Azərbaycan və Gürcüstan Milli İncəsənət Muzeyləri arasında momerandum imzalanıb
Mədəniyyət

Azərbaycan və Gürcüstan Milli İncəsənət Muzeyləri arasında momerandum imzalanıb

Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələri inkişafına töhfə vermək məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

"Respublika" xəbər verir ki, sazişə əsasən hər iki nüfuzlu dövlət incəsənət muzeyi bir neçə istiqamətdə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin qurulması üçün müvafiq şəraitin yaradılması haqqında razılığa gəliblər.

Memorandum sərgi mübadiləsi, muzey işi ilə bağlı konfransların, seminarların, treninqlərin keçirilməsi, daşınar mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi; beynəlxalq proqramlar və layihələr çərçivəsində əməkdaşlıq və s. kimi məsələləri əhatə edir.

Qeyd edək ki, iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində bu ilin aprel ayının 12-də Tbilisidəki Dmitriy Şevardnadze adına Milli Qalereyada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisinin açılış mərasimi keçirilib.

Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar baş tutan sərgi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.