Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb
Digər xəbərlər

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi  mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, 2024-cü ilin əvvəlindən bu günə qədər Radiotezliklər üzrə Dövlət Komissiyasına 25 müraciət daxil olub.

Onlardan 11-i radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 4-ü simsiz giriş şəbəkələri, 4-ü gəmilərdə istifadə edilən radio avadanlıqlar, 5-i GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi üçün radiotezliklərin ayrılması ilə bağlı olub. 1 müraciət isə hüquqi şəxsin adında dəyişikliklə əlaqədar edilib.

Dövlət Komissiyasının iclasında 19 müraciət müsbət cavablandırılıb və müvafiq icazələr verilib. 5 müraciətçiyə isə alternativ tezlik resurslarından istifadə etmək təklif edilib.

Bundan başqa, Dövlət Komissiyasının müvafiq qərarları ilə əvvəlki iclaslarda tezliklərin ayrılmasına icazə verilmiş, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq könüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq imtina edən 3 hüquqi şəxs üçün Dövlət Komissiyasının tezlik ayrılması barədə qərarları ləğv edilib. Ümumilikdə 7 ədəd tezlik resursu (radiotezlik nominalı) dövlət resursu kimi geri alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 4 may tarixli 2622 nömrəli Sərəncamına əsasən yaradılmış Radiotezliklər üzrə Dövlət Komissiyası radioelektron vasitələrdən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyinin artırılması məqsədilə radiotezlik spektrinin bölünməsi və ayrılması sahəsində vahid siyasətin hazırlanmasını, həyata keçirilməsini təmin edir, həmçinin beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası radioxidmət idarələrinin hüquq və mənafelərinin müdafiəsi ilə bağlı işləri təşkil edir.

“Respublika”.