Qızılvəngli Aşıq Alı
Mədəniyyət

Qızılvəngli Aşıq Alı

Kökü yüzilliklərin dərinliklərindən gələn, zəngin musiqi və söz repertuarına, teatral keyfiyyətlərə malik olan ozan-aşıq sənəti dilimizin, ruhumuzun qorunmasında, milli istiqlal, milli dövlətçilik düşüncəsinin daşınmasında, qəhrəmanlıq, yurdsevərlik duyğularının aşılanmasında misilsiz rol oynamaqdadır. "Aşıq el anasıdır, haqqın səsidir" - qənaətində olan xalqımız yüzillər boyunca ustad sənətkarlarına xeyir-bərəkət, şadlıq gətirən ülvi bir simvol kimi yanaşmışdır. "Əli sazlı aşıq" - azərbaycanlıların şüurundakı bu obraz, milli mədəniyyətimizin ən ilkin təməl qatlarına dayanır, bu qatlarla sıx bağlanır.

Azərbaycan aşıq sənətinin ən parlaq simalarından biri də göyçəli Aşıq Alıdır. O, el-obada "əli qılınclı" şair adlanardı. Çünki bədahətən söz deməkdə əvəzi olmayan bu ustad aşıq sözünün çəkisi, sənətinin böyüklüyü ilə saz-söz meydanının qəhrəmanlarından biri olub.

Göyçədə və digər bölgələrdə az ailələr tapılar ki, orada Aşıq Ələsgərin ustadı olan Aşıq Alının insanlığı, bir şəxsiyyət kimi yüksək keyfiyyətləri, onun apardığı möhtəşəm məclislər barədə danışılmasın, xatırlanmasın. Bir sözlə, bütün aşıqsevərlərin Aşıq Alıya, nəhəng söz ustadına böyük sevgisi və məhəbbəti var.

Göyçə dağlarının qoynunda yerləşən Qızılvəng kəndində dünyaya göz açan söz xiridarı Aşıq Alı irsi təkcə ədəbi yaradıcılıqla məhdudlaşmır, ona həm də bir sıra aşıq havalarının yaradıcısı kimi istinad edirlər.

Alının ustadı Ağ Aşığın (Aşıq Allahverdi) xəbər-ətərsiz yoxa çıxmasına həsr etdiyi şeirdə ("Oldu") aralarındakı ustad-şəyird münasibətlərinin ata-bala qədər doğma və ülvi olduğu açıq-aydın görünür. Vəfalı şəyird kimi elm, ürfan əhli olan ustadının hicranına dözməyin onun üçün çətin, ağır olmasından bəhs edir. Belə bir kamil ustaddan dərs alan Alının sənət, xalq, el qarşısında bir xidməti də ənənəyə sadiq qalaraq öyrəndiyini, xalqdan aldığını özündən sonra gələn nəsillərə ötürməsi olmuşdur. Belə demək mümkündürsə, Ağ Aşıqdan aldığı dərs Aşıq Alı üçün sənət xəttiylə ona ötürülən bir el əmanətiydi və o, Aşıq Ələsgər kimi bir ustad yetişdirməklə həmin əmanəti ləyaqətlə özündən sonrakı nəsillərə qaytardı. Necə deyərlər, Göyçədə, dolayısıyla Azərbaycanda xalqın tikilisiz, binasız milli ruhu yaşadan məktəbi qorunub saxlandı. Təkcə qorunub saxlanmadı, o məktəb Alının simasında yeni çalarlar qazandı, inkişaf etdi. Aşıq Ələsgərin bir şəyird kimi xoşbəxtliyi onda idi ki, ustadı aşıq sənətində həm şeirləriylə, həm də uzun illər ərzində qazandığı elmi və fəhmiylə zirvədə dayanırdı. Bizə görə Aşıq Ələsgərin də bir sənətkar kimi yetişməsində Göyçə aşıq mühitiylə yanaşı, bu amil də mühüm rol oynamışdır.

Bir neçə kəlmə də Aşıq Alının şeirlərində işlətdiyi təxəllüslər haqqında qeyd edək. Aşıq Alı müxtəlif dövrlərdə öz şeirlərində Şeyx Alı, Təcnis Alı, Dədə Alı, Loğman Alı, təxəllüslərindən istifadə etmişdir. Lakin o, aşıq poeziyasında ancaq Aşıq Alı adı ilə şöhrətlənmişdi.

Şeirlərindən aldığımız məlumata görə, Alının sağlığında atası, oğlu İsmayıl və "butam" deyə vəsf etdiyi Bəsdi xanım dünyasını dəyişmişdir. İsmayılın ölümüylə bağlı el arasında söyləyirlər ki, o can üstə olanda gecə ayaqlarını arxda soyuq suya salıb Allaha dua edirmiş ki, balası ölməsin. Ancaq fələk sinəsinə bala dağı çəkir. Belə güman etmək olar ki, əzizlərinin ölümünə elegiya yazan Aşıq Alı anasının ölümüylə bağlı da şeirlər yazıb.

