Ekofəallar beynəlxalq ictimaiyyəti Azərbaycan ərazilərində törədilən ekoloji terrora susmamağa çağırırlar
Digər xəbərlər

Ekofəallar beynəlxalq ictimaiyyəti Azərbaycan ərazilərində törədilən ekoloji terrora susmamağa çağırırlar

Aksiya iştirakçıları 19 gündür ki, Laçın-Xankəndi yolunda qışın sərt soyuğuna baxmayaraq, böyük ruh yüksəkliyi ilə ekoloji terrora son qoyulması barədə şüarlar səsləndirirlər. Ekofəallar beynəlxalq ictimaiyyəti ərazilərimizdə törədilən ekoloji terrora susmamağa çağırır, haqlı mübarizələrindən geri çəkilməyəcəklərini bildirirlər.

Bu gün aksiya keçirilən ərazidə Yeni il bayramı münasibətilə şam ağacı quraşdırılıb. Sabah həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Ekofəallar həmrəylik nümayiş etdirərək, aksiyaya dəstək vermək məqsədilə yeni könüllü qrupları halında Laçın-Xankəndi yoluna gəlməkdə davam edirlər. İştirakçıların əhval-ruhiyyəsi isə yüksəkdir.

Dekabrın 30-da Laçın-Xankəndi yolunda aksiya iştirakçılarının bəziləri təəssüratlarını AZƏRTAC-ın hadisə yerindəki müxbiri ilə bölüşüb.

Aksiya iştirakçısı Türkan Əliyeva deyib: "Gecə-gündüz fərq etmədən aktiv şəkildə dinc aksiyamıza davam edirik. Əhval-ruhiyyəmiz hər zaman olduğu kimi, qışın bu soyuğunda da yüksəkdir. Havaların kəskin dəyişməsi bizə təsir etmir. Gün boyu şüarlarımızı səsləndirib, vətənpərvərlik mövzusunda mahnılar ifa edirik. Tələbimiz ərazilərimizdə ekoloji cinayətə son qoyulması, təbiətimizin qorunması, həmçinin təbii sərvətlərimizin istismarının dayandırılmasıdır. Dünya səsimizi eşitsin, bu terrora son qoyulsun".

Aksiyanın fəal iştirakçılarından biri də Azərbaycan Universitetinin tələbəsi Ayaz İbrahimlidir. "Azərbaycan ərazilərində həyata keçirilən talançılıq, ekoloji terror dayandırılmalıdır. Bu, hər birimizin tələbidir. Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır", - deyə o əlavə edib.

Digər könüllü Elçin Qasımov deyib: "Əhvalımız yaxşıdır, çünki burada olan hər kəs Vətənimizin sərvətlərini, ekologiyamızı qorumağı özünə borc bilir. Ərazilərimizdə olan təbii sərvətlərin talanmasının dayandırılması ilə bağlı etirazlar edirik. Tələblərimiz isə tamamilə haqlıdır. Biz öz sərvətlərimizi, təbiətimizi qorumaq üçün buradayıq. Tələblərimiz yerinə yetirilənədək aksiyaya davam edəcəyik".

Bakı Dövlət Universitetinin tələbəsi Əzizə Əlizadə isə qeyd edib ki, könüllü gənclər kimi o da aksiyada fəal iştirak edir: "Sərvətlərimizin talanmasına, ekoloji terrora son qoyulmasını tələb edirik. Bunun üçün də şüarlarımızı gecə-gündüz səsləndiririk. Dünya buradakı ekoloji terrora susmamalıdır".