İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Üzgüçümüzdən dünya çempionatında bürünc medal

Raman Salei dünya çempionatının bürünc medalını qazanıb. Üçqat paralimpiya çempionu Raman Salei Mançesterdə keçirilən dünya çempionatında 50 metr sərbəst üzmə növündə 24.40 saniyə nəticə göstərərək yarışın bürünc medalına sahib çıxıb. Qeyd edək ki, Raman Salei dünya çempionatında üçüncü medalını qazanır. Daha öncə keçirilən yarışlarda idmançımız gümüş və bürünc medallara layiq görülüb.

 

İdmançımız ölkə rekordunu yeniləyib

Lamiyə Vəliyeva Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında Azərbaycan rekordunu yeniləyib. Azərbaycanlı atlet 400 metr məsafəyə qaçışda yarımfinal mərhələsində iştirak edib, 54.83 saniyə göstərici ilə Azərbaycan rekordunu yeniləyib. Amma bu nəticə finala yüksəlmək üçün yetərli olmayıb və Lamiyə yarımfinalda mübarizəni dayandırıb.

 

İki güləşçimiz dünya çempionu olub

Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb. 45 kiloqram çəki dərəcəsində Turan Daşdəmirov və 60 kiloqram çəki dərəcəsində Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 92 kiloqram çəki dərəcəsində mübarizə aparan Mikayıl İsmayılov isə bürünc medala sahib olub. Daha əvvəl yunan-Roma güləşçilərindən Yusif Əhmədli (65 kq) mundialı gümüş medalla başa vurub. Azərbaycan millisi 108 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. İran (113) birinci, Gürcüstan (96) isə üçüncü yeri tutub. Dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız medalların əyarına görə, son 4 ilin ən yaxşı nəticəsinə imza atıb. Qeyd edək ki, çempionatda ölkəmizi təmsil edən millimiz Vətənə qayıdıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".