“Demokratik
Siyasət

“Demokratik" Fransanın müstəmləkə cinayətləri, soyqırımı aktları

XXI əsr, müasir və demokratik dövr əməkdaşlığa, humanizm prinsiplərinə, sülh və əmin-amanlığa söykənir. Lakin hələ də bəzi dövlətlər yanlış iddialarla, müstəmləkəçilik arzuları ilə uğursuz siyasət yürütməyə davam edir.

Belə ölkələr XIX və XX əsrin ilk yarısında olduğu kimi, müstəmləkə qurmaq, insanları digər ölkənin tabeçiliyinə məcbur etmək niyyətlərindən əl çəkmirlər. Hətta uzun zaman keçsə də, həmin dövlətlərin həyata keçirdikləri soyqırmıları unudulmur, ömürlük yaddaşlara qara ləkə kimi həkk olunub. Hazırda Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən imperiyadır.

Neokolonist arzularından əl çəkməyən Fransa tarixdən dərs götürmək istəmir. Keçmişə nəzər saldıqda bir daha aydın olur ki, 1524-cü ildən başlanan Fransa müstəmləkəçiliyinin acı nəticələri, Afrikanın 35 faiz ərazisinin 300 il onun nəzarətində qalması, Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələrin o illərdə qul ticarəti mərkəzləri kimi istifadə edilməsi, bölgədəki bütün resursların istismar olunması, əsrlərlə davam edən müstəmləkəçilik dövründə milyonlarla afrikalının həyatını itirməsi Fransa tarixinə ömürlük ləkədir.

Bu şiddətlər XX əsrdə daha gücləndi və Fransız müstəmləkə imperiyasının ərazisi 1900-1939-cu illərdə 13 milyon 500 min kvadratkilometrə çatmışdı. Bu ölçü həm də dünyanın ümumi ərazisinin 10 faizi deməkdir.

1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımında 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirdi.

Bu gün özünü "demokratik", "Qərbin böyük tərəfdaşı" elan edən Fransanın çox uzaqda olmayan keçmişində belə haqq-ədalət prinsiplərindən tamamilə uzaq, neokolonist siyasət yürütməsi ortaya çıxır.

1958-ci ildə Afrika müstəmləkələrinə müstəqillik verərək geri çəkilən Fransa özündən asılı etdiyi bəzi ölkələrə hələ də mədəni, iqtisadi və siyasi baxımdan nəzarət edir.

Hətta bu nəzarəti tədricən artırmağa çalışan Fransa özündən on minlərlə kilometr uzaqda olan torpaqları - məsələn, yeni Kaledoniyanı əldən vermək istəmir.

Yeni Kaledoniya Fransanın Sakit okeanda yerləşən xüsusi inzibati-ərazi qurumu sayılır. Sakit okeanın cənub-qərb hissəsində, Melaneziyada eyni adlı böyük bir ada və bir qrup kiçik ada ilə təmsil olunan Yeni Kaledoniya cənub-qərbdə Avstraliyanın iqtisadi zonası, şimalda Vanuatu və cənub-şərqdə Fici ilə həmsərhəddir, paytaxtı Noumea şəhəridir. Qeyd edək ki, 1774-cü ildə ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf edilən adaya Şotlandiyanın qədim adının şərəfinə "Yeni Kaledoniya" adı verilib. Sonradan bu ad bütün arxipelaqa tətbiq edilib. Adanın tarixinə gəldikdə isə avropalıların Yeni Kaledoniyaya aktiv köçü 1840-cı illərdən başlayıb. Bunlar səndəl ağacı tacirləri, habelə ingilis və fransız missionerləri idi. Fransa 1853-cü ildə Yeni Kaledoniya adalarına sahib olduğunu iddia edir və 1864-cü ildən 1896-cı ilə qədər Fransa hökuməti ən ağır cinayətlərə görə məhkum edilmiş cinayətkarları bu koloniyaya göndərir. 1946-cı ildə Yeni Kaledoniya Fransanın xaricdəki ərazisi "statusu" qazanır. 1980-ci və 1990-cı illərin əvvəllərində adaya müstəqilliyin verilməsi şüarı altında aborigen əhali (melaneziyalılar) tərəfindən təşkil edilmiş üsyanlar başlayır. 1987-ci il sentyabrın 13-də Yeni Kaledoniyanın müstəqilliyi ilə bağlı ilk referendum keçirilir və Fransanın təqibləri, hədələri ilə baş tutmur - seçicilərin cəmi 59 faizi səsvermədə iştirak edir. Seçkiyə gələnlər isə güclü təzyiq altında ayrılmaya tərəfdar olmadığını bildirir - cəmi 1,7 faiz müstəqilliyə səs verir.

Bəşər tarixinin ən böyük faciələrindən biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında Fransanın əli olub, 2008-ci ildə Ruanda hökuməti Fransanı soyqırımına hazırlıqdan xəbərdar olub hutu dəstələrinə kömək edib, onlara təlim keçməkdə günahlandırdı.

Bunu da qeyd edək ki, hazırda Fransanın nəzarətində olan adalardan biri də Mayot adasıdır. Burada əhalinin sayı 188 422 nəfərdir və etnik tərkib baxımından ada əhalisinin böyük əksəriyyəti qəmərlilərdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini tanımasına baxmayaraq, Fransa beynəlxalq hüquqa hörmət göstərmir, özünün müstəmləkəçilik siyasətindən əl çəkmir, Mayot Adası əsl sahiblərinə geri qaytarılmır. Bu isə özünü Avropa "demokratiya"sının ən əsas dayaqlarından sayan Fransanın əsl xislətini ortaya çıxarır.

