Zəhərli ideologiyanın bəhrəsi
Siyasət

Zəhərli ideologiyanın bəhrəsi

Beynəlxalq müstəvidə hayların revanşa ruhlandırılması pərdələnir. Qərb təsisatları Ermənistanın "özünümüdafiə" ritorikasını hər fürsətdə dilə gətirirlər. Rəsmi İrəvan hamilərindən güc alaraq xain planlar qurur. Qısası, Cənubi Qafqazın üstünü qara buludlar alıb. Digər tərəfdən, regional lider dövlət kimi Azərbaycanın uğurlu siyasi gedişindən sonra qarayaxma kampaniyaları start götürüb ki, haqq işimizə kölgə salınması hayların, Qərb təsisatlarının gündəliyində ön sırada qərarlaşıb.

Sözsüz ki, bu qüvvələr Azərbaycanın Cənubi Qafqazdakı əsas güc olduğunu yaxşı anlayır. Buna baxmayaraq, Naxçıvanla sərhəddə  eskalasiya aparan, istehkamlar qurmağa çalışanlar məhz yeni reallıqlardan kənar, utopik xülyalardadırlar. Əslində kollektiv Qərbin və rəsmi İrəvanın ortaq məqsədi yenidən dirçəlmək və münaqişə ocaqları yaratmaqdır. Rəsmi Vaşinqtondan, Yelisey sarayından gələn zənglərin əsl xisləti məhz bundan ibarətdir ki, Azərbaycan regional müstəvidə xarici aktorların müdaxiləsini görməzdən gəlsin. Lakin bu, mümkün deyil. Çünki hayların əsl üzünə 200 ildən çoxdur ki, bələdik. Sülh vədlərinə, konstruktiv danışıqlarda "ümidverici" ifadələrə aldanmamaq lazımdır ki, yaşadığımız qanlı faciələr təkrarlanmasın.

Növbəti zəng ABŞ dövlət katibi Antoni Blinkendən gəldi. Aprelin 3-də Amerika tərəfinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında dövlət katibi bildirib ki, aprelin 5-nə planlaşdırılan ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü əsasən iqtisadi məsələlərə həsr olunub və Bakıya qarşı yönəlməyib. İlk öncə mövcud regional xaosun dərinləşdiyi bir ərəfədə Ermənistanın iqtisadi rifahının təmin olunması prioritet kimi qəbul edilirsə, revanş üçün edilən həmlələrin intensivləşəcəyini demək olar. Blinkenin ifadəsi bir növ son mərhələdə olan  sülh danışıqlarının üstündən xətt çəkir. Məlumdur ki, həm Brüsseldə, həm də Berlində baş tutan görüşlərdə Azərbaycan və Ermənistan arasında sülhün vacibliyi vurğulanmışdı. Bununla yanaşı, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların bərpası, eləcə də dəqiq mina xəritələrinin verilməsi məsələsində baş nazir Nikol Paşinyan öhdəlik götürmüşdü. Hərçənd ki, sözügedən öhdəliklər kağız üzərində qalıb.

 Digər tərəfdən, rəsmi Vaşinqtonun ikili oyunu 5 aprel görüşləri ilə bağlı müsbət təəssürat doğurmur. Mart ayında ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirmişdi ki, "Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir əlaqəmizdə məqsəd onlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi üçün işləməyə təşviq etməkdir". Bu açıqlamadan sonra 5 aprel görüşünə Azərbaycanın dəvət edilməməsi, rəsmi Bakının təzyiqlərindən çəkinib məsələni iqtisadi məcrəya sürüşdürmə cəhdləri xain planları ifşa edir. Bununla yanaşı, aprelin 3-dəki telefon danışığı zamanı Prezident İlham Əliyev aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirməsi deyilənləri bir daha təsdiq edir.

Aqressoru qəfəsdən buraxmağa hesablanmış gedişlər regiona sadəcə destruktivlik gətirəcək. Bununla yanaşı, 5 aprel görüşünün mənfi təsirləri artıq şərti sərhəddə özünü göstərir. Atəşkəsin pozulması faktı və istehkamların qurulması buna əyani sübutdur. Bu da öz növbəsində, Paşinyan hakimiyyətinin Ermənistanın ABŞ və Avropa Birliyindən müəyyən vədlər aldığını göstərir. Hətta konfransda ABŞ və Avropa Birliyinin Ermənistana təhlükəsizlik təminatı verilməsi barədə pakt imzalayacağı iddiaları da "qoca qitə"də müzakirə mövzusudur.