Alı Azərbaycanın İrəvan, Gümrü, Təbriz, Naxçıvan, Ərzurum, Dərələyəz, Qarabağ kimi mahallarında məclislər aparıb. Aşıq Alının şeirlərini oxuduqca onun nə qədər ilhamlı bir şair olduğuna şahidlik edirsən. Özünəməxsus, bənzərsiz misraları buğda sünbülü kimi doludur. "Camalın şəmsidir, xilqət səcdədə", misrasıyla başlayan "Eylər" şeirini oxuyanda dilimizdən belə ustalıqla istifadə etdiyinə görə müəllifin ruhuna rəhmət oxuyursan. Ustad aşığın şeirlərində misralar dil baxımından rəvan və hamardı. Aşağıda şairin müxtəlif şeirlərindən gətirdiyimiz misallar dediyimizə nümunədir: "Alı bülbül oldu, dünya qəfəsi", "Yar üçün gül dərib tutan əlindən", "Yarpaq titrəməsin, şax inciməsin", "Qəm çəkdim bazara, alan olmadı", "Şanə bil zülfünə badi-səbanı...".

Xalq danışıq dilindən ustalıqla istifadə etməsi, şeirlər yazması onun sənətinə olan xalq sevgisini şərtləndirən əsas amildir. Təcnislərinə heyran qalırsan. Şair bəzən təcnisi üç cinas sözdən qurub.

Divaniləri Aşıq Alının öz dövrünə görə dərin bilikli bir şəxs olduğuna aydın işıq salır. Aşıq şeirinin bu janrında həm dünyəvi elmlərdən, həm də dindən gəlmə mətləblər yer almışdır. Alının idarə etdiyi el məclislərində tam hazırlıqlı, dolu bir aşıq olduğu görünür. Bir şeirindən götürülən aşağıdakı beytdən onun sənətinə nə qədər tələbkar yanaşdığı görünür:

Ölüm haqdı, çıxmaq olmaz əmrdən,

İpək tora halqa salma dəmirdən.

Aydır, gündür gəlib keçir ömürdən

Tələsirik, görən yaza nə qaldı?!

***

Eşiyə çıxıram, hava məxşuşdu,

Gəzdiyim oylaqlar yadıma düşdü.

Bir gün eşidərsən: Alı da köçdü,

Sındı telli sazım, təzanə qaldı.

Ömrünü xalqın xeyir-şərində keçirdi, ağrılarına acıdı, sevinclərinə şərik oldu. Aşıq Alı irsində müəllif obrazı, bəlkə heç bir aşıqda görmədiyimiz şəkildə canlı və çoxcəhətlidir. Aşıq sənətinin yazılı sənətdən götürdüyü bir cəhət - mətndə müəllifin bəlli olması Aşıq Alı yaradıcılığında daha çox hiss edilən və daha tez gözəçarpandır.

Aşıq Alı ilhamı sərhəd bilməyib. O, aşıq kimi ən gözəl aşıq, şair kimi ən gözəl şair olub. Göyçə şeirlərində dağlarının bütün fəsillərdə ən canlı mənzərələrini çəkmişdir. Bu şeirləri oxuduqda ulu dağlarımızın min bir rəngi göz önündə canlanır, xəyal qartal kimi qanadlanır, ürək sərinlənir. Bu, sadəcə təsvir deyil, canlı obrazdır. Bu rəsmlərdə böyük məhəbbət, iftixar və əzəmət vardır. Təkcə ədəbiyyatımızın deyil, incəsənətimizin də xəzinəsində qiymətli incidir. O, özü-özünə əbədi heykəl qoymuş, mənalı ömrü mahnılara çevrilmişdir.

Aşıq Alı 1911-ci ildə doğma kəndi Qızılvəngdə dünyasını dəyişmişdir. Sovetlər dövründə Hüseyn Arifin, Mikayıl Bayramovun təşəbbüsü ilə saz və söz ustadı Aşıq Alının doğma kəndlərində büstü qoyulmuş, Göyçədə "Aşıq Alının fəlsəfi dünyası" adlı tədbir keçirilmiş, bu tədbirdə görkəmli el aşıqları və folklorşünaslar iştirak etmişlər.

Azərbaycan aşıq sənətinin yaranmasında, formalaşmasında və inkişaf etdirilməsində Göyçə aşıq məktəbinin yetirməsi, korifey ustad kimi tanınan Aşıq Alının xidmətləri əvəzsizdir.

Qədir ASLAN,

"Respublika".