Cəsarət, şücaət və fədakarlıq
Ordu

Cəsarət, şücaət və fədakarlıq

Mənim istəyim, ən böyük arzum o idi ki, torpaqlarımız azad olunsun. 2020-ci ilin sentyabrında başlanan müharibə bütün xalqımızı yumruq kimi birləşdirdi. Peşəkar zabit kimi mən də İkinci Qarabağ savaşı zamanı Azərbaycan ordusu sıralarında idim. Bizi ruhlandıran torpaqlarımızı işğaldan azad etmək istəyi ilə yanaşı, həm də Milli Qəhrəmanımız Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər zabit yoldaşlarımızın intiqamını almaq idi.

Ölkə başçımız, Ali Baş Komandanın rəhbərliyilə müharibədən əvvəl müasir silahların alınması, əsgərlərdə döyüş əzminin artırılması, döyüş-təlim sahələrinin yaradılması istiqamətində tədbirlər görülmüşdü. Müharibədən əvvəl hərbi sahədə qazandığımız təcrübə bizə Vətən müharibəsinin gedişində böyük kömək oldu. Bu təcrübə sayəsində müharibədə qalib gəldik. İllər boyu davam edən münaqişəyə 44 gün müddətində son qoyuldu. İlk olaraq Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərə qatıldım. Bizdə heç bir qorxu hissi yox idi. Sadəcə şəhidlərimizin, qaçqınlarımızın qisasını almaq istəyirdik. Fürsət düşən kimi elə torpağın üstündə yatırdıq və bu, bizim üçün ən gözəl yuxu idi, çünki bu torpaq illər boyu həsrətində olduğumuz Vətən torpağı idi. Biz haqq, ədalət uğrunda mübarizə aparırdıq.

Səngərdə dostluq, qardaşlıq, həmrəylik yüksək səviyyədə idi. Həmrəyliyimiz, qardaşlığımız sayəsində bütün problemlərin öhdəsindən gələ bildik. Mənim üçün ən təsirli anlardan biri Hadrutda taqım komandiri Teymur Abbaslının şəhid olması xəbəri oldu. Onun ölüm xəbəri məni çox sarsıtdı. Digər təsirli bir an isə Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsindən olan əsgər Seymur Sərxoşovla olan xatirəmdir. Döyüşlər bir qədər səngimişdi. O, yaxınlaşıb soruşdu: "Komandir, yeməyə nə isə varmı?" Məndə isə bir ədəd şokolad var idi. Biz, şokoladı bölüb yedik. Bundan iki saat sonra Seymurun şəhid olması xəbərini aldım.

44 günlük müharibə zamanı tək məqsəd düşməni torpaqlarımızdan qovaraq azad, bütöv Azərbaycan yaratmaq idi. Neçə illər azərbaycanlı ayağı dəyməyən torpaqlara ilk qədəm qoymaq kövrəldici, eyni zamanda çox qürurverici bir hiss idi. Azad olunan yerlərə daxil olduqca dağıdılan yerləri görmək insana çox ağır gəlirdi. Lakin bu gün çox şükür ki, Qarabağımız dirçəlir. Bu yerlərdə ən müasir şəhərlər qurulur. Bu peşəni seçmək uşaqlıq arzum idi. Tankçı olmaq istəyirdim. Tank qoşunlarının komandanlığı üzrə komandirlik məktəbini bitirdim.

Hərbi xidmətdə insan vətəninə, xalqına, millətinə daha da bağlanır, kamilləşir. Daha sağlam, daha güclü olur. Bu bağlılıq və sədaqət hərb ilə bağlı müəyyən amillərdən qaynaqlanır. Hərbi xidmətdə yaşadığın ölkəni qorumağın vacibliyini dərk edirsən. Bu da insanda vətənpərvərlik hisslərini daha gücləndirir.

Silahlı Qüvvələr Günü mənim həyatımda ən gözəl günlərdən biridir. Peşəkar zabitlərin, əsgərlərin günüdür. Orduda karyera qurmaq istəyən gənclərə məsləhətim odur ki, birinci növbədə daim öz üzərlərində çalışsın, bilik-bacarıqlarını artırsınlar, ən əsası isə Vətəni səmimi-qəlbdən sevsinlər. Bu yolu seçən hər bir gəncə böyük uğurlar, daim sülh və əmin-amanlıq arzulayıram. Bütün hərbçilərlə, silah yoldaşlarımın hər biri ilə fəxr edirəm. Mən qürur duyuram ki, biz Vətəni qorumaq üçün birlikdə savaşmışıq.

Elxan QARAYEV,

Vətən müharibəsi iştirakçısı.