Delimitasiya prosesi Azərbaycanın şərtləri əsasında aparılmalıdır
Siyasət

Delimitasiya prosesi Azərbaycanın şərtləri əsasında aparılmalıdır

İkinci Qarabağ müharibəsindən üç il keçməsinə baxmayaraq, Ermənistan hələ də üçtərəfli Bəyanatın şərtlərini tam şəkildə yerinə yetirməkdən boyun qaçırır. Bu isə hazırda əsas məqsəd olan sülh sazişinin imzalanmasına əngəl törədir.

Məlum olduğu kimi, 10 noyabr Bəyanatının əsas müddəalarından biri də sərhədlərin delimitasiya və demarkasiyası məsələsidir. Amma qərb qonşumuz bu prosesi hələ də yubadır. Paşinyanın bu addımları onun məkrli məqsədləri ilə xarakterizə olunur. Ermənistan müxtəlif platformalarda sözdə sülhə maraqlı olduğunu bildirsə də, bu istiqamətdə heç bir addım atmır, Qərbin qanadları altına sığınaraq hər vəchlə sülhə mane olmağa çalışır.

Rəsmi İrəvan yaxşı bilir ki, sülh sənədi Ermənistanın üzərinə beynəlxalq və ikitərəfli hüquqi öhdəliklər qoyacaq. Bu öhdəliklərin pozulması isə Ermənistan üçün heç də yaxşı nəticələnməyəcək. Bu baxımdan, qarşı tərəfin delimitasiya və demarkasiya prosesini uzatması təsadüfi deyil. Paşinyan bununla ölkəni fəlakətə sürüklədiyini anlamır. Çünki hazırda işğalçı dövləti müdafiə edən Qərb "işi" bitdikdən sonra Ermənistana qapılarını bağlayacaq. Bu gün istər Fransa, istərsə də digər qüvvələr yalnız öz maraqlarını təmin etmək naminə Nikol Paşinyana dəstək verir. Ermənistan tərəfi rahat yaşamasının, inkişafının başlıca yolunun məhz qonşularla dil tapıb yaşamaqdan keçdiyini qəbullanmalıdır. Üçüncü tərəflərin hər zaman vəziyyəti daha bərbad hala gətirdiyi məlum məsələdir. Özlərini sülh tərəfdarı kimi qələmə verən və regiondan kənar olan dövlətlər əslində Ermənistana delimitasiya və demarkasiya prosesinin tez həyata keçirilməsi üçün təzyiq göstərməlidirlər. Amma bunun əvəzinə nifaq yaratmaqla Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək istəyirlər.

Delimitasiya prosesində digər vacib məsələ isə anklavlardır. Paşinyan bu məsələdə hiyləgərlik etməyə çalışır. Ermənistan baş nazirinin bu ilin may ayında keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Paşinyan söyləyib ki, o, Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma delimitasiya-demarkasiya prosesi məhz SSRİ Baş Qərargahının 1975-ci ildə təsdiq etdiyi xəritələrə uyğun olaraq həll edilməlidir: "Düşünürəm ki, 1975-ci ilin xəritəsi gələcək demarkasiya işləri üçün əsas ola bilər və olmalıdır, çünki demarkasiya ilə bağlı 2022-ci il oktyabrın 6-da Alma-Ata bəyannaməsi əsasında Praqada əldə edilmiş razılaşmalar bunu nəzərdə tutur".

Amma Ermənistan baş nazirinin gündəmə gətirdiyi 1975-ci ilin xəritələri Azərbaycan üçün məqbul hesab olunmur. Xüsusi vurğulamaq lazımdır ki, 1975-ci ilin xəritələrində anklavlar göstərilməyib. Bu isə Paşinyanın demarkasiya və delimitasiya işlərini anklavlar istisna olmaqla aparmaq istədiyindən xəbər verir. Şübhəsiz, bu mümkünsüzdür. Proses 1990-1993-cü illərin xəritələri əsasında aparıldığı halda Azərbaycanın haqlı tələbləri yerinə yetiriləcək. Paşinyanın 1975-ci ilin xəritələrinin üzərində dayanması onun xainliyini göstərir. Çünki həmin xəritədə anklavlar, yəni Qazaxın və Naxçıvanın bir sıra kəndləri əks olunmayıb. Nikol Paşinyan özü də çox yaxşı bilir ki, həmin torpaqlar Azərbaycana məxsusdur. Məhz buna görə də Ermənistanın baş naziri bu ərazilər hansı xəritədə əks olunmayıbsa, onu təklif edir. Bununla yanaşı, həmin xəritədə Ermənistanın xeyrinə olan bəzi nüanslar da var. 2000-dən artıq toponimin ermənilər tərəfindən dəyişdirilməsi bunun əyani sübutudur. Xatırladaq ki, ermənilər indiyə qədər 1975-ci il xəritəsindən əlavə alternativlər irəli sürsələr də, sonradan onların da Azərbaycanın xeyrinə olduğunu anlayaraq yenidən mövqelərini dəyişiblər.

Bir məqamı da qeyd edək ki, Ermənistanda 1975-ci ilin xəritəsi kimi çox sayda xəritələr hazırlanıb. Azərbaycana gəldikdə isə Prezident İlham Əliyev məsələ ilə bağlı mövqeyini qəti şəkildə bəyan edib. Dövlətimizin başçısı bu il mayın 28-də Laçında sakinlərlə görüşü zamanı bildirib ki, sərhədlərin delimitasiyası ədalətli şərtlər əsasında olmalıdır: "Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar". Prezident İlham Əliyev bundan əvvəl Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi prosesində diqqət yetiriləcək mühüm məqamları da bildirmişdi. Dövlət başçısı vurğulamışdı ki, sərhədlərin müəyyənləşdirilməsi zamanı Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı xəritələri nəzərə almalıyıq. Bu baxımdan, sərhəd məsələsində diqqəti sadəcə bir xəritəyə yönəltmək yanlışdır. İrəvanın Azərbaycanın bir hissəsi olduğunu təsdiq edən 1918-ci ildən başlayaraq bir çox xəritələr var. Zəngəzurun Ermənistana verilməsi 1920-ci ilin noyabrında sovet hökumətinin qərarı idi. Amma Ermənistana verilərkən o, indiki kimi 42 kilometr deyildi, daha dar idi. Amma sonradan müxtəlif hiylələrlə ermənilər İranla yeganə sərhədləri olan bu ərazini genişləndirdilər.

Bu baxımdan, Ermənistan baş naziri mövcud reallığı nəzərə alaraq hərəkət etməlidir. Əks halda, bu, ölkənin vəziyyətini daha da pisləşdirəcək. Çünki artıq erməni xalqı belə hayların yaratdığı saxta tarixin əlindən cana gəlib.

Nəzrin ELDARQIZI,

"Respublika".