömrük xidmətinin erməni məhsulunda pozuntular aşkar etməsi göstərilmişdi. Mart-aprel aylarında başlayan bu ciddi nəzarət sentyabrın 25-dən daha da sürətlənmişdi. Rusiyalı nəzarətçilər konyak daşıyan yük maşınlarını saxlayır və hər birindən nümunə götürürdülər. Gömrükdən rahat formada çıxıb getmək isə ayrı bir dərd idi. Çünki bildirilmişdi ki, ekspertizanın nəticələri 28-60 gün ərzində gəlir, cavab isə ancaq ondan sonra deyilə bilər. Qeyd etməliyik ki, Ermənistanda mövcud olan konyak istehsalçılarının 90 faizindən çoxu məhsullarını Rusiyaya tədarük edir. Belə ki, əməkdaşlıq etdiyi ölkələr siyahısında daha çox İran və Fransa ən üst pillədə dayanır. Faktiki olaraq İrana konyak ixrac etmək kimi bir şansı yoxdur. Fransa isə özü dünyaya konyak tədarük edir. Nəticədə rəsmi Moskvanın bu cəza üsulu isə yerinə düşüb. Qərb sevdalısı Ermənistan etdiyi əməllərin qarşılığını alıb. 

Valyuta bazarındakı enişlər və Ermənistan iqtisadiyyatında baş verən bu proseslər daha acınacaqlı nəticələrə gətirib çıxarır. İşsizlik, yoxsulluq, qiymətlərin sürətlə artması və sair məsələlər hazırda Qərb qonşumuzda gündəmdədir. Görünür, milli valyuta ilə bərabər, Ermənistan iqtisadiyyatının dramatik sonu çox da uzaqlarda deyil.

Töhfə SƏMƏDOVA,

"Respublika".