Birgə əməkdaşlığa dair niyyət protokolu
İdman

Birgə əməkdaşlığa dair niyyət protokolu

Fevralın 29-da Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyası (AVF) arasında birgə əməkdaşlığa dair niyyət protokolunun imzalama mərasimi keçirilib.

MOK-un inzibati binasında təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və adıçəkilən qurumların  nümayəndələri iştirak ediblər. Mərasimi MOK-un beynəlxalq  proqramlar idarəsinin müdiri Mehman Kərimov açaraq qarşılıqlı əlaqələrdən və bu günə qədər həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra birgə layihələrin icrasına dair videoçarx nümayiş olunub.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Voleybol Federasiyasının son illərdə həyata keçirdiyi layihələrin təqdirəlayiq olduğunu bildirib və əvvəlki illərdə bu qurumla əməkdaşlıqdan ətraflı söz açıb.

AVF-nin prezidenti Şahin Bağırov çıxışında  birgə əməkdaşlıqdan məmnun olduğunu bildirib və MOK-la bu əməkdaşlığın ölkəmizdə voleybolun inkişafına daha da təkan verəcəyinə inandığını diqqətə çatdırıb: "Olimpiya hərəkatının bir hissəsi olmaq, voleybolu orada təmsil etmək bizim üçün önəmlidir. Olimpiya hərəkatı ilə bağlı bütün proseslərdə, məşqlərin gerçəkləşməsində, idmançıların təlim-məşq toplanışlarında iştirak etməsində, onların beynəlxalq turnirlərə göndərilməsi məsələlərində Milli Olimpiya Komitəsinin dəstəyi bizim üçün faydalı olacaq. Bütün bunlardan yararlanaraq nəticələrimizin daha yaxşı olmasına çalışacağıq".

Sonra MOK-un Beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov "Kompleks İnkişaf Modeli" haqda təqdimatla çıxış edib. Tədbirin sonunda Milli Olimpiya Komitəsi ilə Azərbaycan Voleybol Federasiyası arasında birgə əməkdaşlığa dair niyyət protokolu  imzalanıb. Müqaviləyə əsasən tərəflər voleybol idman növünün Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydalarına uyğun hərtərəfli və sistemli inkişafı üçün məşqçi hazırlığı, idmançıların yetişdirilməsi, ehtiyat qüvvənin hazırlanması, həmçinin digər sahələrdə əməkdaşlığa dair fəaliyyətlər və tədbirlər həyata keçirəcəklər. Voleybol üzrə milli, yaxud regional mərkəzin yaradılmasına dair strateji fəaliyyət planının hazırlanması, beynəlxalq səviyyəli məşqçi hazırlığı kurslarının təşkili, müvafiq idman növü üzrə gənc istedadların müəyyən olunması, yeniyetmə və gənclər, o cümlədən məktəblilər arasında voleybolun təbliği və təşviqi də müqavilədə öz əksini tapıb.

Tədbirin sonunda jurnalistlərə açıqlama verən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qeyd edib ki, Azərbaycan Voleybol Federasiyası ilə bağladıqları sözləşmə  ölkədə voleybolun inkişafına daha da təkan verəcək. O, həmçinin basketbol, həndbol federasiyaları ilə əməkdaşlıq edəcəklərini, o cümlədən AFFA ilə də müəyyən işlərin həyata keçirilməsinin  nəzərdə tutulduğunu bildirib. 

Musa BAĞIRLI,

"Respublika".