İDMAN DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN DAİM ZİRVƏLƏRDƏ

Taekvondoçularımız 2 medal qazanıb

Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında 2 medal qazanıb. Yığma komandamız yarışın ikinci günündə 1 qızıl və 1 bürünc mükafata sahib olub. Şəms Əlizadə finalda serbiyalı idmançını 2:0 hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib və Belqradda Azərbaycanın Dövlət Himnini səsləndirib. Yığmanın digər üzvü İlyas Hətəmli son görüşündə 1:2 hesabı ilə uduzaraq Avropa birinciliyini 3-cü pillədə tamamlayıb.

Boksçumuz finala yüksəlib

Serbiyanın Çaçak şəhərində 15 ölkənin iştirak etdiyi boks üzrə "Qızıl əlcək" beynəlxalq turnirində yarımfinal mərhələsinin döyüşləri keçirilib. Milli komandanın üzvü 60 kiloqram çəkidə mübarizə aparan Ümid Rüstəmov bütün mərhələləri adlayaraq finala yüksəlib. Onun rəqibi Rusiya təmsilçisi olacaq.  Ruslan Rüstəmovla (63,5 kiloqram) Kamran Şahsuvarlı (75 kiloqram) isə "Qızıl əlcəy"i bürünc medalla başa vurublar.

Akrobatlarımız finalda

Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında finala yüksəliblər. Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) balans hərəkətlərində finala vəsiqə qazanıblar. Daha əvvəl isə Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü balans, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük isə temp hərəkətlərində qızıl medal əldə ediblər.

İdmançılarımız Qətər açıq çempionatında mübarizə aparacaqlar

Azərbaycanın taekvondo yığması Dohada keçiriləcək Qətər açıq çempionatında iştirak edəcək.

Üç gün davam edəcək yarışda Azərbaycan böyüklərin mübarizəsində təmsil olunacaq. Kişilərdən ibarət millimizin tərkibində Səyyad Dadaşov (54 kiloqram), Qaşim Maqomedov (58 kiloqram), Pərviz İskəndərov (63 kiloqram), Cavad Ağayev, Əliəskər Əliyev (hər ikisi 74 kiloqram), Eltac Qafarov (80 kiloqram), Həmidreza Badrialiabadi və Milad Beiqi Harçeqani (hər ikisi +87 kiloqram) yer alıb. Qadınların mübarizəsində isə Minayə Əkbərova (49 kiloqram), Səmərrux Osmanova, Səidə Əliyeva (hər ikisi 53 kiloqram) və Fatimə Məcidova (67 kiloqram) dayanq üzərinə çıxacaqlar. Qeyd edək ki, oktyabrın 21-də start götürəcək yarışda Azərbaycan taekvondoçuları bir gün sonra - oktyabrın 22-də mübarizə aparacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".