Böyük Qayıdış uğurla reallaşdırılır
Sosial həyat

Böyük Qayıdış uğurla reallaşdırılır

Qarabağda 30 il davam edən ədalətsizliyə 44 günlük müharibə ilə son qoyuldu. İkinci Qarabağ müharibəsinin artıq 3 ili tamam olur. 30 ilə yaxın bu dövr ərzində hədəf işğaldan azad olunmuş torpaqlarda yenidən Azərbaycan bayrağının dalğalandırılması idisə, indi əsas məsələ bu ərazilərə həmin yerlərin əsl sahiblərinin köçürülməsi və əbədi məskunlaşdırılmasıdır.

Ölkə başçımız İlham Əliyev öz sözünün sahibi kimi xalqımızın bütün arzu və istəklərini yerinə yetirib. Bu gün artıq çoxlu sayda vətəndaşımız öz doğma yurduna qayıdıb. Hazırda Qarabağ ərazisində yüksək səviyyəli yenidənqurma, bərpa işləri gedir və 30 il işğal altında qalan ərazilər artıq dirçəlir. Doğma torpaqlarımızın yenidən canlanması üçün ölkə başçımızın Qarabağ bölgəsinə dəfələrlə səfərləri olub. İlham Əliyevin bütün səfərlərində "Qarabağda cənnət yaradacağıq" vədi bu gün dövlət başçısının bir daha sözü ilə əməlinin bir olmasının göstəricisidir və bu günə qədər verdiyi bütün vədləri, sözləri yerinə yetirib.

Artıq Ağalıya və Laçının bəzi kəndlərinə ailələr köçürülüb. 2022-ci il iyulun 19-dan 25-ə kimi mərhələli şəkildə Zəngilan rayonunun Ağalı kəndinə 41 ailənin köçü reallaşdı. Bu, Qarabağa ilk köçün qədəmləridir. Ən sonuncu karvan isə avqustun 12-də baş tutub. Belə ki, Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun Ağalı kəndinə ailələr yola salınıb. Beləliklə, Böyük Qayıdış layihəsi çərçivəsində bu günədək Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 526 nəfərdən ibarət 108 ailə köçürülüb. Həmçinin bu il mayın 27-də 20 laçınlı ailədən ibarət 97 nəfərin, iyunun 14-də 22 ailənin, iyunun 19-da isə 13 ailənin qayıdışı reallaşıb. Yenidən qurulan Laçın şəhəri iyulun 13-də daha 85 nəfərdən ibarət 23 ailəyə, iyulun 18-də 73 nəfərdən ibarət 18 ailəyə, ayın 25-də isə 89 nəfərdən ibarət 19 ailəyə qucaq açıb. Sonuncu qayıdış prosesi isə iyulun 28-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu dəfə ümumilikdə 56 nəfər olmaqla, 16 ailə Laçına köçürülüb. Bununla da Laçın şəhərində 168 ailənin, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib.

Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən ağır şəraitdə yaşayan vətəndaşlardır. Əhali üçün bütün şərait yaradılıb, dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt və sair fəaliyyət göstərir. Onlar öz doğma torpaqlarında müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və s. sənaye müəssisələrində çalışacaqlar.

İşğaldan azad edilmiş ərazilərimiz məhz "ağıllı kənd" konsepsiyası əsasında reallaşdırılıb. "Ağıllı kənd" layihəsində əsas məqsəd kənddən şəhərə axının qarşısını almaqdır. Yəni burada insanlara elə şərait yaradılmalıdır ki, şəhərdə mövcud olan bütün xidmətlər, eyni zamanda kəndlərdə də olsun. Həmçinin vətəndaşlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaradılmalıdır. Yəni "ağıllı kənd" konsepsiyasında kənd və şəhər fərqi faktiki olaraq aradan qalxır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə 5 milli prioritetdən biri kimi müəyyənləşdirilib.

Ölkə başçımız Qarabağın yenidən qurulması, dirçəlməsi ilə bağlı bütün lazımi tədbirləri görür. Yeni sağlamlıq mərkəzləri, təhsil ocaqları, sosial təminat mərkəzləri inşa edilir. Görülən işlərlə bağlı Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bütün gücünü bu ali məqsədin uğurla reallaşdırılmasına yönəldib: "İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə və kəndlərin tikintisi, strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, yerli və xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpası istiqamətində qabaqcıl nümunələr yaradılır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək. Bir sözlə, işğaldan azad edilmiş ərazilər sürətli şəkildə bərpa olunur, Böyük Qayıdışla bağlı hədəflərimiz uğurla reallaşdırılır".

Röya RÜSTƏMLİ,

"Respublika".