BMT
Digər xəbərlər

BMT "ASAN xidmət" təcrübəsini qabaqcıl model kimi təşviq edir

BMT -nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin "Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tətbiqi və xidmətlərin daha effektiv göstərilməsi üçün vahid məkandan xidmət göstərən mərkəzlərin dizaynı" nəşrində "ASAN xidmət" modeli dövlət xidmətləri sahəsində ən qabaqcıl təcrübələr arasında göstərilir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, həmin materialda vahid məkandan xidmət göstərən mərkəzlərin vacibliyi qeyd olunur. Eyni zamanda, bu cür mərkəzlərin qurulması prosesi zamanı ortaya çıxan çətinliklər, hazırlanan strategiyalar və müxtəlif dövlətlər tərəfindən müvafiq sahə üzrə görülən işlərdən bəhs olunur və uğurlu təcrübələr qeyd olunur.

Nəşrdə Azərbaycanda dövlət xidmətlərinin qabaqcıl idarəetmə prinsipləri əsasında göstərilməsində, səmərəliliyin artırılmasında və həmin istiqamətdə əlçatanlığın təmin olunmasında "ASAN xidmət"in müstəsna əhəmiyyətindən söhbət açılır.

Bundan əlavə, "ASAN xidmət"in 2015-ci ildə BMT Dövlət Xidmətləri Mükafatının "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında 1-ci yerə layiq görüldüyü bildirilir. Azərbaycanda dövlət idarəçiliyi sahəsində aparılan uğurlu islahatların tərkib hissəsi olaraq "ASAN xidmət"in korrupsiyaya qarşı mübarizə, eləcə də bürokratiyanın aradan qaldırılması istiqamətində mühüm rol oynadığı vurğulanır.

Nəşrdə Səyyar ASAN xidmətin, ASAN könüllülərinin fəaliyyəti barədə də məlumat verilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "ASAN xidmət" mərkəzlərinin açılış mərasimlərində şəxsən iştirak etməsinin dövlət xidmətlərinin qabaqcıl idarəetmə prinsipləri əsasında göstərilməsinə, səmərəliliyin artırılmasına və bu istiqamətdə əlçatanlığın təmin olunmasına Azərbaycan dövləti tərəfindən verilən önəmin göstəricisi kimi qeyd olunur.

Əlavə olaraq sənəddə Vyetnam, Keniya, Qazaxıstan, Gürcüstan, Koreya, Sinqapur kimi ölkələrin dövlət xidmətləri sahəsində olan təcrübələrindən bəhs edilir.

Qeyd edək ki, nəşrin məqsədi vahid məkandan xidmət göstərilməsi sistemi və dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqinin təşviqidir.

Nəşrə keçid: https://bit.ly/3YiNIo6