Davamlı inkişafın, görülən işlərin təqdimatı, uğurların aynası
İqtisadiyyat

Davamlı inkişafın, görülən işlərin təqdimatı, uğurların aynası

Dövlət başçısının bölgələrə mütəmadi səfərlərinin hər biri mühüm tarixi hadisə olur

Güclü və qalib ölkəmizdə regionların inkişafı istiqamətində uğurla həyata keçirilən dövlət proqramlarında, habelə bölgələrin sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Prezident sərəncamlarında nəzərdə tutulan vəzifələrin icrası davamlı inkişafı təmin edib. Dövlət başçısı bölgələrə çoxsaylı səfərləri zamanı inkişaf prosesləri, həmçinin problemlərlə şəxsən tanış olur, verilən qərarların icrası ilə maraqlanır, ictimaiyyət nümayəndələrindən yeni təkliflər alır. Beləliklə, ölkə vətəndaşları ilə Prezident arasında sıx ünsiyyət yaranır, onların sosial sifarişləri, qaldırdıqları məsələlər nəzarətə götürülür və icrası təmin edilir. Artıq ölkəmizin sənaye xəritəsi regionlara doğru genişlənir. Eyni zamanda, respublikanın bölgələrində aqrar sektor innovativ əsaslarla inkişaf etdirilir, müasir təsərrüfatların yaradılmasına geniş imkanlar açılır.

Ölkə başçısının bölgələrə davamlı və coxsaylı səfərləri regionların tarazlı şəkildə inkişafına və müasirləşməsinə birbaşa xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib və “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub. Gəncədə Ekoloji Parkın tikintisi ilə tanış olub, İdman Sarayının açılışını etdikdən sonra şəhər stadionunun təməlini qoyub. Qəbələdə isə ölkə elektrik yarımstansiyası, Rayon Mərkəzi Xəstəxanası, avtomobil yolu və yeni məktəb binası istifadəyə verilib. Bununla da cari ildə dövlət başçısı 5 rayona səfər edib.

Bu gün müasir Azərbaycanın inkişaf modelinin reallıqlarını paytaxt Bakı ilə yanaşı, ölkənin regionlarında da görmək mümkündür. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla yerinə yetirilməsi ümumi inkişaf proseslərinin bütün ölkəni əhatə etməsini, bölgələrin də iqtisadi güc amilinə çevrilməsini şərtləndirir. Ölkə başçısının bölgələrə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Qeyri-neft sektorunun davamlı inkişafı, innovativ və yüksək texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili, bu sahədə sahibkarlığın dəstəklənməsi və istehsal sahəsində məşğulluğun artırılması məqsədilə ölkədə yüzlərlə istehsal və emal müəssisələri, iri sənaye mərkəzləri, parkları və məhəllələri yaradılmışdır. Görülən bütün bu işlər, həmçinin yerli məhsulların ixrac coğrafiyasını genişləndirmək imkanı vermiş, yüksək keyfiyyət standartlarına malik məhsulların “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara çıxışını genişləndirmişdir. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, bölgələrə səfərləri nəzarət üçün bir vasitədir. Belə ki, verilən tapşırıqların necə yerinə yetirilməsinə nəzarət edilir, müəyyən tövsiyələr verilir. İnsanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması təmin edilir. Beləliklə, bölgələrimizin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir.

Bu səfərlər bir daha təsdiq edir ki, işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasının prioritet elan edilməsinə baxmayaraq, ölkəmizin digər şəhər və rayonlarının inkişafı da diqqətdən kənarda qalmır. Bu baxımdan, Prezident İlham Əliyevin yanvarın 16-da Lənkərana və Neftçalaya səfərlərini də qeyd edə bilərik. Ölkə başçısı Lənkarana səfəri çərçivəsində “Lenk Fruit” Məhdud Məsuliyyətli Cəmiyyətin rayonun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub. Ümumi ərazisi 150 hektar olan bağda Türkiyədən gətirilən 141 min sitrus meyvələri, şaftalı və nektarin ağacları əkilib. Dövlət başçısı Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib. 500 minə yaxın vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Burada 214 əməkdaş və 40 könüllü çalışacaq. Prezident Lənkəranda yeni inşa edilən müasir penitensiar kompleksdə yaradılan şəraitlə də tanış olub. Ümumi saxlama limiti 1300 nəfərlik olan penitensiar kompleks iki zonadan ibarətdir. Prezident İlham Əliyev “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətin qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub. Müəssisədə 5 növ və 56 çeşiddə, o cümlədən karamel, lokum, şokoladlı lokum, marmelad, şokoladlı marmelad istehsal edilir. Lənkarandan sonra Neftçala rayonuna səfər edən Prezident şəhərin içməli su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak edib. Layihə Neftçala rayonu üzrə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 89 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Artıq su xəttinin 64 kilometrlik hissəsi çəkilib, anbarların və nasos stansiyasının tikintisi davam etdirilir. Dövlət başçısı İlham Əliyevin Lənkəran və Neftçala rayonlarına səfəri çərçivəsində görülən işlərin təqdimatı regional inkişaf proqramlarının uğurlu icrasının aydın mənzərəsini yaradır.

Prezident İlham Əliyevin mütəmadi olaraq regionlara səfər etməsi Azərbaycanın iqtisadi baxımdan güclü dövlətə çevrilməsi üçün mühüm addımdır. Heç bir bölgə ölkənin ümumi inkişafından kənarda qalmır. Son beş ilə nəzər salsaq görərik ki, ölkə başçısı 2018-ci il prezident seçkilərindən sonra 28, 2019-cu ildə 5, 2020-ci ildə 17, 2021-ci ildə 17, 2022-ci ildə 14, 2023-cü ildə 11, bu ilin ötən dövründə isə 5 rayona səfər edib. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilər də daxil olmaqla bölgələrə mütəmadi səfərləri təsdiq edir ki, regionların inkişafı dövlət başçısının fəaliyyətində prioritetdir. Belə ki, Prezident İlham Əliyevin bölgələrə hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. Regionların köklü və keyfiyyətli şəkildə inkişafı,yenidən qurulan infrastrukturu ölkəmizin ümumi inkişafına böyük təkan verir.

Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əsas məqsədi ölkənin iqtisadi artım tempinin davamlılığının təmin olunması ilə yanaşı, həm də əhalinin sosial rifahının yüksəldilməsidir. Məhz regionlara olan diqqət və qayğının nəticəsidir ki, 2003-cü ildən ötən müddətdə 3200-dən çox məktəb binası, 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib, 40-dan çox olimpiya mərkəzi və yüzlərlə müxtəlif idman qurğuları istifadəyə verilib. Hazırda 24 “ASAN xidmət” və 3 “ASAN Kommunal” mərkəzi olmaqla, ümumilikdə, 27 mərkəzin vahid standartlar çərçivəsində idarə olunması və vətəndaşlara xidmət göstərməsi üçün bütün imkanlar təmin olunub. 5 “DOST” mərkəzi fəaliyyət göstərir. 2025-ci ilədək Bakıda və ölkəmizin regionlarında 17 “DOST” mərkəzi, 55 “DOST” filialı istifadəyə veriləcək. Görülən işlər deməyə əsas verir ki, bu gün paytaxt və bölgələr arasında fərq aradan götürülür və dünyanın heç bir ölkəsində regionlar Azərbaycandakı qədər ardıcıl və yüksək inkişaf tempinə malik deyil. Qazanılan uğurlar nəticəsində Azərbaycanı qarşıda daha parlaq və firavan gələcək gözləyir.

Mustafa KAMAL,

“Respublika”