Qərbin qərəzli təzyiq oyuncağı
Siyasət

Qərbin qərəzli təzyiq oyuncağı

Ölkəmiz 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasına üzv olandan sonra ötən dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Bu isə beynəlxalq riyakarlığın təzahürüdür. Hazırda AŞPA adlı qurum təzyiqetmə alətindən başqa bir funksiyaya malik deyil. Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkofob təfəkkürlü nümayəndələrinin düşərgəsidir. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.

"İkili standartlar" siyasətindən kənara çıxa bilməyən AŞPA 23 oktyabr 2023-cü il tarixində "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edib, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirib, "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən ciddi narahatlığını bildirib.

Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının qış yarımsessiyasının açılışında ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrinin təsdiqlənməməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir. Frank Şvabe çıxışında "100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib". Qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi faktdır. AŞPA-nın sabiq və fəaliyyətdə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Bəllidir ki, Fransa və Almaniya tandem şəklində çıxış edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə cəhd göstərir. Bütün bunlar həmçinin onu göstərir ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır. AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil və bu Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır.

Qərəzli və ünvanlı sifarişləri icra edən qurum olan AŞPA Azərbaycan dövlətinin müstəqil siyasətini, Ermənistanı məğlub edib, tam suverenliyimizi bərpa etməsini həzm edə bilmir. 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Ermənilərin "blokadada yaşadıqları"nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan verməyib.

AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin təsdiqlənməməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə "siyasi məhbus"ların olması ilə əlaqələndirsə də, əsas səbəb Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasəti yeritmələridir. Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir.                             

Cavid OSMANOV,

Milli Məclisin deputatı.