Böyük ehtiram bizi qürurlandırır
Ordu

Böyük ehtiram bizi qürurlandırır

Səbuhi İsgəndərli 25 iyun 2001-ci il tarixdə Tərtər rayonunda anadan olub. Ailəsi Şəkiyə köçdükdən sonra bu rayonda 18 saylı orta məktəbdə oxuyub. 2019-cu il iyul ayından Dövlət Sərhəd Xidmətinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılıb. Çevik hərəkət qüvvələrində xidmət etdiyi müddət ərzində intizamlı olub, verilmiş tapşırıqları dəqiq və vaxtında icra etməklə seçilib.

Səbuhinin uşaq vaxtlarından ən böyük arzusu Ermənistanın işğal etdiyi torpaqlarımızın azad olunması idi. Tərtər rayonunun təmas xəttinə yaxın olması və orada şahidi olduğu düşmən təxribatları bir gənc kimi ona da rahatlıq vermirdi. Məhz buna görə də Vətən müharibəsi başlayan kimi böyük həvəslə cəbhəyə yollanıb. Ölkəmizin İran İslam Respublikası ilə dövlət sərhədinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edərək döyüş meydanında da komandirlərinin rəğbətini qazanıb. Onun əsgər olduğu bölük Zəngilan rayonu ərazisində Sığırt yüksəkliyi istiqamətində hərəkət edərkən düşmən pusqusuna düşüb. Bir neçə saat ərzində döyüşərək yoldaşlarının pusqudan çıxmasına yol açıb. Döyüş meydanını tərk etməyən Səbuhi İskəndərli 2020-ci il oktyabrın 22-də qəhrəmancasına şəhid olaraq Şəki şəhərində dəfn edilib.

Yüksək döyüş rəşadəti və igidliyi ilə seçilən Səbuhi Yaşar oğlu İsgəndərli ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Anası Gülnarə xanım deyir: "Səbuhi 6-cı sinifdə oxuyanda doğulduğum Tərtər rayonuna getmişdik. Onda Səbuhi atasına dedi ki, mənə döyüşdüyün yerləri göstər. Birinci Qarabağ müharibəsi veteranı olan atası onun xahişini nəzərə alaraq arzusunu yerinə yetirdi, vaxtilə azadlığı uğrunda döyüşdüyü əraziləri göstərdi. O, evə qayıdandan sonra fikirli-fikirli dedi ki, ata, mən istəyirəm ki, böyüyüb əsgərliyə gedib, o torpaqlarımızı alım. Evimizdə olanların hamısı balaca uşağın bu sözlərinə güldü.

Səbuhi hamıya böyük hörmətlə yanaşardı. Onun xatirəsini əbədiləşdirmək üçün məhəlləmizdə adına bulaq tikəndə kiçik yaşlı uşaqlar da köməyə gəlmişdi".

Şəhid anası Gülnarə Mustafayeva "Vətən naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri olaraq şəhid ailələrinə mənəvi dayağı ilə böyük hörmət qazanıb. Çünki daim özünü qürurlu tutmaqla şəhid analarına mənəvi dayağı ilə də seçilir. Deyir ki, Qəbələ rayonunda şəhidin dəfn mərasimində iştirak etməklə anasına və əzizlərinə dayaq olmağa çalışdım. Şəhidin il mərasiminə məni də dəvət etmişdilər. Müəllim işləyən şəhid anası Könül xanım dedi ki, siz mənə ən çətin anımda son dərəcə böyük mənəvi dayaq oldunuz və dediniz ki, sən yaşamağa və şəhid oğlun Məhəmmədin adını yaşatmağa məcbursan, çünki qürurlusan. İndi məni o hisslər yaşadır.

İyunun 25-də şəhidimiz Səbuhinin 21 yaşı tamam olub. Şəhid anası bildirdi ki, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçməklə düşmənə qarşı son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olan igidlərimizə dövlət başçısı başda olmaqla xalqımızın böyük ehtiramı və ailəsinə göstərilən sonsuz diqqətdən şəhid anası olaraq çox razıyam. Çünki bizim xalq və vətən qarşısında müqəddəs borcumuz vətənpərvər oğul böyütməkdir.

M.QULUYEV,

"Respublika".