XXI əsrdə özünün "müstəmləkəçilik, təcavüzkarlıq" siyasətindən əl çəkməyən Fransanın addımları müasir beynəlxalq münasibətlər sisteminə ziddir. Eyni zamanda müstəmləkə saxlamaq kimi bədniyyətli arzular Fransanın qeyri-demokratikliyindən xəbər verir.

"Etdiyi bütün cinayətlərə görə Fransa üzr istəməlidir". Bu tələb Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə Sammitində səsləndi. Prezident İlham Əliyevin bildirdiyi kimi, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır: "Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq".

Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə Fransanın bu çirkin siyasətinə qarşı güclü müqavimət nümayiş etdirir. Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir: "Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq".

Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri ilə ərazi bütövlüyünü təmin etdi. Nəticədə Cənubi Qafqazda yeni reallıqlar yaratmış oldu. Bu reallıqlar həm də oyun qaydalarını dəyişdi. Bir çox dövlət, hətta 30 il torpaqları işğal altında saxlayan Ermənistan belə, bu reallıqları müəyyən mənada qəbul etməyə məcbur oldu.

Özünün destruktiv mövqeyini davam etdirən Fransa isə bu reallığı hələ də qəbul edə bilməyib.

Rəsmi Paris anti-Azərbaycan mövqeyini müxtəlif formalarda göstərir. Onun Azərbaycanın daxili işlərinə müdaxilə etməsi, 2023-cü ilin dekabrında Bakıda saxlanılan Fransa vətəndaşı Martin Rayanın ölkəsinin xeyrinə casusluq məqsədilə istifadə olunduğunun üzə çıxması və özünün beşinci kalonunu yaratmaq cəhdləri Yelisey sarayının rəsmi Bakı ilə bağlı mövqeyinin aydın təzahürüdür.

Təəssüf ki, Rəsmi Parisin riyakarlığı bununla bitmir. Qarabağda "mədəni irsə təhlükə"yə dair əsassız iddialar irəli sürən bu ölkədə 2024-cü ilin ilk günlərində Evian-lö Bən şəhərində azərbaycanlı şairə Natəvanın heykəli üzərinə qırmızı boya atılaraq təhqir olunub, abidəyə qarşı vandalizm aktı həyata keçirilib. Bundan sonra isə abidənin ümumiyyətlə götürülməsinə dair məlumat yayıldı. Belə bir sual yaranır ki, Fransa bununla nə demək istəyir? Özünü "mədəniyyət beşiyi" kimi təqdim edən ölkə nə üçün bu cür vandallığa əl atır? Digər tərəfdən də təəssüf doğuran hal ondan ibarətdir ki, UNESCO kimi mötəbər qurum dünyada mədəni irsin mühafizəsi ilə məşğul olmaq əvəzinə, Fransanın bir qurumu funksiyasını yerinə yetirir. Bütün dünya xalqları üçün açıq olmalı olan bu təşkilatın şəxsi heyətinin 50 faizindən çoxu tək Fransanın payına düşür.

Fransa anti-Azərbaycan siyasətini müxtəlif formalarda davam etdirir. Belə ki, Rəsmi Paris İrəvanı silahlandıraraq hərbi əməkdaşlıq əlaqələrini möhkəmləndirməklə Rəsmi Bakının maraqlarına zərbə vurmağa çalışır. Məlum olduğu kimi, hazırda Azərbaycanın əsas prioriteti Cənubi Qafqazda sülhün və əməkdaşlıq mühitinin təmin olunmasıdır. Amma Fransa Ermənistana silah satmaqla iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur, İrəvandakı revanşist qüvvələri qızışdırır. BMT Təhlükəsizlik Şurasında və Afrikadakı uğursuzluğunu həzm edə bilməyən Fransa beynəlxalq aləmdə "uğur hekayəsi"ni "erməni kartı" ilə qazanmağa çalışır. Birinci Dünya müharibəsində Osmanlı Türkiyəsinə qarşı etdiklərini hazırda Azərbaycana qarşı edən Fransa "başqasının gözündə çöp axtarsa da, öz gözündəki tiri görə bilmir". Belə ki, Fransa hökuməti öz tənqidçilərini nəinki ölkəyə buraxmır, hətta başqa Avropa ölkələrinə səfərlərini də əngəlləməyə çalışır, bunun üçün digər ölkələrə təzyiqlər edir. Bu faktorlar daim demokratiyadan, insan azadlığından danışan, bu prinsiplər altında "pərdələnən" Yelisey sarayının əslində özünü ifşa etməsidir. Bunu da xüsusilə qeyd edək ki, Fransanın uğursuz cəhdləri həm də Avropa İttifaqının beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə vurur. Prezident Emmanuel Makronun və Fransanın dünyadakı nüfuzunun sürətlə azalması, həmçinin Fransadaxili siyasətdəki böhran birbaşa olaraq bu dövlətin insan hüquq və azadlıqlarına zidd olan uğursuz siyasəti ilə bağlıdır.

Bu məsələ ilə bağlı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov açıq şəkildə bildirib: "…aydındır ki, Fransa tarixi ədaləti bərpa etmiş, Qarabağda və özünün digər ərazilərində otuzillik erməni işğalına son qoymuş Azərbaycanın qələbəsini həzm edə bilmir".

Fransanın ermənipərəst mövqeyi rəsmi Bakı və İrəvan arasındakı sülh perspektivinə zərbə vurur. Yelisey sarayının Azərbaycanın maraqlarını görməzdən gəlməsi ikitərəfli münasibətləri gərginləşdirməklə yanaşı, həm də Parisin Cənubi Qafqazla bağlı planlarının üstündən xətt çəkir. Çünki bölgənin əsas, idarəedici faktoru məhz Azərbaycandır və Fransa da bunu unutmamalıdır.

Bayram SALMANOV,

"Respublika".