Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir
İQTİSADİYYAT

Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir

Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkəmiz təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində həlledici mövqe, transmilli enerji bazarlarında özünəməxsus yer tutur.

Azərbaycanın enerji təhlükəsizliyinin əsas istiqamətlərindən biri ölkənin elektrik enerjisinə olan daxili ehtiyacının fasiləsiz təmin edilməsidir. Bu məqsədlə son illərdə qarşıya qoyulmuş əsas vəzifələr milli elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurularaq Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışının artırılmasından ibarətdir.

2001-ci ildən başlayaraq Azərbaycanın milli elektrik enerji sistemi, enerji istehsal edən əksər strukturları yenidən qurulmuş, ölkədaxili və Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yeniləşdirilmiş, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilmişdir.

Ölkəmizin enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri hələ öz əksini "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır. Bundan başqa, Azərbaycanın transmilli və daxili enerji siyasəti, bu sahədə həyata keçirilən tədbirlər, reallaşdırılan vəzifələr və enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı digər məsələlər ötən illərdə qəbul olunmuş bir çox rəsmi dövlət sənədlərində də əks olunmuşdur.

Azərbaycan bu gün regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanlar hesabına tam ödəməyə qadir olan iki ölkədən biridir. Hazırda onun həyata keçirdiyi enerji siyasətinin məqsədi ölkənin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan və dünya ölkələri üçün alternativ enerji mənbəyi yaratmaqdan ibarətdir. Ölkənin dünya enerji satışı bazarında çəkisini və rolunu xeyli dərəcədə gücləndirməsi Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını daha da artırmışdır.

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi ilə Azərbaycan növbəti dəfə dünyanın diqqətində oldu və Avropanın enerji təhlükəsizliyinin təminatındakı roluna bir daha işıq saldı. Təbii ki, bu mühüm tədbir enerji diplomatiyamızın uğurlu səhifəsi kimi də xarakterizə edilir. Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında deyib: "Biz bu gün artıq doqquzuncu dəfədir ki, toplaşırıq və əlbəttə, bir çox məsələlər haqqında danışmalıyıq, adətən etdiyimiz kimi, görülən işləri nəzərdən keçirməliyik və ən vacibi, gələcək addımlarımızı planlaşdırmalıyıq". Prezident, həmçinin vurğulayıb ki, dünya dəyişib və enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və mənbələrin cəlb olunması birgə səylərin nəticəsidir.

Azərbaycanın tarixi Zəfərimizin reallıqları fonunda artan nüfuzu enerji diplomatiyamızın uğurlarının davamlılığında da özünü qabarıq şəkildə nümayiş etdirir. Ölkəmizin ötən ildə, həmçinin cari ilin ilk ayında enerji sektorunda qazandığı uğurların xronologiyası da qeyd etdiklərimizin təsdiqidir.

Prezident İlham Əliyev öz çıxışında Rumıniyanın enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirdiyini deyib və birgə atılacaq addımlardan danışıb, iki ölkə arasında genişlənən əlaqələrin bu sahənin inkişafına müsbət təsir göstərəcəyini bildirib.

Onu da qeyd edək ki, 2022-ci ilin iyulunda Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Azərbaycanda səfərdə olarkən ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu mühüm sənəd gələcək planlar üçün aydın yol xəritəsi kimi dəyərləndirilir. Anlaşmaya əsasən, Avropaya qaz ixracının həcminin 2027-ci ilə qədər iki dəfə artırılması planlaşdırılır. Ötən ilin oktyabrında enerji sektorunda növbəti uğurlu addım atılıb. Belə ki, Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib. IGB Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Bu gün Azərbaycan qazına tələbat artır.

Ötən ilin dekabrında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu daha qabarıq göstərən mühüm sənəd imzalandı. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasda Prezident İlham Əliyev ölkələri birgə səmərəli çalışmağa çağırış edib. Bildirib ki, Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidir. Onu da qeyd edək ki, cari ilin ilk ayında dövlət başçısının Macarıstana səfəri çərçivəsində iki ölkə arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzalanıb.

Müasir dünyanın inkişaf etmiş ölkələrində ənənəvi enerji mənbələrinin getdikcə tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə külli miqdarda ziyan vurulmasını nəzərə alaraq, ekoloji cəhətdən təmiz alternativ (bərpaolunan) enerji mənbələrindən (su, günəş, külək enerjisi, termal sular, biokütlə enerjisi) istifadəni gündən-günə genişləndirirlər. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tutur. Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Azərbaycan Prezidenti İlham Əliyev iclasdakı çıxışında bu məsələyə də münasibət bildirərək Azərbaycanda "Masdar" və "ACWA Power" kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsinin həyata keçirildiyini, bu layihələrin ümumi həcminin 470 meqavat olduğunu diqqətə çatdırıb. Dövlət başçısı, həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanacağını deyib. Bu isə işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 1-ci iclaslarında çıxışlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanın Avropa üçün önəmi daha da artır.

Zümrüd QURBANQIZI,

"Respublika".