Buza döndü qələm, bozardı kağız
Mədəniyyət

Buza döndü qələm, bozardı kağız

Bütün varlığı ilə xalq ruhuna, saza-sözə köklənən şairi xatırladıqca ilk olaraq gözlərimiz qarşısına saz, söz, bir də şirin yumor gəlir. Həmişə milli-mənəvi dəyərləri yüksək tutan, xalq yaradıcılığını, sazı özündən çox sevən şairin məqsəd və məramı da bu olub. Lirik-realist üslubda yazan şair məhz elə onunla da məşhurlaşıb. Ağstafa rayonunun Yenigün kəndində dünyaya göz açan Hüseyn Hüseynzadə İkinci Dünya müharibəsində iştirak edib.

Bakı pedaqoji məktəbində, ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri, "Azərnəşr"in bədii ədəbiyyat redaksiyasında böyük redaktor, "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

Ədəbi fəaliyyətə də həmin illərdə başlayan şairin yaradıcılığının əsasını müharibə mövzusu və kənd həyatı təşkil edib. Orta məktəbi əlaçı oxuduğu üçün onu üçüncü sinifdən beşinci sinfə, sonra da yeddinci sinfə keçiriblər. Oxumağı sevən şairin həm də zəngin kitabxanası olub. Onun librettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M.F.Axundov adına Opera və Balet Teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə ovaxtkı M.Qorki adına Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuşdur. Şair 1971-ci ildə yazdığı "Dağ kəndi" poemasına görə isə "Qızıl oraq" mükafatına layiq görülmüşdür.

Hüseyn Arif həm də insanların yaddaşında, hafizəsində xoş əhvali-ruhiyyəli, şən insan kimi qalmışdır. Zahirən çılğın təəssürat yaradan şair daxilən həssas, qəlbi qəm-qüssə dolu insan olub və heç vaxt ətrafına vəziyyətini hiss etdirməyib. Yeganə oğlu Arifi vaxtsız itirməsi şairi daxilən sındırsa da, o, yenə də şən əhvali-ruhiyyə yaratmağa çalışmışdır. Ancaq oğlunun ölümündən sonra həyatı tamamilə dəyişir. O, daxilindəki kədəri hiss etdirməməyə çalışsa da, bu, onun yaradıcılığında aydın şəkildə sezilir. Yazdığı şeirlərin əksəriyyətini oğluna həsr etmişdir. Məhz Arif təxəllüsünü də oğlunun ölümündən sonra götürmüşdür. Elə bu səbəbdən də Xalq şairi hisslərini öz şeirində belə ifadə etmişdir:

Aləmi güldürən sözüm-söhbətim

Aləmi ağladan qəmim var mənim.

Övlad itkisinin ağırlığını çiyinlərində gəzdirən Hüseyn Arif həm də gerçək bir lətifə qəhrəmanı olub. Şairin şən, baməzə, hazırcavab insan kimi hər hərəkəti, danışığı maraqlı lətifəyə çevrilib. Hətta ən çətin situasiyalarda belə vəziyyətdən zarafat etməklə çıxıb.

Hüseyn Arif həm də gözəllik aşiqi olaraq qızlara, xanımlara şeirlər həsr edib. Deyilənə görə, aşıq Mirzənin qızı Bənövşəyə olan ilk məhəbbəti uğursuz olub. Şair əsgərlikdə olanda, qız başqası ilə ailə həyatı qurub. Özündən yaşda xeyli kiçik xanımla evlənsə də, sevgi şeirlərinin əksəriyyətində ilk sevgisi Bənövşəni xatırlayıb.

Hüseyn Arif poeziyasının, şeirlərinin mayası, mənbəyi xalq yaradıcılığından, elat ədəbiyyatından qaynaqlanıb. Yaradıcılığının kökünü aşıq poeziyası, xalq yaradıcılığı təşkil edib. Onun şeirləri həlim, yumşaq, həm də xalq ifadələri ilə zəngindir. Sətirlərə muncuq kimi düzülmüş misraları insanı yormur, incitmir. Bulaq suyu kimi qəlblərə axır, ürəyə süzülür. Folklor ədəbiyyatından, xalq yaradıcılığından güc alan şair öz şeirlərində Azərbaycanın hər qarış torpağını vəsf edir. Hüseyn Arifin şeirləri də ölkəmizin təbiəti kimi gözəl və rəngarəngdir. Bu şeirlərdə buludları dəlib deşən uca dağlar, bəzəkli xalçaya bənzəyən meşələr, göz yaşı kimi dumduru buz bulaqlar, Vətənin aranı, yaylağı təsvir olunur. O, həddən artıq təbiət vurğunu olub, ömründə dinclik nə olduğunu bilməyib. Evdən çox, dağda-daşda qalıb, gecələyib. Şairin qeyri-adi bənzətmələri, ifadələri, şeir dili oxucu məhəbbəti qazanıb.

Bulaqlar boynunda üşüdü yarpız,

Yarpaqlar budaqdan endi amansız - deyən Hüseyn Arif həm də oxucunu bu gözəllikləri görməyə səsləyib.

Gəl çıxaq seyrinə uca dağların,

Çəmən olan yerdə xalça nə lazım.

Gözündən su içək buz bulaqların,

Lilpar olan yerdə dolça nə lazım.

Bütün keyfiyyətləri, məziyyətləri və unikal xarakteri ilə Hüseyn Arif xalqın sevimlisi olub. Cəmiyyətdəki hörmətindən irəli gələrək, şairə el arasında "qağa" deyə müraciət ediblər. Şair həm də azad ruhlu, ipə-sapa yatmayan biri olub. Məsələn, ona ürəyi istəmədiyi nəyisə məcbur etmək qeyri-mümkün olub. Çünki o, dar kabinetlərdə yox, geniş, gözəl Azərbaycan təbiətində olmağı sevərdi. Xalq içində, el arasında olmaq ona daha xoş idi.

Hüseyn Arifin şeirlərinin ən həssas mövzularından biri də ana ilə bağlıdır. Şair ana məhəbbətini, ana qayğısını hisslərin ən alisi kimi qiymətləndirib, anaları müqəddəs varlıq, həyat eşqli, insanın ən gözəl dayaq nöqtəsi kimi vəsf edib. Anaları həyatın baş qəhrəmanı, hər əzab-əziyyətə dözən güclü, qüvvətli varlıq kimi görüb.

Özüm də bilmirəm, Hüseyn, niyə

Başımın tüstüsü çəkilir göyə?

Torpaqmı anasız qalmasın deyə,

Torpağın qoynuna köçür analar?

Hüseyn Arif "ölümün gözünün içinə dik baxan" insanlardan idi. Həyat eşqi ilə yaşayan şair ölümə də sevgi bəsləyib. Bu dünyadan köçməyi məğlubiyyət, acizlik bilməyib. Bütünlüklə Hüseyn Arif bu dünyanı da, o dünyanı da sevib. Təbiətdən güc alıb və təbiətə qayıdıb. Şair bu dünyaya əlvida deyib, haqq dünyasına köçdüyü zaman da təbiətlə təmasda, təbiət qoynunda olmağı seçib. 1924-cü il iyunun 15-də indiki Ağstafa rayonunun Yenigün kəndində anadan olan şair əbədi olaraq doğma el-obasına qovuşub. Hüseyn Arif 1992-ci il sentyabr ayının 14-də Bakıda vəfat etsə də, vəsiyyətinə uyğun olaraq doğulduğu kənddə dəfn olunub. Şair ölümündən sonra da üzü dağlara sarıdır.

Ramidə YAQUBQIZI,

"Respublika".