Azərbaycan COP29-a evsahibliyini layiqincə yerinə yetirəcək
İqtisadiyyat

Azərbaycan COP29-a evsahibliyini layiqincə yerinə yetirəcək

Azərbaycan COP29-a evsahibliyi edəcək. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun artmasının bariz nümunəsidir. Bildiyiniz kimi, Azərbaycan neft və qaz istehsal və ixrac edən bir ölkədir. Ancaq buna baxmayaraq, Azərbaycan daim iqlim dəyişikliklərini izləyən və onun törətdiyi fəsadların aradan qaldırılmasına töhfə vermək istəyən dövlətlərdən biridir.

Ölkəmiz, xüsusilə yaşıl enerjinin inkişaf etdirilməsinə, eyni zamanda xaricə ixrac edilməsinə böyük səy göstərən dövlətlər sırasındadır. Azərbaycan, Gürcüstan və Qara dənizin dibindən keçməklə Bolqarıstan, Rumıniya, Macarıstan, bir sözlə Avropaya yaşıl enerjini ötürəcək ilk dövlətlərdən biridir. Bununla yanaşı, Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru "yaşıl" ərazi elan edib. Burada alternativ enerji mənbələri öyrənilir, işlənilir. Azərbaycan, həmçinin Xəzər dənizində və Abşeron yarımadasında külək və günəş enerjilərinin istifadə edilməsi ilə əlaqədar müqavilələr imzalayıb bu sahəyə böyük sərmayə qoyulub. Bir çox böyük korporasiya və şirkətlər artıq məhz bu layihələrin icrasını həyata keçirməkdədir. Bir sözlə, ölkəmiz COP29 kimi mötəbər tədbirin respublikamızda keçirilməsi ilə həm iqlim dəyişikliklərinə töhfələrin verilməsi, yaşıl enerjinin təbliğ edilməsi, həmçinin də dünya liderlərinin və aparıcı dövlətlərin rəhbərlərinin Azərbaycanda toplaşaraq məhz "yaşıl dünya" üçün güclərinin səfərbər edilməsinə nail olacaqdır.

COP28-də bir çox önəmli qərarlar alındı, əhəmiyyətli məsələlər müzakirə olundu. Ancaq gəlin etiraf edək ki, bu, məhz mövcud problemlərin aradan qaldırılmasına kifayət etmədi. Lakin Azərbaycanın bu cür məsuliyyətli bir işi öz öhdəsinə götürməsi çox cəsarətli bir addımdır. Bu, birbaşa olaraq Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi hesabına baş verib. Mən inanıram ki, ölkəmiz nəzərdə tutulan bütün  öhdəlikləri yerinə yetirməklə  problemlərin həllinə töhfə verə biləcək, dünya liderlərini, dövlətlərini bu məqsədlə bir araya gətirəcəkdir.

Azərbaycan bu günə qədər bir çox beynəlxalq tədbirlərə uğurla evsahibliyi edib. Qoşulmama Hərəkatına rəhbərliyi dönəmində BMT-dən sonra ikinci böyük təşkilat olan bu qurumun  nüfuzunu özünə qaytara bilib. Nəticə etibarilə ölkəmiz COP29-a evsahibliyini uğurla həyata keçirəcək. Dövlətimizin yaratdığı yeni reallıqlar fonunda Azərbaycanın gücü və nüfuzu dünya dövlətləri tərəfindən həmişəki kimi təqdir ediləcəkdir.

Naqif HƏMZƏYEV,

Milli Məclisin deputatı.