ABŞ rəsmisi Antoni Blinken 5 aprel görüşlərinin gündəliyində duran məsələləri yumşaldaraq rəsmi Bakını "arxayın" etməyə çalışsa da, anlamalıdır ki, heç kim bizim gözümüzə "kül üfürə" bilməz. Görüşün əsas məğzi Ermənistan iqtisadiyyatı olsa belə, haylar əldə etdikləri dividendlərlə silahlanmaya üstünlük verəcək. Bununla yanaşı, rəsmi İrəvan özünə növbəti "qalxan" qazanmış olacaq. Paralel olaraq, kollektiv Qərbin maraqları da regionda realizə olunmağa başlayacaq. Göründüyü kimi, haylar sülh müqaviləsinin imzalanmasını öz gündəliyindən yavaş-yavaş çıxarır. ABŞ və Aİ-nin dəstəyi intensivləşdikcə, bunun əyani şahidi oluruq. Xarici müdaxilələrdən savayı, Ermənistan dövlətinin daxili alqoritminin dəyişməməsi də bunu təsdiq edir. Belə ki, rəsmi İrəvan həm tarixi həqiqətləri, həm də bölgədə yaranmış yeni reallıqları nəzərə almayaraq hələ də öz konstitusiyasından "Ermənistan Dağlıq Qarabağın təminatçısıdır" kimi məfhumları çıxarmayıb. Bundan əlavə, haylar dövlət gerbindən Türkiyə ərazisində yerləşən Ağrı dağının təsvirini hələ də dəyişməyib. "Ararat dağı" "erməni xalqının simvolu" kimi zəhərli ideologiyanın bəhrəsidir. Qazaxla şərti sərhəddə işğalda olan kəndlərimiz də nəzərdən yayınmamalıdır. Bu məqamda da Nikol Paşinyanın gözdən pərdə asmağa çalışdığını görmək mümkündür. Hər nə qədər reallığı haylara çatdırsa da, əyani olaraq, ərazilərimiz işğal altındadır. Şübhəsiz ki, vaxtuzatma cəhdləri ABŞ və Aİ-nin hayları şirnikləndirməsi ilə daha da artır.

Xüsusilə, rəsmi Vaşinqtonun ipi ilə quyuya enməyin haylar üçün nələr doğuracağı məlumdur. ABŞ-da prezident seçkiləri yaxınlaşır. Lakin görünür, Ermənistan mümkün hakimiyyət dəyişikliyini nəzərə almadan çıxılmaz yollara girib. ABŞ-ın 16 ştatında "super çərşənbə axşamı" prezidentlik yarışları keçirildi və namizəd Donald Tramp qalib gəldi. Bu nailiyyət heç də təsadüfi deyil. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 11 ştatda keçirilən partiyadaxili seçkilərdə də (praymeriz) öndədir. Prezidentliyə namizədin siyasi xətti isə daxili maraqların qorunmasına, kənar müdaxilələrin məhdudlaşdırılmasına yönəlib ki, bu da ABŞ-ın Cənubi Qafqaza təsirinin azalması demək olacaq. ABŞ-a miqrant axını davam edir və sərhədlərin təhlükəsizliyi şübhə altındadır. Tramp məhz hakimiyyətə gələrsə, xaricə ayrılan milyardlarla dolları daxili maraqlara yönəltməklə bu tip məsələləri həll etmək istəyir. Eləcə də Ukraynaya verilən iqtisadi-hərbi yardımda da mühüm dəyişiklərin olması gözlənilir. Belə bir məqamda hayların son ümid yeri Fransa olacaq. Lakin Yelisey sarayının Cənubi Qafqaza təsiri sıfıra bərabərdir. Xüsusilə, Afrikadan qovulan Makron rejimi ciddi zədə alıb. Bununla yanaşı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Fransanın bəşəri cinayətləri dəfələrlə ifşa olunmuş, sözügedən faktlar "ədalət qoruyucusu" mifini darmadağın etmişdir.

Əks-ssenarilər Ermənistan dövlətçiliyini sual altında qoyur. Yeni Ukrayna variantının reallaşması haylar üçün geriyə dönüş yollarını bağlayacaq. Yəni Azərbaycana qarşı üstünlük əldə etmək üçün xarici aktorları regiona dəvət edən Ermənistanın öz taleyi haqqında düşünməsi daha məqsədəuyğundur. İstənilən halda regional və qlobal əməkdaşlıqda Azərbaycanın güclü tərəfdaşları var. Elə Blinkenin telefon zəngi zamanı da bu məsələlər bir daha müzakirə olunub. Söhbət zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub. Xüsusilə, fevral ayında keçirilən  Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Antoni Blinkenin Prezident İlham Əliyevlə apardığı müzakirələr növbəti dəfə xatırlanıb. Həmçinin COP29 çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin təmaslarını qeyd edilib.

Artıq bugünkü görüşlə bağlı dost və qardaş ölkə Türkiyə öz mövqeyini bildirib: “Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan Ermənistan, Avropa İttifaqı və ABŞ arasında üçtərəfli görüş regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq”.

İstənilən halda rəsmi Bakının imperativləri daim ön plandadır. Bunun nəticəsidir ki, rəsmi Vaşinqtonun narahatlığı bu gün Blinkenin telefon zəngi ilə özünü göstərir. Ermənistan isə bütün bunları yaxşıca dəyərləndirməli, Azərbaycanın uzatdığı sülh əlini geri çevirməməlidir.

Nurlan ABDALOV,

"Respublika".