ELDAR MƏMMƏDOV
Sosial həyat

ELDAR MƏMMƏDOV

Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın xatirəsi hər zaman ehtiramla yad edilir. Onların  qəhrəmanlığı gələcək nəsillər tərəfindən Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq daima uca tutulur.

Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə adını şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazan  Azərbaycanın Milli Qəhrəmanı  Eldar Harun oğlu Məmmədov 10 yanvar 1968-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya göz açmışdır. 1974-cü ildə Bakıda 189 saylı orta məktəbin birinci sinfinə getmiş, 1982-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. O, uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayırdı. Bu arzu ilə də o, sənədlərini C.Naxçıvanski adına Hərbi Məktəbə vermişdir. Sonra hərbi biliyini artırmaq üçün 1985-1989-cu illərdə Riqadakı Qırmızı bayraqlı Ali Hərbi-Siyasi Məktəbdə təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra SSRİ Silahlı Qüvvələrində qulluq etmişdir. 

Gənc leytenant E.Məmmədov erməni işğalçıları Azərbaycana hücuma başlayanda raport yazaraq Vətənə qayıdır və yenicə yaradılan Sərhəd Qoşunlarında xidmətə başlayır. Özünü bacarıqlı və peşəkar zabit kimi göstərdiyinə görə ona baş leytenant rütbəsi verilir. 1991-ci ildə Bakıda raket qoşunlarına siyasi rəhbər təyin edilir.

1992-ci il martın 24-də leytenant Eldar Məmmədov DSMK Hərbi İnşaat İdarəsinə bölük komandiri vəzifəsinə təyin olunur. O, 1993-cü ildə Sərhəd Qoşunları İdarəsinin könüllülərdən ibarət batalyonu tərkibində Ağdərə istiqamətində gedən döyüşlərin iştirakçısı olur, dəfələrlə qeyri-adi şücaət göstərir. Ağdərədə mərdliklə vuruşan cəsur döyüşçü Mehmanə kəndinin, həmçinin Kasapet kəndi yaxınlığındakı yüksəkliyin müdafiəsində də  düşmənə ağır zərbələr endirir. Həmin gün azğınlaşmış erməni quldurları bu yüksəkliyi ələ keçirmək üçün güclü hücuma keçirlər. Eldar yüksək döyüş bacarığı göstərərək düşmən hücumlarının qarşısını ala bilir. Ancaq  düşmən qüvvə toplayaraq yüksəkliyi almaq üçün yenidən hücuma keçir. Baş leytenant ağır yaralı olmasına baxmayaraq, düşmənin istiqamətini özünə cəlb edərək erməni quldurlarının əsas qüvvələrimizin arxasına keçməsinə imkan vermir. Bu qeyri-bərabər döyüşdə Eldar Məmmədov düşmənin xeyli canlı qüvvəsini məhv edir. Lakin özü də bu döyüşdə qəhrəmancasına həlak olur. Eldar Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli Fərmanı ilə baş leytenant Məmmədov Eldar Harun oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Nazirlər Kabinetinin 2 oktyabr 1995-ci il tarixli qərarına əsasən, Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin "N" saylı sərhəd zastavasına və 1993-cü ildə isə Səbail rayonu 189-190 saylı orta məktəbə Eldar Məmmədovun adı verilmişdir.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində  yaşadığımız,  Eldar Məmmədovun  həlak olduğu torpaq öz sahibinə qovuşub. Vaxtilə baş vermiş faciələrdə tökülən qanlar əbəs yerə axmayıb. Artıq Azərbaycan bütövdür.

M.MİRZƏ, 

"Respublika".