Fransa Qarabağda separatizmi dəstəkləyir
Digər xəbərlər

Fransa Qarabağda separatizmi dəstəkləyir

Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neokolonializm meyillərinin artmasından narahatlığını ifadə edərək demişdir: "Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır... Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır".

Müstəmləkəçi Fransanın Azərbaycan ərazisində yaşayan ermənilərə xüsusi status verilməsini tələb etməsi gülünc doğurur. Belə ki, vaxtilə işğal etdiyi ölkənin 10 milyondan çox əhalisinə muxtariyyət belə verməyən, ona heç bir aidiyyəti olmayan məsələ ilə bağlı canfəşanlıq edərək işğalçı dövlətin müdafiəsində duran Fransanın öz siyasətində hansı meyillərə üstünlük verdiyi bütün dünyaya bəllidir. Azərbaycan ərazilərində yaşayan ermənilərə can yandıraraq onların "haqlarını müdafiə edən" bu "humanist" dövlətin Korsika adasında yaşayan 350 mindən çox insana etdiyi zülmlər, işğalçılıq əməlləri insan hüquq və azadlıqlarının pozulmasının ən bariz nümunəsidir. Korsikada yaşayan adalılar daim müstəqillik qazanmaq uğrunda mübarizə aparmış, bu mübarizə dövlətə qarşı silahlı müqavimətə də çevrilmişdir. Müstəqilliyinə qovuşmaq istəyən korsikalılar hər zaman fərqli dinə, dilə, mədəniyyətə, milli dəyərlərə sahib olduqlarını, fransız olmadıqlarını bildirmiş, korsika dilinə fransız dili ilə eyni statusun verilməsini tələb etmişlər. Lakin Korsikanı koloniya kimi idarə edən Fransa onlara müstəqillik verilməsi, muxtariyyətin genişləndirilməsi, Fransa Konstitusiyasında Korsika üçün xüsusi yer ayrılması, "Korsika dili"nin Fransa konstitusiyasında rəsmi dil kimi təsbit olunması və s. tələblərini yerinə yetirməmiş, korsikalıların hüquqlarını heçə sayaraq əməli addım atmamışdır. Əksinə, hər il bura minlərlə fransız yerləşdirilərək ada "fransızlaşdırılır". Öz müstəqilliyini tələb edən korsikalılar rəsmi Paris tərəfindən terrorçu adlandırılır.

İşğal etdiyi ərazilərin milyonlarla ə

halisinə muxtariyyət verməyən Fransa müstəqil siyasət yürüdən, hər zaman humanist ideyalara sadiqlik nümayiş etdirən dövlətimizin daxili işlərinə müdaxilə edir, birmənalı olaraq hüququ çatmayan məsələlərə qarışaraq Azərbaycan ərazilərində yaşayan ermənilərə xüsusi status tələb edir. Bu barədə ölkə başçımız Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə demişdir: "Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil".

Sözü ilə əməli bir olan, üzərinə götürdüyü öhdəliyi yerinə yetirən Azərbaycan Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olması, region xalqlarının təhlükəsiz şəraitdə yaşaması naminə əsrlər boyu xalqımıza qarşı düşmənçilik siyasəti yürütmüş Ermənistanla münasibətlərini normallaşdırmaq üçün ciddi addımlar atır. Lakin qərarlarını təkbaşına vermək iqtidarında olmayan qonşu dövlət Fransa, İran kimi təxribatçı ölkələrin çaldığı havaya oynayır. Bu ölkələrə isə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması heç bir şəkildə sərf etmir. İki ölkə arasında sülhün, barışın mövcud olduğu halda İran Cənubi Qafqazda mövqelərinin zəifləməsindən, Fransa isə erməni lobbisindən əlini üzəcəyindən qorxur. Bu səbəbdən də Ermənistanı əlində bir vasitə kimi saxlayan bu ölkələr Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmaması, regionda sülhün təmin olunmaması üçün əllərində gələni edirlər. Ermənistan isə bunu hələ də dərk etmir, anlamır ki, nə Fransa, nə İran Ermənistan sevgisindən deyil, öz mənafelərindən ötrü onun işğalçılıq siyasətini dəstəkləyir, "məzlum erməni xalqını" müdafiə edirlər. Regionda sülhü, təhlükəsizliyi istəməyən, iki ölkə arasında münasibətlərin normallaşmasına rəvac verməyən ermənipərəst qüvvələrin Qarabağda yaşayan erməni əsilli vətəndaşlara status verilməsi tələblərinə isə dövlət başçımız Azərbaycan vətəndaşı olan ermənilərə azərbaycanlılardan fərqli heç bir statusun verilməyəcəyini və hər zaman olduğu kimi, hüquqlarının və təhlükəsizliklərinin qorunacağını, cəmiyyətimizə inteqrasiya olunmaları üçün hər cür şəraitin yaradılacağını dəfələrlə vurğulamışdır: Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan Konstitusiyası ilə müəyyən olunmuş bütün hüquq və azadlıqlar onlara da şamil olunur. Bundan əlavə, onlara veriləcək heç bir statusdan söhbət belə gedə bilməz. Bu məsələlərlə bağlı Azərbaycan kimliyindən, vəzifəsindən asılı olmayaraq, heç kimlə dialoq aparmayacaq. Qarabağdakı ermənilərin içindən çıxmış və onları təmsil edən şəxslərlə dialoq aparıla bilər. Bu məqsədlə, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş millət vəkili Ramin Məmmədov mart ayının 1-də Xocalı şəhərində Qarabağda yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüş və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq ölkəmizə reinteqrasiyalarına dair ilkin müzakirələr də aparılmış, təmasların davam etdiriləcəyi vurğulanmışdı. Görüşlərin davamı olaraq infrastruktur layihələrin reallaşdırılması məsələlərinin müzakirəsi üçün Bakıya dəvət olunsalar da onlar bunu qəbul etməmişlər. Sözsüz ki, Ermənistanda buna hər vəchlə mane olan separatçılar var və Fransa kimi ölkələr də onları dəstəkləyirlər. Lakin uzaqgörən, düşünülmüş, məqsədyönlü siyasət yürüdən, qətiyyətli Azərbaycan Prezidenti nəyi, necə etməyi çox yaxşı bilir. Ölkə başçısının həyata keçirdiyi dövlət siyasətinin əsasında ölkə vətəndaşlarının bərabər hüquqa malik olması və onların rifah halının yüksəldilməsi mühüm yer tutur və Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının reinteqrasiyası zamanı ölkəmizin qanunları ilə bütün imtiyazlar onlara da şamil olunacaq. Bunu dövlət başçımız dönə-dönə bildirir.

Mehparə ƏLİYEVA,

"Respublika".