KOBİA-nın Goranboyda sahibkarlarla görüşü keçirilib
İqtisadiyyat

KOBİA-nın Goranboyda sahibkarlarla görüşü keçirilib

Sahibkarların dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeniliklər barədə məlumatlandırılması, inkişaf ehtiyaclarının və təkliflərinin dinlənilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları bu dəfə Goranboy rayonunda olublar. 130-a yaxın sahibkarın iştirak etdiyi görüşdə KOBİA əməkdaşları sahibkarların təkliflərini dinləyib, suallarını cavablandırıblar.

KOBİA-nın mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə sahibkarlığın qurulmasına və inkişafına göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən KOBİA-nın xidmətləri barədə ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, sahibkarlar tərəfindən səsləndirilən təkliflərin aidiyyəti üzrə müvafiq qurumlara çatdırılacağı qeyd edilib. ədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin, rayonda sahibkarlara dəstək və xidmət göstərən qurumların nümayəndələri də iştirak ediblər.

Görüş çərçivəsində həmçinin KOBİA-nın Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə sayca 5-ci KOB dostu ofisinin Goranboyda fəaliyyətə başlaması barədə məlumat verilib. Goranboy Mədəniyyət Mərkəzində fəaliyyət göstərən KOB dostu ofisi ilə tanışlıq zamanı qeyd edilib ki, bu ölkə üzrə sayca 51-ci KOB dostu ofisidir. Regionda Goranboyla yanaşı, Gəncə, Daşkəsən, Göygöl və Samuxda da KOB dostu ofisləri fəaliyyət göstərir. Tədbirdə iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev sahibkarları, biznesə başlamaq istəyən vətəndaşları KOB dostu ilə fəal əməkdaşlığa dəvət ediblər.

“Respublika”.