Azərbaycan dilinin hərtərəfli inkişafı Ümummli Liderin adı ilə bağlıdır
Digər xəbərlər

Azərbaycan dilinin hərtərəfli inkişafı Ümummli Liderin adı ilə bağlıdır

Hər bir xalqı yaşadan, inkişafına təkan verən səbəblərdən biri də onun ana dilinin mövcud olmasıdır. Millətlər öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini də məhz dil vasitəsilə yaşadırlar. Buna görə də Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca faktordur. Dövlət rəmzlərimiz olan himn, bayraq, gerb kimi, ana dilimiz də bizim üçün müqəddəs sayılır.

Milli folklorumuzda özünü yaşadan ana dilimiz böyük sərkərdə Şah İsmayıl Xətainin hakimiyyət illərində dövlət dili statusuna malik olub. 1918-ci ildə Azərbaycan Xalq Cümuriyyətinin ilk qərarlarından biri ilə Azərbaycan dili dövlət dili elan edilib. Bütün sahələrdə, eləcə də orduda, təhsildə, qanunvericilikdə ana dilinin tədbiq edilməsinə başlanılıb.

Doğma Azərbaycan dili tarixin müxtəlif dövrlərində rəsmi dövlət dili kimi elan edilsə də, bu, çox da uzun müddət qüvvədə qala bilməyib. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmiz bir çox sahələrdə inkişaf yoluna qədəm qoyduğu kimi, Azərbaycan dili də tariximizdə öz bədii yerini qoruyub saxlaya bildi.

SSRİ Konstitusiyası qəbul olunduqdan sonra milli dillərə qarşı təzyiqlər artmağa başladı. Ona görə də həmin dövrdə ana dili məsələsinin qayğısına qalmaq, onun təbliğinə şərait yaratmaq çox çətin proses sayılırdı. İttifaq respublikaları rəhbərləri öz xalqlarının danışdığı ana dili məsələsini çox da gün üzünə çıxarmırdılar. Lakin ümummilli lider Heydər Əliyev bu mənada digər rəhbərlərdən fərqlənirdi. Ulu Öndər belə çətin zamanlarda böyük cəsarət göstərib, ana dilinə qarşı olan həssaslığını açıq şəkildə ortaya qoyub.

Heydər Əliyev 1978-ci il aprelin 2-də Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyadakı çıxışında "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" maddəsinin təsdiq olunması barədə təklif verib. Ulu Öndərin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunıb. Azərbaycan SSR Konstitusiyasında həmin maddənin öz əksini tapması Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Dahi şəxsiyyət bununla da on üç il sonra müstəqilliyini ikinci dəfə bərpa edəcək Azərbaycanın milli rəmzlərindən birinin varlığını saxlamağa nail olub. Məhz dahi şəxsiyyət Heydər Əliyevin sayəsində 1978-ci ildə Azərbaycan dilinə dövlət dili statusu verilib.

Dahi şəxsiyyət ana dilimiz haqqında hər zaman yüksək fikirlər səsləndirib: "Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə - Azərbaycan dili ilə fəxr edirik", "hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini bilməlidir". "Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir".

Dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra da ana dilimizin inkişafı üçün mühüm qanunlar və qərarlar qəbul edilib. Belə ki, referendum yolu ilə qəbul olunmuş Konstitusiyada dövlət dili ilə bağlı konkret maddənin olması ana dilimizin qorunması işini daha da gücləndirdi.

Bununla yanaşı, ümummmilli lider Heydər Əliyev 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzalayıb.

Bundan başqa, Ulu Öndərin 2001-ci il 9 avqust tarixli "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. 2002-ci il 30 sentyabr tarixində başqa bir sənəd - "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun da qəbul edilib.

Musa BAĞIRLI,

"Respublika".