Mina problemi də öz həllini tapacaq
Sosial həyat

Mina problemi də öz həllini tapacaq

"Azərbaycan minaların təmizlənməsi ilə davamlı inkişaf məqsədlərinə nail olunması arasındakı əlaqənin əhəmiyyətini dərk edir. Bu məqsədlə, biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə spesifik milli Dayanıqlı İnkişaf Məqsədini müəyyənləşdirməyə çalışırıq. Bundan əlavə, minalarla mübarizənin prioritet təyin edilməsi ilə 18-ci Dayanıqlı İnkişaf Məqsədinin qlobal miqyasda bölüşdürülməsini təklif edirik".

Bunu "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr" mövzusunda beynəlxalq texniki konfransda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Qeyd edilib ki, 2020-ci ilin noyabr ayından bu günə qədər 337 nəfər müharibənin partlayıcı qalıqlarının qurbanına çevrilib, onların 65 nəfəri həyatını itirib, 272 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Müharibə bitdikdən sonra bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 111 min 207 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib, 109 min 552 mina, o cümlədən 30 min 753 piyada əleyhinə mina, 18 min 531 tank əleyhinə mina və 60 min 268 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Ölkəmizdə hazırkı mina probleminin miqyası kifayət qədər böyük və təhlükəlidir. Belə ki, azad edilmiş ərazilərin 80%-i hələ minalardan təmizlənməyib. İlkin hesablamalara istinadən, işğaldan azad edilmiş ərazilərimizdə 1,5 milyona yaxın mina basdırılıb, 9 min kvadratkilometrə yaxın ərazi minalarla çirklənib. Ermənilər tərəfindən basdırılan minalar məcburi köçkünlərin öz yurdlarına qayıtmasına əngəl törətmək, insan həyatı üçün təhlükə olmaqla yanaşı, ətraf mühit, o cümlədən heyvanlar üçün də risk yaradır.

Partlamamış hərbi sursat, o cümlədən minalar və digər partlayıcı qalıqlar bu ərazilərdə torpağı və suyu çirkləndirir, onların daxilindəki kimyəvi maddələr və metallar ətraf mühitə sızaraq bitki və heyvan həyatı üçün təhlükə yaradır. Həmçinin partlayışlar bitki örtüyünü zədələyə və biomüxtəlifliyin itirilməsinə səbəb ola bilər. Bu dağıntılar bütün ekosistemə, vəhşi təbiətə təsir göstərir və ətraf mühitin dayanıqlılığını azaldır. Minaların və müharibənin partlayıcı qalıqlarının mövcudluğu vəhşi təbiətin hərəkətinə maneələr yaradır, heyvanları ənənəvi miqrasiya marşrutlarını dəyişməyə məcbur edir.

Münaqişə zamanı partlayışlar və ağır texnikadan istifadə torpaq eroziyasına səbəb olur. Bitki örtüyünün məhvi və təbii relyef formalarının pozulması torpağı eroziyaya qarşı daha həssas edir, münbit torpaq qatının itirilməsinə və landşaftın deqradasiyasına səbəb olur. Minalar həm də kənd təsərrüfatı üçün təhlükədir. Bu bölgələrdə partlayış riski səbəbindən fermerlər əkin sahələrini becərə bilmirlər.  

Müharibə və sonrakı dövrlərdə həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları tərəfindən beynəlxalq hüquq, norma və prinsiplərinin pozulması faktları haqqında bir çox hesabat hazırlanaraq, beynəlxalq təşkilatlara göndərilib. Bunlardan biri də "Human Rights Watch" təşkilatıdır. Onun rəsmiləri ilə bu hesabatlar paylaşılsa da, bunlar təşkilatın yayımladığı hesabatda yer almayıb.  "Human Rights Watch" beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəsi üçün fəaliyyət göstərən təşkilat olmasına baxmayaraq, Azərbaycanın mina problemi ilə bağlı beynəlxalq çağırışlarından da xəbəri olmadığını, bu miqyasda böyük bir problem haqqında məlumatsız olduğunu bildirib. "Biz bu məsələdən xəbərdar deyilik. Mən də bununla bağlı heç bir araşdırma tapa bilmirəm, amma həmkarlarımdan soruşacağam", - deyə "Human Rights Watch" təşkilatının BMT-dəki direktoru Luis Çarbonau (Louis Charbonneau) yerli KİV-lərdən birinin sualına cavab verib.

Azərbaycanın bu kimi qərəzli münasibətlə qarşılaşması ilk dəfə deyil. Ölkəmiz bütün problemləri özü həll etməyə qadirdir və bunu dəfələrlə sübut edib. Bu kimi biganə yanaşmalar sadəcə həmin təşkilatlara olan inamı azaldır, fəaliyyətlərinin keyfiyyətini aşağı salır. Ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökuməti üçün əsas prioritetlərdəndir. Dövlətimiz bu sahədə daha sıx əməkdaşlıq qurmaqla, bilik və təcrübələri artırmaqla, mina probleminin həlli üçün səylə çalışır. 300 nəfər şəxsi heyətlə bu işə başlamış ANAMA-nın artıq 1400 işçisi var. Həmçinin Azərbaycanın ilk minaaxtaran qadınları ictimaiyyətə təqdim olunub. Digər bütün məsələlər kimi, mina problemi də öz həllini tapacaq.

Nurcan SÜLEYMANOVA,

"Respublika".