“Dəmir yumruq” hər zaman yerindədir
Digər xəbərlər

“Dəmir yumruq” hər zaman yerindədir

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, həmin ərazilərimizdə infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. Müzəffər Silahlı Qüvvələrimizin əks-tədbirləri lokal xarakter daşıyıb və atəş nöqtələri məhv edilib. Erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır. Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcək.

Beləliklə, rəsmi İrəvan sərhəddə təxribat törətməklə beynəlxalq ictimaiyyəti yenə aldatmağa, "yazıq", "günahsız", "həmişə əzilən" erməni xalqı obrazını yaratmağa çalışır. Mülki obyektlərin və günahsız insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi standart hərbi metodologiyadır. 30 illik işğal dövründə və 44 günlük Vətən müharibəsində məhz Ermənistan tərəfi ballistik raketlər və kasetli bombalarla qəsdən və məqsədyönlü şəkildə Azərbaycan şəhərlərini və mülki əhalisini hədəfə alırdı. Minalanmış torpaqların xəritəsini Azərbaycan tərəfə verəcəyini vəd edən Ermənistan o biri öhdəliklər kimi, buna da əməl etməyib. Atəşkəsi pozmaqla diqqəti bu məsələdən də yayındırmağa səy göstərir. Bununla Ermənistan hökuməti, revanşistlər və havadarları yenə erməni ictimaiyyətini aldatmağa çalışırlar. 44 günlük müharibə Ermənistan ordusu və onun barəsində yaradılan mifi darmadağın etdi. Rəsmi İrəvan kapitulyasiya aktını imzaladı. Onlar müharibədə aldıqları zərbənin təsirini unutmaq, erməni ictimaiyyətinin başını qatmaq üçün Azərbaycanla sərhəddə atəşkəsi davamlı pozurlar. Ermənistan hökuməti də ordusu kimi dağınıq və qeyri-müəyyən vəziyyətdədir. Odur ki, rəsmi İrəvan dövlət sərhədində gərginlik yaratmaqla ordusunun itirilmiş "gücü"nü avantüra və təxribatlar yolu ilə bərpa etməyə çalışır. Ermənistan ordusunun mövcudluğu görüntüsünü yaratmağa cəhd göstərir.

Sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısının qətiyyətlə alınması ilə analogiya təşkil edir. Ordumuzun Böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi. Xüsusilə, atəşkəsin imzalanmasından 22 il sonra başlanan Aprel döyüşlərində Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatı nəticəsində Ermənistan hərbi birləşmələrinə ağır zərbələr vuraraq məğlubiyyətə uğratdı. Bununla da "qüdrətli", "yenilməz" Ermənistan ordusunun mifi darmadağın oldu. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Döyüşlər bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almağa qadirdir. Döyüşlərdə 100-dən çox hərbçisi və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti, hətta səngərləri qoyub qaçırdı.

Tovuz döyüşlərində ordumuzun əsgər və yüksək rütbəli zabitləri qəhrəmanlıq və igidlik nümunələri göstərərək, erməni işğalçılarının törətdikləri təxribatların qarşısını qətiyyətlə aldılar. Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını - general-mayor Polad Həşimovu, polkovnik İlqar Mirzəyevi, mayor Namiq Əhmədovu, mayor Anar Novruzovu, baş leytenant Rəşad Mahmudovu, gizir İlqar Zeynalovu, gizir Yaşar Babayevi, baş çavuş Vüqar Sadıqovu, çavuş Elçin Mustafazadəni, çavuş Nazim İsmayılovu, baş əsgər Elşad Məmmədovu və əsgər Xəyyam Daşdəmirovu böyük izdihamla son mənzilə yola saldı. Onların qanları yerdə qalmadı, qisasları alındı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin günlər bir daha bildirdi: "Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib". Ölkə rəhbəri Tovuzda baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırdı və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadə etdi. Tovuz döyüşləri ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyinin yenidən təcəssümünə çevrildi. Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun gücü qarşısında aciz və zəifdir. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığına dəlalət edirdi. Ermənistan bu kimi əməlləri ilə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür. Ermənistan kütləvi informasiya vasitələrində və sosial media seqmentində Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyil. Bunların hamısı Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır. Ermənistanın təxribatlarına cavab olaraq ordumuzun əks-tədbirləri lokal xarakter daşıyır və atəş nöqtəsi olan legitim hərbi hədəflərə qarşı yönəlib. Cavab tədbirləri kiçikmiqyaslı və hədəflənmiş xarakter daşıyaraq Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.

Mustafa KAMAL,

"Respublika".