Bundestaqın deputatı: Almaniya ərazi bütövlüyü və sülh məsələsində Azərbaycanla birlikdədir
Siyasət

Bundestaqın deputatı: Almaniya ərazi bütövlüyü və sülh məsələsində Azərbaycanla birlikdədir

Milli Məclisin sədri Sahibə Qafarova martın 1-də Almaniya Bundestaqının Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Bekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Qafarova bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə töhfə verəcəyinə ümidvar olduğunu deyib. O, Azərbaycanla Almaniyanın dost və tərəfdaş ölkələr, hər iki tərəfin ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.

Sahibə Qafarova hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri, münasibətlərin normallaşdırılması, etimad mühitinin yaradılması və sülhün təsis edilməsi üçün vacib əhəmiyyət daşıyan məqamlar barədə qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqlarda Almaniyanın neytral mövqeyini müsbət qiymətləndirib.

Ermənistan yalan və həqiqətdən uzaq iddialarla çıxış etdiyi, beynəlxalq ictimaiyyəti yanlış məlumatlandırmağa çalışdığı Almaniya nümayəndə heyətinin diqqətinə çatdırılıb. Bildirilib ki, bu gün Qərbdəki bəzi dairələr Azərbaycanın guya Ermənistana hücum edəcəyi haqda absurd, yalan iddialar ortaya atır, lakin onların heç bir əsası yoxdur. S.Qafarova işğal altındakı ərazilərin ermənilər tərəfindən dağıdılması, azad olunduqdan sonra həmin torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı, həmçinin Azərbaycanın irəli sürdüyü sülh prosesi barədə məlumat verib. Deyib ki, sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur.

Milli Məclisin sədri Almaniya nümayəndə heyətini Qərbi Azərbaycandan qovulmuş soydaşlarımız barədə də məlumatlandırıb.

Elizabet Vinkelmayer-Beker öz növbəsində regiona səfərlərinin məqsədləri barədə məlumat verib.

O, sülh sazişinin imzalanması, etimad mühitinin yaradılması üzrə danışıqları dəstəklədiklərini bildirib. Deyib ki, Almaniya ərazi bütövlüyü və sülh məsələsində Azərbaycanla birlikdədir. Komitə sədri vurğulayıb ki, Qarabağ beynəlxalq hüquq baxımından hər zaman Azərbaycanın ərazisi olub. Elizabet Vinkelmayer-Beker ümidvar olduğunu bildirib ki, aparılan danışıqlar müsbət nəticə verəcək və tərəflər arasında sülh sazişinin imzalanması mümkün olacaq.

Görüşdə ikitərəfli əməkdaşlıq, parlamentlərimiz arasında münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.