Enerji və milli təhlükəsizlik mövqeyi
İqtisadiyyat

Enerji və milli təhlükəsizlik mövqeyi

"Bir sözlə, yekun nitqim ondan ibarətdir ki, enerji təhlükəsizliyi birmənalı olaraq ölkələrin milli təhlükəsizlik məsələsi hesab edilməlidir. Ayrı-seçkilik olmamalıdır". Bu fikirləri Prezident İlham Əliyev "15-ci Petersberq İqlim Dialoqu"nun yüksək səviyyəli Seqmentində çıxışında bildirib.

Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik ölkədir və həm milli, regional səviyyədə, həm də dünya enerji sistemində həlledici mövqeyə malikdir, transmilli enerji bazarlarında özünəməxsus yer tutur. Ölkənin enerji təhlükəsizliyinin əsas istiqamətlərindən biri onun elektrik enerjisinə olan daxili ehtiyacının fasiləsiz təmin edilməsidir.

Ölkəmizin enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri hələ öz əksini "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır. Bundan başqa, Azərbaycanın transmilli və daxili enerji siyasəti bu sahədə həyata keçirilən tədbirlər, yerinə yetirilən vəzifələr və enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı digər məsələlər ötən illərdə qəbul edilmiş bir çox rəsmi dövlət sənədlərində də əks olunub.

Azərbaycanın kənardan heç bir asılılığı yoxdur və bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanlar hesabına ödəməyə qadirdir. Həyata keçirilən enerji siyasətinin məqsədi ölkənin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan ibarətdir. Ölkənin dünya enerji satışı bazarında çəkisini və rolunu xeyli dərəcədə gücləndirməsi Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını daha da artırıb.

Tarixi Zəfərimizin reallıqları fonunda ölkəmizin artan nüfuzu enerji diplomatiyasının uğurlarının davamlılığında da özünü qabarıq şəkildə göstərir. 2023-cü il fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında dövlət başçısı İlham Əliyev çıxışında deyib: "Biz bu gün artıq doqquzuncu dəfədir ki, toplaşırıq və əlbəttə, bir çox məsələlər haqqında danışmalıyıq, adətən etdiyimiz kimi, görülən işləri nəzərdən keçirməliyik və ən vacibi, gələcək addımlarımızı planlaşdırmalıyıq". Prezident həmçinin dünyanın dəyişdiyini və enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün də əhəmiyyətinin daha da artdığını vurğulayıb. Bildirib ki, enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir və yeni marşrutların qurulması, mənbələrin cəlb olunması birgə səylərin nəticəsidir.

2022-ci ilin iyulunda Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Azərbaycanda səfərdə olarkən ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumu gələcək planlar üçün aydın yol xəritəsi hesab oluna bilər. Belə ki, anlaşmaya əsasən, Avropaya qaz ixracının həcminin 2027-ci ilə qədər iki dəfə artırılması planlaşdırılır. Həmin ilin oktyabrında enerji sektorunda növbəti uğurlu addım atıldı. Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (İGB) açılış mərasimi keçirildi. Əslində, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənubi Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Azərbaycan qazının alıcılarının sayı artır.

2022-ci ilin dekabrında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu daha qabarıq göstərən mühüm sənəd qəbul olundu. Dövlət başçısı İlham Əliyevin iştirakı ilə Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair saziş" imzalandı. Mərasimdə Prezident İlham Əliyev birgə səmərəli əməkdaşlığa çağırış edərək bildirib ki, Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidir.

2023-cü il dekabrın 10-da isə Serbiyanın Nis şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru istifadəyə verilib. Prezident İlham Əliyev tədbirdə çıxış edərək deyib: "...Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncudur". 

Müasir dövrdə enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti getdikcə artır. Bu baxımdan Avropanın enerji sahəsində asılılığı azaltması məqsədilə alternativ mənbələr və etibarlı tərəfdaşlar axtarışında Azərbaycana xüsusi önəm verməsi də təsadüfi deyil. Azərbaycan bu vaxta qədər də "qoca qitə"nin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Ölkəmiz uzun illərdir ki, etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edirdi, lakin artıq öz tərəfdaşlarını təbii qazla da təmin edir. Bu məqsədlə qaz hasilatının artırılması istiqamətində fəaliyyət göstərir.

Dövlət başçısı 2023-cü il noyabrın 25-də Bakıda keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda danışarkən deyib ki, genişmiqyaslı layihələrin icrası üçün önəmli məqamlardan biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətinin proqnozlaşdırılması kimi amillər bir çox ölkələrlə yaxın münasibətlərin qurulmasına zəmin yaradıb.

Azərbaycan imzasına və sözünə hər zaman sadiqdir, istər ikitərəfli, istərsə də çoxtərəfli razılaşmalar əsasında üzərinə götürdüyü öhdəlikləri vaxtında və dəqiqliklə yerinə yetirir. Eyni zamanda qarşı tərəfdən də bu cür yanaşmanı istəyir. Belə ki, öhdəliklərə qarşılıqlı şəkildə qərəzsiz yanaşma nümayiş etdirilməli, qəbul edilən qərarlar vaxtında reallaşdırılmalıdır.

Ölkəmizin enerji strategiyasında bərpaolunan enerji növlərinə investisiyaların yatırılması da mühüm yer tutur ki, bu da dövrün tələbidir. Bu məqsədlə ölkənin nəhəng potensialından istifadə edilir. "Masdar" və "ACWA Power" kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələr reallaşdırılır. Zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə Azərbaycan beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilir.

Zümrüd QURBANQIZI,

"Respublika".