Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib
Digər xəbərlər

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 2024-cü il üzrə təsdiq olunmuş insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində səmərəliliyin artırılması ilə bağlı maarifləndirməyə dair tədbirlər planı çərçivəsində silsilə təlimlər davam etdirilir.

Bu istiqamətdə növbəti tədbir Ombudsman Aparatında Sabunçu və Səbail rayon icra hakimiyyətlərinin başçılarının müavinləri, həmin rayonların yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının üzvləri, rayon polis idarələri, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları, həmçinin uşaq hüquqlarının müdafiəsi üzrə işləyən təhsil, tibb işçiləri və sosial xidmət sahəsində fəaliyyət göstərən şəxslər üçün “Uşaq hüquqlarının müdafiəsi: dövlət orqanlarının vəzifələri və müstəqil monitorinq mexanizmi” mövzusunda təşkil olunub.

Qurumun mətbuat xidmətindən verilən məlumatda deyilir ki, tədbirə Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzlərinin və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının nümayəndələri də onlayn formada qoşulublar.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı təlimdə çıxış edərək, Müvəkkilin cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə xüsusi diqqət yetirdiyini bildirib, bununla əlaqədar Ombudsman tərəfindən təsdiq olunmuş tədbirlər planı çərçivəsində cari il ərzində həssas əhali qruplarının hüquqlarının müdafiəsi və digər mövzularda təlimlərin təşkil olunacağını diqqətə çatdırıb.

Təlim zamanı mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Respublika”.