Bizim and yerimiz
Region

Bizim and yerimiz

Ağstafa rayonunda da vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan igid, cəsur və qorxmaz oğlanlarımızın xatirələrinin əbədiləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu günlərdə Ağstafa şəhərində Vətən müharibəsi şəhidimiz Nihad Adil oğlu Abdullayevin xatirəsinə inşa olunmuş bulaq kompleksinin açılış mərasimi olmuşdur.

Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov İcra Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbər işçiləri, şəhidin ailə üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları xatirə kompleksinin önünə gül-çiçək dəstələri qoymuş, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

Abdullayev Nihad Adil oğlu 13 aprel 2002-ci ildə Ağstafa şəhərində anadan olmuşdur, 2008-2019-cu illərdə Ağstafa şəhər 1 saylı tam orta məktəbdə təhsil almışdır. Nihad həqiqi hərbi xidmətini Ağcəbədi rayonunun Minəxorlu kəndinin "N" saylı hərbi hissəsində keçirib. 27.09.2020-ci ildə İkinci Qarabağ müharibəsində iştirak edən Nihad qızğın döyüşlərin birində ağır yaralanmışdır. Bunu ailəsinə bildirməmişdir. O, ayağından, qolundan qəlpə yarası almışdır. Yaralı vəziyyətdə döyüş yoldaşlarını tək qoymur, təzədən döyüş bölgəsinə yollanır. Xocavənd uğrunda gedən döyüşlərdə 3 silahdaş yoldaşını xilas edib. Döyüş bölgəsindən 3 əsgəri çıxardıb. Nihad 3-cü döyüşçünü xilas edən zaman yanlarına düşmənin atdığı qumbara düşmüşdür. Hər ikisi 8 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışlar. Qeyd etmək lazımdır ki, şəhid Nihadın əmisi Abdullayev Bayram da Birinci Qarabağ müharibəsində şəhid olmuşdur. 11 noyabr 2020-ci ildə Nihad Abdullayev Ağstafa Rayon Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək şəhidlik zirvəsinə ucalmış Nihad Abdullayevin keçdiyi döyüş yolundan geniş danışmışdır.

Şəhidin valideynləri, eləcə də digər çıxış edənlər Nihad Abdullayevin göstərdiyi qəhrəmanlıqlardan danışmışlar. Qeyd olunmuşdur ki, dövlət başçısı İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərə və bu qəbildən olan digər insanlara diqqət və qayğı göstərirlər.

Tədbirdə məktəblilərin ifasında Vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilmişdir.

Vəli VƏLİYEV,

"Respublika".